KXCP İsmayıllı rayon şöbəsinin sədri Səməd İsmayıllı bundan sonra fəaliyyətini AXCP sıralarında davam etdirəcək. Bu barədə Səməd İsmayıllı AXCP sədri Əli Kərimliyə ünvanladığı müraciətdə bildirib. Müraciətdə deyilir: “Keçən il KXCP-nin qurultayında Nurəddin Məmmədlinin AXCP adından verdiyi birləşmə təklifinə partiya rəhbərliyi tərəfindən cavab verilməməsi məni hiddətləndirdi. Dərhal söz alaraq partiya rəhbərliyini İctimai Palataya daxil olmadığına və sizlərin birləşmə təklifinə müsbət cavab vermədiklərinə görə qınadım. Tələb etdim ki, sədarət dərhal həm birləşmə, həm də İctimai Palataya daxil olmaq istiqamətində bəyanat yazıb, qurultayda səsə qoysun. Lakin təklifim təklif olaraq qaldı. Baxmayaraq ki, qurultay nümayəndələrindən onlarla şəxs mənimlə həmrəy olduqlarını bildiriblər. Artıq bir ildir gözləyirəm. KXCP rəhbərliyinin bugünkü hərəkatda tutduğu mövqe ürəyimi ağrıdır.
Odur ki, qərarımı qəbul etdim. Xahiş edirəm, məni bu gündən etibarən AXCP sıralarına qəbul edəsiniz.”
Səməd İsmayıllı, 29.04 2012-ci il, İsmayıllı rayonu


