Milli Şuranın Koordinasiya Mərkəzi nələri müzakirə edib?

milli-sura-sedaret1Milli Şuranın Koordinasiya Mərkəzi toplantı keçirib. Toplantı ilə bağlı məlumatı təqdim edirik:

Noyabr ayının 2-də Milli Şuranın Koordinasiya Mərkəzinin növbəti toplantısı keçirilib. Toplantıda ölkədə mövcud siyasi, sosial və iqtisadi durum müzakirə edilib. KM-nin üzvləri ölkədə yaranmış ağır sosial-iqtisadi vəziyyətdən, böhran meyllərinin dərinləşməsindən, kəskin qiymət artımından ciddi narahatçılıq ifadə ediblər. Əhalinin bu ağır vəziyyətində qazın qiymətinin artırılması ilə bağlı hökumətin nəbz yoxlaması, əhaliyə satılan qazın inkişaf etmiş kapitalist ölkələrindən ucuz olması bəhanəsinin ortaya atılması məhz bu məqsədə xidmət etdiyi vurğulanmışdır. Lakin çıxışlarda qeyd edilmişdir ki, hökumət əhaliyə verdiyi əmək haqqı, pensiya və sosial yardımların həmin inkişaf etmiş kapitalist ölkələrindən neçə dəfə aşağı olmasının üzərindən sükutla keçmişdir. İclasda oktyabr ayının 31-də Bakı Apelliyasiya Məhkəməsində Qarabağ qazisi Asif Yusiflinin ədalətsiz hökmünün qüvvədə saxlanmasının sırf qanunsuzluq olduğu bildirilmiş və hakimiyyətin vətən uğrunda döyüşmüş, Qarabağ cəbhəsində yara almış bir döyüşçüyə belə münasibəti onun işğal altında olan torpaqların azad olunması istiqamətində etdiyi çağırışların saxta mahiyyətini ortaya qoyur. Bu işdə zərərçəkən və şikayətçi olmadığı halda Asif Yusiflinin qanunsuz olaraq həbsdə saxlanmasının siyasi mülahizələrdən irəli gəldiyi, onun AXCP rəhbərliyində təmsil olunması ilə bağlı olduğu çııxışlarda qeyd edilmişdir. Müzakirələr zamanı KM-nin üzvü Gözəl Bayramlının açıq telefon nömrəsindən ölümlə hədələnməsi və hüquq mühafizə orqanlarının ölümlə təhdid faktına biganə qalmasından hiddət ifadə edilmişdir. Toplantıda qeyd edilmişdir ki, belə açıq təhdid G.Bayramlının bir müddət əvvəl Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət edilməsi və “Nardaran işi” ilə bağlı məhkəmə prosesinə qatılmaması, Fuad Qəhrəmanlı və Taleh Bağırzadənin müdafiəsində kənar durması tələbi ilə bilavasitə bağlıdır. KM-nin müzakirələrində “Nardaran işi” ilə bağlı məhkəmə prosesinin gedişi və bu prosesdə baş verən qanunsuzluqlara da toxunulmuşdur. Xüsusilə, istintaq zamanı təzyiq və işgəncələr altında ifadə verən şahidlərin açıq məhkəmə prosesində həmin ifadələrdən imtina etdikdən sonra müvafiq polis orqanlarında işgəncələrə məruz qalması və onlardan istintaq zamanı verdikləri ifadələri təsdiq etmələrinin tələb olunması ölkənin hüquq sisteminin hansı təhlükəli həddə gəlib çıxdığının aydın bir ifadəsi olduğu çıxışlarda qeyd edilmişdir. Müzakirələr zamanı son günlər tanınmış jurnalist Xədicə İsmayıl və ailə üzvlərinin əxlaqsız təhdidlərə və onlayn hücumlarına məruz qalması, jurnalistlərin hüquqlarını müdafiə edən vəkil Elçin Sadıqovun hədələrə məruz qalması kəskin şəkildə pislənmişdir. Belə iyrənc hücumların bilavasitə Xədicə xanımın jurnalist və ictimai fəaliyyəti, xüsusilə siyasi məhbusların müdafiəsində göstərdiyi vətəndaşlıq mövqeyi ilə bağlı olduğu toplantıda qeyd edilmişdir.