Vitse-prezident qətldə günahlandırılır

İraqın vitse-prezidenti Tariq Haşimi və bir neçə mühafizəçisinə 6 hakimin və bir çox başqa şəxsin qətlə yetirilməsi ilə bağlı cinayət işi açılıb. Vitse-prezidentin ünvanına ittihamlar daha əvvəl də vardı. Tərəfdarları kamera qarşısında “ölüm eskadronları” haqda ifadə verərkən, təqiblərdən ehtiyat edərək 2011-ci ilin dekabrında Bağdadı tərk etmişdi. Əvvəlcə İraqın şimalında gizlənən Haşimi sonradan Qətər və Türkiyəyə gedib.

İraq Ədliyyə nazirinin sözlərinə görə cinayət işi “günahlarını boynuna alan” tərəfdarlarının ifadələri əsasında açılıb. Hal-hazırda həbsxanalarda 73 Haşimi tərəfdarı ifadə verir.

Sünni liderlərdən biri bunu şiə baş nazir Nuri Əl Maliki tərəfindən aparılan qaralama kampaniyası sayır. Haşimi məhkəmə qarşısında ifadə verməyə hazır olduğunu bildirib. Bir şərtlə ki, prosses kürd və sünnilərin çoxluq təşkil etdiyi Kərkük şəhərində keçiriləcək. Maliki isə məhkəmənin Bağdadda keçirilməsində təkid edir.

İraqda sünni və şiələr arasında siyasi qarşıdurma İraqdan Amerika qoşunlarının çıxarılmasından sonra  baş verib.

azadliq.info