«Aprelin 20-dən Heydər Əliyevin adamları Ali Sovetin qarşısında mitinq keçirməyə başlamışdılar»
Keçmiş müdafiə naziri Rəhim Qazıyev bugünlərdə videomüraciət yayaraq, Şuşanın işğalı ilə bağlı onun haqqında söylənilən ittihamların əsassız olduğunu bəyan etmiş, bu istiqamətdə istənilən acı suala cavab verəcəyini bildirmişdi. Rəhim Qazıyev deyirdi ki, illərdir onun açıqlamaq istədiyi mühüm faktları heç kim eşitmək istəmir. “Azadlıq” qəzeti keçmiş nazirə belə bir imkan yaradaraq, yaxın tariximizlə bağlı ondan iri həcmli müsahibə alıb:
Heydər Əliyev Rəhim Qazıyevi necə qəzəbləndirib?
– Səbrinizi daşıran nə oldu?
– Bu, 16 avqust sessiyasında olmuşdu. Heydər Əliyev deyirdi-deyirdi, mən səbrimi basmağa çalışırdım. Birdən qayıtdı ki, Rəhim Qazıyev müdafiə naziri olanda Qraçovla alver eləyib. Bunu deyəndə, sanki içimdə bir bomba partladı. Qalxdım və həmin ifadələri işlətdim. O dövrdə Qraçov “qılıncının dalı da, qabağı da kəsən” bir adam idi və bunu Heydər Əliyev də yaxşı bilirdi. Mən Qraçovla hansı alveri eləyə bilərdim? Onun qohum-qardaşı, indiki nazirlər kimi bəlkə Moskvada mülk almışdım? Bəlkə Azərbaycanın harasındasa nəyisə Qraçova hədiyyə eləmişdim? Bəlkə onu neft-qaz ortağı eləmişdim? Neyləmişdim? Bax, buna görə elə qəzəbləndim.
Avqustun 16-da səslənən bu ifadədən sonra ayın 23-24-də Qubadlı getdi, ardınca Füzuli, Zəngilan və Cəbrayıl. Bütün bunlar ay yarımın içində oldu. Heydər Əliyev boş yerə söz deyən adam deyildi və həmin ifadələri də məqsədli şəkildə səsləndirmişdi. Allah qoysa, o rayonların hansı səbəbdən qısa müddətdə getdiyi, onun o ifadəni niyə işlətdiyi mütləq açılacaq.
Əgər mən Heydər Əliyevdən hər hansı vəzifəni istəmişəm, o mənə verməyib və bu səbəbdən aramızda narazılıq yaranıbsa, sizlərin, o şayiəni yayanların, Heydər Əliyevin bütün günahları mənim çiyinlərimə yazılsın. Mən daha bundan artıq heç nə deyə bilmərəm.
Rusiyanın “tamadalığıyla” atəşkəs…
– Şuşanın işğalı məsələsinə qayıdaq. Deyirsiniz ki, cinayət işində işğalla bağlı xeyli mühüm məqamlar var ki, Azərbaycan ictimaiyyəti hələ də onlardan xəbərsizdir. Söhbət nədən gedir? Şuşanın işğalında əsl günahkar kim və ya kimlərdir? Şuşa doğrudanmı satılıb, yoxsa, adi döyüş əməliyyatında Azərbaycan ordusunun məğlubiyyəti idi?
– Həmin dövrə qədər və ondan sonra da mən Ermənistan rəsmilərilə nə görüş keçirmişəm, nə də ünsiyyətim olub.
– Heç telefonla da olmayıb?
– Telefonla deyərlərmi ki, torpağı satıram, al…
– Söhbət işgüzar danışıqlardan gedir…
– Işgüzar danışıqlar olub. Sonradan baş nazir olan və güllələnən Vazgen Sərkisyan Qraçovun bir nömrəli dostu idi. Mən gördüm ki, Sərkisyanı Qraçovun yanında “qaralasam”, vəziyyət yaxşı olmayacaq. Qərara gəldik ki, 1992-ci il sentyabrın 25-dən Rusiyanın “tamadalığıyla” atəşkəs elan edək. Generallar, polkovniklər də daxil olmaqla 29 nəfər hərbi xidmətçi bura gəldi, 29-u da Ermənistana getdi. Həmişə olduğu kimi, yenə də Ermənistan razılaşmanı pozdu. Razılaşma belə idi ki, Azərbaycan, Rusiya və Ermənistan nümayəndələri qarışıq sərhədin hər iki tərəfinə düzülsün. Yəni, ermənilər burada, bizimkilər orada, Rusiya da hər ikisində. Amma ermənilər bundan qaçdılar. Sentyabrın 20-də Soçidə Qraçovla görüşümüz oldu, dedim ki, ermənilərin müharibənin davam etməsində maraqlı olan xüsusi qüvvələri var, onlar Vazgen Sərkisyanı qoymayacaqlar. O razılaşmadı ki, yox, Vazgenin kifayət qədər nüfuzu var. Onun vasitəsilə mən Vazgenlə danışmağa başladım. Üçüncü gün zəng eləyəndə Vazgeni mənimlə calaşdırmadılar. Bir həftədən sonra onu vəzifəsindən azad elədilər ki, Rəhim Qazıyevə satılıb.
Harde Börnək vardı – azərbaycanlıdır, əvvəl Fransada yaşayırdı, indi Kanadada yaşayır – mən istefa verəndən iki gün sonra yoldaşıma zəng eləyib, ağlaya-ağlaya deyib ki, ermənilər burada bayram eləyir ki, “papağı çıxartdılar”. Bir ay keçmədi ki, Vazgeni yenidən vəzifəyə gətirdilər, sonra da baş nazir oldu.
“Mən vəzifəyə gələndə oturmağa kabinetim də yox idi”
Şuşanın satılmasına gəlincə, Şuşa həmin dövrdə hakimiyyət uğrunda mübarizənin qurbanı oldu. Mən 18 mart 1992-ci ildə müdafiə naziri kimi vəzifəmin icrasına başlamışam. Mən bu vəzifəyə gələndə oturmağa kabinet, danışmağa rabitə, atmağa silah, içinə qoymağa sursat yox idi. Mayın 4-də mən parlamentə Müdafiə Nazirliyinin gücü haqda rəsmi məlumat vermişəm. Imkanlarımız çox məhdud idi, amma əlimizdən gələni edirdik.
Aprelin 20-dən “bir nömrəli siyasətçinin” adamları – Murtuz Ələsgərov, uzun müddət Moskvada səfir olan Ramiz Rzayev, Sirus Təbrizli və başqaları Ali Sovetin qarşısında mitinq keçirməyə başladılar ki, Heydər Əliyevə yaş məhdudiyyəti götürülsün. Ayaz Mütəllibovun dövründə məhdudiyyət qoyulmuşdu ki, prezident 65 yaşdan yuxarı olmamalıdır.
O dövrdə ölkə seçkiyə hazırlaşırdı. Mən 23-24 martda yalvarmışam ki, seçkiyə getməyin, torpaqlarımız əldən gedəcək, bizim heç nəyimiz yoxdur, gəlin, Dövlət Şurası yaradaq. Bütün bunların stenoqramı arxivdə var. Dövlət Şurası yaradaq, Heydər Əliyev, Ayaz Mütəllibov, Əbülfəz Elçibəy, Isa Qəmbər, Etibar Məmmədov və s. hamısı orada təmsil olunsun, ölkəni, torpaqları bu bəladan xilas eləyək, normal Konstitusiya da yaransın, seçki də keçirilsin. Buna razı olmadılar. Belə olan halda, parlamentin seçkilərin tarixi müəyyən olunan iclasında axırıncı təklifimi elədim ki, respublikanın nüfuzlu adamlarını bura dəvət eləyin, qərar qəbul eləyək ki, filankəsi bir və ya iki illik prezident seçirik, hamımız da tabe olub üzərimizə düşən vəzifəni yerinə yetirək. Müharibəni udaq, torpaqları azad edək, yəni, əsas problemləri həll eləyəndən sonra normal seçki keçirək…
Elçibəy seçkini poza bilərdi…
– Əbülfəz Elçibəyin kitabında da var ki, 1992-ci ildə parlamentin mart sessiyalarından birində onun da belə bir təklifi olub. Siz də belə deyirsiz, Əbülfəz Elçibəy də belə deyib. Bəs necə oldu ki, hamınız “Dövlət Şurası” deyə-deyə seçkiyə getdiniz?
– O dövrdə mənim nüfuzum heç də Heydər Əliyevin, Əbülfəz Elçibəyin nüfuzundan aşağı deyildi. Əgər mən dildə bunu deyib, ürəkdə prezidentlik istəyirdimsə, niyə mən seçkiyə getmədim? 26 aprel 1992-ci ildə Elçibəy namizəd kimi sənədlərini təqdim elədi. Onda mən artıq nazir idim. Əbülfəz Elçibəyə zəng elədim, dedim ki, bəy, səni and verirəm Allaha, namizədliyini vermə, sənədlərini geri götür. Bir qədər incik halda soruşdu ki, niyə? Dedim, bəy, ona görə ki, siz dəfələrlə yüzlərlə insanın içində bildirmisiniz ki, “heç vaxt seçkili vəzifəyə getməyəcəm, həmişə müxalifətin lideri olaraq qalacağam, Azərbaycanda hakimiyyətə gələn şəxslər ədalətsiz mövqe nümayiş etdirəndə onlara qarşı mübarizə aparacağam”. Susdu…
Həmin dövrdə Əbülfəz bəyin nüfuzu o qədər idi ki, getməyə bilərdi və seçkini poza bilərdi.
“Könüllü hərbçilər arasında Əliyevin bir xeyli gizli adamları olub”
– Şuşa və Laçının işğalı dövründə müdafiə naziri idiniz və qəbul edib-etməməyinizdən asılı olmayaraq, baş verənlərə görə məsuliyyət daşıyırsınız. Deyirsiniz ki, Şuşa hakimiyyət uğrunda mübarizənin qurbanı oldu. Bəs siz müdafiə naziri kimi, bunun qarşısını ala bilməzdinizmi?
– Əvvəla, mən müdafiə naziri olaraq, məsuliyyətimdən qaçmamışam, qaçmıram, qaçmayacağam da. Ikincisi də, mən həmin dövrdə müdafiə naziri kimi, əlimdə olan imkandan üç-dörd dəfə artığını eləmişəm. Bunu konkret sənədlərlə də sübut edə bilərəm.
Dediyim kimi, aprelin 20-dən Heydər Əliyevin adamlarının mitinqləri başladı. Ayın 28-29-da Ayazın adamları gəldi – Hacı Əbdülün dəstəsi. Hətta çadır da qurdular. Ardınca da Elçibəyin adamları gəldi. Düz bir ay – mayın 17-nə qədər oturaq mitinqlər keçirildi…
Yenə deyirəm, mən məsuliyyətdən qaçmıram, amma ölkədə müharibəni dövlət aparır. Baş verənlərə görə təkcə adı olub, özü olmayan Müdafiə Nazirliyini, müdafiə nazirini qınamaq, demək ki, “günahkar ancaq sənsən”… Müdafiə Nazirliyi istehsalçı təşkilat deyil. Dövlət ona lazım olanı verir, o da aldıqlarını, hərbi mükəlləfiyyəti lazımi səviyyədə paylayır, hazırlıq aparır və s. Özü də ora Dövlət Təhlükəsizlik Komitəsi (indiki Milli Təhlükəsizlik Nazirliyi), Daxili Işlər Nazirliyi və s. dövlət orqanlarının nəzarəti vardı. O vaxt Azərbaycan dövləti iflic idi. Mən də 18 mart 1992-ci ildə müdafiə naziri kimi vəzifəmin icrasına başlayanda heç nə yox idi. Bir qədər əvvəl qeyd etdiyim kimi, oturmağa kabinetim də yox idi, balaca bir otaq ayırmışdılar. Rabitə yox, kəşfiyyat yox, hərbi əks-kəşfiyyat yox, nazirlik də ştat üzrə olmalı səviyyəsinin cəmi 10-12 faizi qədər idi. Bircə dənə də hərbi təlim keçmiş taborumuz yox idi. Bircə 777-ci hərbi hissə az-çox hərbçilərdən təşkil olunmuşdu, qalanlarının hamısı könüllülərdən ibarət idi. Könüllülərin içində Cəbhənin mövqeyində duranlar da, Ayaz Mütəllibovun tərəfdarları da vardı və sonradan məlum olur ki, onların arasında Heydər Əliyevin çox gizli, heç kimin bilmədiyi bir xeyli adamları da olub. Üstəlik, həmin dövrdə gedən proseslər, o cümlədən Şuşada baş verənlər tam Müdafiə Nazirliyi tərəfindən idarə olunmurdu. Çünki Müdafiə Nazirliyinin nizamnaməsi yox, əsaslanaməsi yox, qanunlar yox, Hərbi Prokurorluq yox, Hərbi Tribunal yox… Rəhim Qazıyevin əlində elə bir inzibati alət yox idi ki, qaçanlara “dayan” desin. Bircə dənə şəxsi nüfuz… Bu cür vəziyyətdə, vahid komandanlıq olmadan təkbaşına mənim nəyisə eləməyim absurddur. Amma mən onda inanırdım ki, nəyəsə nail olacağam. Ona görə də həmin dövrdə fəaliyyətə başladım, mənə gizli xəbər gəldi ki, Xəzər Hərbi Dəniz Donanmasında nə varsa, yaxın gecələrin birində çıxarılacaq Azərbaycanın ərazi sularından. Donanmanın komandanını müavini ilə birlikdə çağırdım, aldığım informasiyanı onlara çatdırdım, dedim ki, bilirəm, yaxın günlərdə Donanmanın bütün əmlakını çıxarmaq planınız var. Inkar elədilər. Dedim ki, xeyr, dəqiq informasiyadır. Düzdür, mənim sizinlə döyüşmək gücüm yoxdur, amma sizlərin ünvanınızı yaxşı bilirəm, xalqımın xatirinə sizi məhv eləyəcəm. Rəngləri kağız kimi ağardı…
(Ardı növbəti sayımızda)
Aytən Məmmədova,
Natiq Güləhmədoğlu