Kanal D-də “Vətənim sənsən” adlı yeni serial başlanıb. Balkan savaşı və İzmirin işğalı tarixində baş verən hadisələrdən bəhs edir. Xüsusi olaraq, serial həvəskarı deyiləm və nadir hallarda aylarla uzanan hekayətləri izləməyə səbrim çatır. Amma bəzən yaradıcı qrup siyahısındakı adlar adamın marağını çəkib ekrana kilidləməyə yetir. Beləcə, dünən yeni serialın iki bölümünü izlədim. Bənzər hadisələri həyatında yaşamış biri olaraq çox təsirləndiyimi etiraf edirəm. 1912-ci il Osmanlı tarixinin ağır savaşları zamanı Selanikdə baş verən qanlı hadisələr üzərində qurulan ssenari o qədər tanış gəldi ki… Savaş, işğal, qorxu, ölüm, xəyanət…Bütün bunları yaxın tariximizdə biz də yaşadıq, bəli. Doğulduğum, böyüdüyüm, ən gözəl xatirələrimi yaşadığım ana yurdum da bu oyunların qurbanı oldu. Film Balkan savaşlarından bəhs edir, amma içində türk coğrafiyasının bütün faciələri əks olunub, sanki. Bir az Kərkük-Mosul, bir az Qarabağ, bir az Doğu Türküstan, bir az Təbriz ağrısı var serialın içində. Bir də, anonsunu bir ay öncədən duyunca adı diqqətimi çox çəkmişdi filmin. İlk bölümü izləyincə sirli kodu tapdım, deyəsən. Ssenari müəlliflərinin filmin adını Füzulinin bu şeirindən çıxardığını inandım:
Edəməm tərk, Füzuli, səri-kuyin yarın,
Vətənimdir, Vətənimdir. Vətənimdir, Vətənim.
Yanılmış olsam belə, uğurlu tapıntıdır, düşünənə alqış! Ad həm də Füzulini xatırlatdığına görə fikrimdə ilişib qaldı. Şairin vətəni yenə qanlı savaşların içində. Mosulda türkmən qətliamı gedir. İraq türkmənlərin lideri Erşat Salihi aylardır haray çəkir -“can Azərbaycan, hardasan?” İnsan çarəsiz, əli yerdən-göydən üzülmüş, “qardaş, gəl” deyib haray çəkir. “Türkiyədən yetərincə dəstək görmədik…Azərbaycan hökuməti isə bizə heç sahib çıxmadı” deyib şikayətlənir Salih bəy. “Dəfələrcə Azərbaycan hökumətinə səsləndim ki, burada sənin bir xalqın var. Bakıdakı türk Kərkükdəki türk kimi danışır, heç bir fərqimiz yox. Amma bu günə qədər başımıza gələnlərlə bağlı sayın İlham Əliyevdən qınama mesajı da görmədik.”
Bəli, ordakı türklər özbəöz qan qardaşlarımız. Kərkük Bakı, Bakı Kərkük kimidir. Ötənlərdə Türkiyədəki dostlarımızdan biri “necə işdir, İraq tükmənləri bizə daha yaxın, amma ləhcəcə tam sizin kimi danışırlar” dedi. Bunun açıqlaması yaşadığımız tarixin yüzillikləri içində açıq-aydın yazılıb. Füzuli ilə bağlı tarixi gerçəkləri araşdıran tədqiqatçı-alim Paşa Kərimovun bu fikirləri bütün o sirlərə aydınlıq gətirir: “Osmanlı dövlətində ən məşhur şair Füzuli idi… Füzuli anadan olanda Bağdad şəhəri Ağqoyunlu dövlətinin əlində idi. Füzulinin gənclik yaşlarında Bağdad Səfəvilər dövlətinin – şah İsmayılın, yetkinlik yaşında və öləndə isə Osmanlı dövlətinin əlində idi. Füzuli Osmanlı dövlətinin vətəndaşı kimi vəfat edib. Amma əvvəllər başqa dövlətlərin də vətəndaşı olub, çünki Bağdad əldən-ələ keçib. Bax, o vaxt belə bir vəziyyət yaranıb…”
Bəli, işin əslinə baxsan, İraq türkmənlərinin bizdən qardaş köməyi gözləməsindən təbii heç nə ola bilməz. Ancaq məsələnin kökünə gedincə, başda oturan ağzıgöyçəklər deyir ki, özümüz nə haldayıq, türkmənlərə nə kömək edək. Deyən gərək, nə haldasınız ki? Kefiniz kök, damağınız çağ, varidatınızı, mal-mülkünüzü top dağıtmaz. Xaricdə tikdirdiyiniz, təmir etdirdiyiniz, bərpasına dəstək verdiyiniz obyektlərin də sayı-hesabı yox. Hələ arada Venesuela kimi gəmisi batanlara da görüm-baxım edirsiniz. Yəni bu türkmən qardaşlarımız Madura qədər də olmadımı? Yaxşı, hələ maddi kömək o yana qalsın, bəs mənəvi dəstəyə nə söz? Arada iki kəlmə mesaj verib yanlarında olduğumuzu ifadə etmək bu qədər çətindirmi, yəni? Çətin deyil, amma can yanmasa, gözdən yaş çıxmaz deyirlər. Kimin kim olduğu, kimin yanında olduğu ortada. Türkmənlər bunların niyə yadına düşsün ki?