«WikiLeaks» «Bank of America»nı qorxuya salıb

Bank saytın açıqlayacağı məxfi maliyyə sənədlərinin detallarından ciddi narahatdır

ABŞ-ın məşhur “Bank of America” bankı WikiLeaks saytının qurucusu Culian Assancın xəbərdarlığından sonra ciddi narahatlıq keçirməyə başlayıb. Sayt rəhbəri ötən ilin sonlarında ABŞ-ın ən böyük və məşhur banklarıyla bağlı məxfi dosyelərin açıqlanacağını bildirmişdi.
Assancın sözlərinə görə, həmin məxfi sənədlərdə ABŞ-ın maliyyə-bank sistemindəki korrupsiya halları öz əksini tapıb. WikiLeaks qurucusu qeyd etmişdi ki, onun əlində ABŞ-ın ən böyük banklarından biri “Banc of America”nın korrupsiyalaşmış maliyyə qurumları sırasında olduğunu isbatlayan kifayət qədər məxfi məlumatlar var.
Culian Assancın bu açıqlamasından sonra “Banc of America”nın təhlükələrə qarşı mübarizə xidmətinin rəhbəri Bryus Tompsonun başçılığı altında 15-20 nəfərlik xüsusi araşdırma komissiyası yaradılıb. Komissiya bankın minlərlə gizli daxili sənədlərini araşdıraraq məxfi dosyelərdə nələrin yazıldığını və WikiLeaks qurucusunun əlinə necə keçdiyini aşkarlamalı olacaq. 
WikiLeaks qurucusu “Bank of America”ya aid məxfi sənədlərin mənbəyi bank rəhbərliyinə məxsus kompüterlərdən biri olduğunu da söyləmişdi. Məhz buna görə də ABŞ-ın məşhur banklarından biri nüfuzuna xələl gəlməsin deyə ciddi araşdırmalara başlayıb. Ilkin mərhələdə bank rəhbərlərindən hansının kompyüterinin itdiyini və yaxud nasaz olduğunu araşdırır.

İnformasiya şöbəsi