Türkiyədə şok əməliyyat – Dəmirtaş və partiyadaşları həbs olundu VİDEO

demirtashTürkiyədə kürdlərin təşkil etdiyi Xalqların Demokratik Partiyasının (HDP) 13 deputatı, o cümlədən partiyanın həmsədrləri Səlahəddin Dəmirtaş və Figen Yüksəkdağ həbs olunublar. “Anadolu” agentliyinin verdiyi xəbərə görə, Dəmirtaş polis əməkdaşları tərəfindən Diyarbəkirdəki evində, Yüksəkdağ isə Ankaradakı evində saxlanılıb.

Dəmirtaş həbs olunmadan öncə Twitter hesabında evinin ətrafında polislər olduğunu və həbsinə hazırlıq getdiyini yazıb. Bu məlumatın yayılmasından az sonra onu həbs ediblər.

Türkiyə mediası xəbər verir ki, prokuror Dəmirtaş barəsində həbs-qətimkan tədbirinin seçilməsini istəyib və o bu məqsədlə məhkəməyə aparılıb.

https://www.youtube.com/watch?v=UmIKuKHo1jU

https://www.youtube.com/watch?v=3c-6Jb3FJNY

Dəmirtaş və Figen Yüksəkdağ

Türkiyə hökumətinin dünya mediası üçün yaydığı açıqlamada bildirilir ki, HDP deputatları məhkəməyə ifadə vermək üçün çağırışlara əməl etmədikləri üçün prokurorluğun qərarı ilə saxlanılıblar.

HDP sözçüsü Ayhan Bilgen isə partiyanın Ankaradakı mərkəzi qərargahı önündən sosial media vasitəsilə video-açıqlama yayaraq, hökuməti təkzib edib. Bildirib ki, HDP deputatlarının mühakimədən yayınmaq kimi bir dərdi yoxdur. O, baş verənləri “Türkiyə siyasi tarixində qara ləkə” və “faşizmin ayaq səsləri” adlandırıb.

Partiyanın mərkəzi qərargahı isə polis mühasirəsinə alınıb. Binaya kənar şəxslərin, eləcə də jurnalistlərin daxil olmasına icazə verilmir. Polis binanın qarşısında toplaşmağa da icazə vermir.

Avropa Birliyi HDP deputatlarının həbsinə ilk reaksiyasını bildirib. Birliyin xarici siyasət və təhlükəsizlik komissarı Mogerini tvitter hesabından bəyan edib ki, baş verənlərdən hədsiz narahatdırlar və AB ölkələrinin Ankaradakı səfirlərini təcili toplantıya çağırıblar.

CHP lideri Kamal Kılıçdaroğlu da HDP deputatlarının həbsinə etiraz edib. O, bəyan edib ki, demokratiya “seçki ilə gələnlərin seçki ilə getməsini” müdafiə etməyi tələb edir.