Bir müddət əvvəl ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Nəzarət Baş İdarəsinin həbsdə olan sabiq rəisi Akif Çovdarovun cinayət işi üzrə yeni detallar üzə çıxmaqdadır.
İstintaq zamanı müəyyən edilib ki, A. Çovdarov cinayət işi üzrə təqsirləndirilən şəxslərdən Səlim Məmmədovla cinayətkar fəaliyyətlərini davam etdirərək 2009-cu ilin oktyabr-noyabr aylarında rəsmi surətdə qeydiyyata alınmış araşdırma materialı və şikayət ərizəsi olmadığı halda hakimiyyətdən və qulluq mövqeyindən istifadə etməklə sahibkarlıq fəaliyyəti ilə məşğul olan Kərimov Neman Süleyman oğlunun külli miqdarda pul vəsaitini ələ keçirmək üçün onu və yaxın qohumu Mövsümov Elvin Zakir oğlunu azadlıqdan məhrum edib.
N. Kərimov və E. Mövsümov Binəqədi rayonunda yerləşən “Elit” hotelində olduqları vaxt dəstə üzvü Səlim Məmmədov qanunvericiliklə müəyyən edilmiş funksional vəzifələrin icrası üçün nəzərdə tutulan nəqliyyat və digər texniki vasitələrdən, dəstə üzvü olmayan xüsusi təyinatlı qulluqçulardan istifadə etməklə odlu silahla basqın edərək hər hansı prosessual qərar və protokol tərtib etmədən adları çəkilən şəxsləri zorla MTN-ə gətirib.
A. Çovdarov onları 10 saat ərzində xidməti otaqlarda saxlamaqla qanunsuz azadlıqdan məhrum edib. O, Neman Kərimovun yaxın münasibətdə olduğu Rüstəmova Sevinc Rafiq qızından aldığı 20 min manatı qaytarmamasını bəhanə edərək, sidik nümunələri götürərək guya narkotik vasitələrin istifadəçiləri olduqlarını iddia edərək barəsində cinayət işi başlanılacağı, həbs ediləcəyi, rüsvayedici məlumatların yayılacağı ilə hədələyib. A. Çovdarov onlardan 80 min manat məbləğində pul tələb edib. Həmin gün Neman Kərimovun dayısı və Elvin Mövsümovun atası Zakir adlı şəxsdən dəstə üzvü Səlim Məmmədovun vasitəsi ilə həmin məbləğdə pulu nazirliyin inzibati binasında qəbul edib. A. Çovdarov həmin pulun 20 min manatını Sevinc Rüstəmovaya borcunun ödənişi kimi verib. Qalan 60 min manatını isə mütəşəkkil dəstə tərkibində təkrarən hədə-qorxu ilə tələb edib ələ keçirməklə, fiziki və hüquqi şəxslərin hüquqi mənafelərinə, cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan əhəmiyyətli zərər vurublar. (APA)