İlham Əliyevi görə bilsəydim, ona deyərdim ki…

«Əgər Nemət mənim oğlumdursa, bundan sonra qırx il də padşah olsanız, sizdən əfv diləməz»

Sara Pənahlı: «Mənim oğlumun tək günahı sizlərin hakimiyyətə gəlməyinizə yol verməsidir»

Milli Dövlətçilik Partiyasının sədri, hazırda həbsdə olan Nemət Pənahlının anası Sara Pənahlı “Azadlıq”a müsahibə verib. Ağır xəstə olmasına baxmayaraq bu günlərdə böyük çətinliklə olsa da həbsdəki oğluna baş çəkən Sara xanımla söhbətimiz də elə bu mövzuda oldu.

– Çoxdan deyirdim ki, mənim özümü Nemətin yanına aparın, nə gözləyirsiniz zalımın mərhəmətini? Bu elə bir zalım quruluşdur ki, edə biləcəyi zülmün ölçüsü yoxdur. Hansı haqqdan hüquqdan danışırsız? Bu ölkədə, mənim oğlum kimi, bütün haqq axtaranlar türmələrdə, əsl cinayətkarlar da kefdədilər. Bilirdim ki, Neməti buraxmayacaqlar.
Nəvələrimin qucağında getdim ora. Oğlumla görüşdüm. Çox qorxurdum ki, Neməti görmədən ölərəm.

– Neməti necə gördünüz, səhhəti, əhvalı necə idi?
– Səhhəti ilə bağlı məndən hər şeyi gizləməyə çalışırlar. Amma bilirəm ki, yüksək şəkəri var, heç bir müalicə də almır. Amma əhvalı elə həmişəki kimidir, mübarizə ruhu da yerindədi! Uşaqları da getmişdilər. Bir ana üçün bundan ağır nə ola bilər ki? Nemətin o şəraitdə balaları ilə görüşməsi çox ağırıma getdi. Nə bilim, bir ana kimi çox idi mənə o səhnəni görmək. Bunu ancaq yaşayanlar bilər. Doğru deyiblər ki, insan yaşadıqlarından dərs alır. O vəziyyət, o hal  Nemətin bir vaxtlar dediyi sözləri yadıma saldı. Istefa verəndən sonra onun həyatı ilə bağlı çox narahatçılıq keçirirdik. Elə ürəyimiz səksəkədə idi ki, ona nəsə edəcəklər. Atası dözmürdü, tez-tez deyirdi ki, Nemət, bala, sən Allah ailəni, uşaqlarını düşün. Sənə bir şey olsa mən dözə bilmərəm. Belə sözləri həzm eləyə bilmirdi, atasına qarşı nə qədər sayqılı olsa da, bu barədə danışanda,   həmişə etiraz eləyirdi:”Sən bilirsənmi bu hakimiyyət nə qədər günahsız insanın faciəsinə səbəb olub, bu ölkənin həbsxanalarında necə dəyərli oğullar yatır, necə vətənpərvər insanlar bu ölkədən didərgin salınır, bəs onların anaları, ataları yoxdur, yoxsa övladları, övlad deyil? Bu millət nə ümidlərlə mübarizə apardı, nə qədər şəhid verib azadlığını qazandı. Şəhidlər xiyabanında mənim necə yoldaşlarım yatır.  Azadlığı millətin burnundan tökdülər, elə elədilər ki, millət azadlığını qazandığına peşiman oldu. Bu millət Heydər Əliyevə buna görə qucaq açmışdı?- deyirdi. Danışırdı-danışırdı, kişi də qulaq asıb susurdu.

Oğlu Heydər Əliyevlə bağlı dərsi oxumadı

– Bildiyimizə görə Nemət bəyin 6 övladı var.
– Hə, dörd oğlu, iki qızı.

– Bax, Nemət bəyin uşaqlığından danışdınız. Uşaqlardan necə, tam özünə bənzəyəni varmı?
– Oğlanlarının dördü də. Ən balacası Nemət tutulanda birinci sinfə gedirdi. Əlifba kitabında Heydər Əliyev haqqında dərs var. Onu ev tapşırığı vermişdilər, ağladı özünü öldürdü ki, onun oğlu mənim atamı tutub, mən onun dərsini oxumuram. Inanın ki, oxumadı da. Elə bildim Nemətin uşaqlığını görürəm. O vaxt, rəhmətlik kişini bir erməni “ay, molla” deyib çağırmışdı. O da demişdi ki, mən molla deyiləm. Erməni demişdi ki, necə molla deyilsən, sən namaz qılmırsan? Bu da cavab vermişdi ki, müsəlmanam namaz qılıram də, asori deyiləm ki. Bu sözə görə kişini tutub salmışdılar 15 sutkalığa ki, sən erməniyə niyə asori demisən. Nemət onda səkkizinci sinifdə oxuyurdu. Inanın Allaha bütün rayonu bir-birinə qatdı. Atasını bir gün də qoymadı içəridə saxlayalar. Başlarına elə oyun gətirdi ki, canlarının dərdindən kişini buraxdılar.       

Nemətə əfv ərizəsi yazmaq təklif edilib

– Deyilənlərə görə Nemətə əvf ərizəsi yazmağı təklif ediblər. Bu barədə sizə bir söz dedi mi?
– Hə, bilirəm. Təklif ediblər ki, əvf ərizəsi yazsan, səni buraxarlar.  Bu əvf  ərizəsi yazdırmaq, ümumiyyətlə az-çox  millətin dərdinə qalan, haqqsızlığa qarşı sözünü deməyi bacaran, canında, qanında qeyrət olan oğulları sındırmağın bir yoludur. Onları  sındırmaqla, bir növ, yerdə qalana da dərs verirlər ki, heç kim səsini çıxarmasın. Mənim oğlumu tuta da bilərlər, öldürə də bilərlər,  amma sındıra bilməzlər. Oğlum dünyanın çox sınaqlarından keçib. Ölümlərdən, türmələrdən keçib. Inanın ki, onun ürəyindəki ən böyük arzusu bu milləti xoşbəxt görə bilməkdir. Hələ körpə uşaq idi, Koroğlu kitabını qoynunda gəzdirirdi. Bəlkə də ikinci-üçüncü sinifdə oxuyurdu. Günü Koroğlunu oxumaqla keçirdi. Günləri sayırdı ki, böyüyüb Çənlibelə getsin. Koroğlunun dəlilərinə qarışıb zalımlardan xalqın qisasını alsın. Nemət bu əxlaqla böyüyüb, bu ruhda köklənib. Meydan hadisələri başlayanda, bizə xəbər gəldi ki, bəs belə-belə.  O dəqiqə başa düşdüm ki, Nemət “Çənlibel”ini tapıb. Amma kişi bərk narahat oldu, o dəqiqə geyinib yola düşdü. Əslində  Bakıya o niyyətlə getmişdi ki, Nemətin qolundan tutub evə gətirsin, amma meydandakı o izdihamı, o birliyi görəndə, ora nə üçün getdiyini də unutmuşdu, mikrofonu Nemətin əlindən alıb demişdi ki, mənim Nemət kimi yüz oğlum olsa, yüzünü də bu xalqa qurban verərəm.  

– O zaman üçün dediniz?
– Bilirsiz, sonradan ki,  düşmən o birliyi pozmaq üçün Nemət haqqında hər cür şər, böhtan uydurdu və  millət də buna inandı, Nemət çox təkləndi. Bir növ meydanda tək qaldı. Vəzifədən istefa verəndən sonra Heydər Əliyevin qorxusundan Nemətin qapısını açan olmadı. Halbuki Nemətin Heydər Əliyevlə şəxsi heç bir davası yox idi. Onun davası millət davası idi. Istəyirdi ki, millət qazandığı müstəqilliyin bəhrəsini görsün, Heydər Əliyev bu barədə vaxtilə ona çox vədlər vermişdi. Nemət nə ümidlərlə gözləyirdi o günləri.  Bilirdi ki, Heydər Əliyev istəsə buna gücü də çatar, səriştəsi də. Iki il o vəzifədə necə dözdü, onu bir Allah bilir. Iki il ümidlə gözlədi. Başa düşəndə ki, Heydər Əliyevlə onun niyyəti tamamilə fərqlidir, istefa verdi.

Əliyev Rafael Alllahverdiyevi Nemətin yanına göndərmişdi

– Yeri gəlmişkən, Siz də bilirsiniz ki, Nemətin adı hələ 1988-ci ildə, Meydan Hərəkatı zamanı Heydər Əliyevin adı ilə hallanırdı.  Söhbət gəzirdi ki, Nemət Heydər Əliyevin adamıdır.   
– Onda mən deyim, siz nəticə çıxarın. Bizim dörd bir tərəfimizdə, nə mənim tayfamda, nə də Nemətin atasının nəslində bir nəfər də olsun kommunist olmayıb. Nemətin ata babası varlı və mömin adam olub. Sovet hökuməti qurulanda bunların tayfasına elə bir divan eləyiblər ki!!! Rəhmətlik qaynanam da, qaynatam da ölənə kimi Sovet hökumətinə lənət yağdırdılar. Ölənə kimi Sovet hökumətinin bu millətə elədiyi zülmlərdən danışdılar. Bu nifrətin ucbatından rəhmətlik kişi də həmişə uşaqların təhsil almağına qarşı oldu. “Bizə Sovetin təhsili lazım deyil” – dedi. Nemət belə bir şəraitdə böyüyüb, xirtdəyə kimi Sovet hökumətinə qarşı nifrət içində. Onda Heydər Əliyev Sovet Hökumətinin gündə bir medalına layiq görülürdü. Nemətin Heydər Əliyevlə əlaqəsi hardan ola bilərdi?  1988-ci ildə birinci dəfə Nemət həbs olunanda, müstəntiq ona Heydər Əliyevlə bağlı çoxlu suallar vermişdi. 6 ay Nemətin istintaqı getdi, o 6 ayda müstəntiq ancaq onun Heydər Əliyevlə bir əlaqəsi olub-olmadığını araşdırmışdı. Tam əmin olandan sonra ki, bu adamın Heydər Əliyevlə heç bir əlaqəsi yoxdur, Neməti azadlığa buraxdılar. Sonradan Heydər Əliyev Rəfael Allahverdiyevi Nemətin yanına göndərib görüşmək istəyini çatdırmışdı. Inanın ki, Nemət heç onunla görüşməyə də könüllü deyildi. Çünki onu bütün ömrü boyu Sovet hökumətinə xidmət etmiş bir adam kimi tanıyırdı.  Ilk dəfə görüşəndə, Neməti o qədər isti qarşılamışdı ki, Nemət özü çaşıb qalmışdı. Neməti qucaqlayıb bağrına basmış – “Igidin adını eşit, üzünü görmə” – demişdi. Və beləcə ilk görüşdən sonra dəfələrlə uzun-uzadı söhbətlər etmişdilər. Heydər Əliyev Nemətə demək olar ki, bütün həyatını danışmışdı, Partiyaya etdiyi xidmətlərin müqabilində gördüyü xəyanətlərdən, özünün və ailəsinin başına açılan oyunlardan, peşimançılıqlarından. Demişdi ki, səninlə əməkdaşlıq eləmək istəyirəm.  (Gülür) Nemət də dedmişdi ki, mənimlə əməkdaşlıq eləmək üçün gərək birinci növbədə partiya biletinizi atasınız. Bütün bunları, atasına danışanda, Nemətin öz dilindən eşitmişəm. Ümumiyyətlə Nemət atasına qarşı çox sayqılıdır. Həmişə deyir ki, mən imanımı, əxlaqımı, mənəviyyatımı qağama borcluyam. Ona görə də bunları danışırdı ki, atasının fikrini öyrənsin. Amma düzü kişini heç açmadı bu söhbət. Dedi ki, Nemət, bala, o adam bütün ömrünü Allahı danan bir quruluşa həsr eləyib. Nemət də dedi ki, qağa, Heydər Əliyev çox təcrübəli siyasətçidir.  Bəlkə də ölkəni bu günki çətin durumdan çıxara biləcək yeganə adamdır.  Baxma ki, bu gün təkcə Neməti günahlandırırlar, o dövrdə elə camaatın əksəriyyəti belə fikirləşirdi. Hər nə isə. Dedi ki, məncə başına gətirilənlər ciddi şəkildə onun gözünü açıb. Əgər həqiqətən də keçmişdə buraxdığı səhvlərdən mənə danışdığı qədər peşimandırsa, onun bu millətə çox böyük xeyri dəyə bilər.  Bundan sonra  onların arasında münasibət yarandı və bu münasibət əvvəlcədən uydurulmuş şayiəni bir az da inandırıcı elədi. Bilmirəm, bəlkə elə şayiəni də özləri yaymışdılar.  
Nemətin tək günahı sizi hakimiyyətə gətirməyidir
Indi Ilham Əliyevi görə bilsəydim, ona deyərdim ki, Ilham Əliyev, bu həmən Nemətdir ki, Heydər Əliyev düşəndə ona əl  uzatmışdı, dar gününüzdə ailəlikcə mənəvi təsəlliniz olmuşdu, nə tez unutdunuz?!  Heydər Əliyev yıxılanda ona balta çalan adamları bu gün başınıza yığıb, onların  fitvasıyla altı uşağını atasız qoyduğunuz adamdan, ən ağır günlərinizdə, imdad umduğunuzu nə tez sildiniz yaddaşınızdan?!  Bu gün mənim oğlumu ittiham edən hər kəs, ancaq sizə dar günlərinizdə sizə dəstək verdiyinə görə ittiham edir. Bunu heç kəs yaddan çıxarmadığı halda, siz nə tez yaddan çıxardınız?! Əgər Nemət mənim oğlumdursa, mən bilirəm ki, bundan sonra qırx il də padşah olsanız, Nemət sizdən əvf diləməz. Əgər əvf diləmək lazımdırsa, qoyun Nemətin də, bütün millətin də adından mən sizdən əvf diləyim. Mənim oğlum kimi bu millətin də tək günahı sizlərin hakimiyyətə gəlməyinizə yol verməsidir. Buna görə mən sizdən bütün millətin adından üzr istəyirəm. Keçin bu millətin günahından. Bu qədər zülm yetər!!!  

– Bayaq bir söz işlətdiniz. Dediniz ki, Heydər Əliyev Nemətə çox vədlər vermişdi. Nə kimi vədlər, məsələn? Konkret olaraq nə demişdi?
– Söz vermişdi ki, birinci növbədə Qarabağ məsələsini həll eləyəcək. Xalqa gün ağlayacaq. Ümumiyyətlə xalqı xoşbəxt günlərə çıxaracağına dönə-dönə söz vermişdi. Indi mən daha onun dəqiq sözlərini deyə bilmərəm.  Amma hakimiyyətə gələndən sonra, yadımdadır ki, cəbhə bölgəsinə getdiyinə görə, rayonlara gedib camaatın vəziyyətini öyrəndiyinə görə Nemətə bütün münasibəti dəyişmişdi.

Hikmət