Yaxud, yenicə doğulmuş bacıoğluma açıq məktub
Salam! Ailəmizə xoş gəldin! Tanrı tərəfindən təyin edilmiş qaydalarla mən sənin və Mahirin dayısıyam. Mental dəyərlərimizə görə isə dayı insanı kiçik yaşlarından ən çox əzizləyən, çətin vaxtlarda yanında olan və ona gələ biləcək təhlükələrdən hifz edən insana deyilir. Hal-hazırda sənə yanlız bu kağız vasitəsilə əli çatan dayının isə digər dayılardan fərqi ondadır ki, biz bioloji olaraq, bacı və qardaşlarımızdan da əlavə, milli kimliyimizi, xalqın rifahını hifzetmə instinktini də özümüzdə tərbiyə etmişlərdənik. Yəqin elə bunun nəticəsidir ki, sənin yolunu gözlədiyimiz müddətdə, işğalçılarla savaşda mən ölkənin 4 ən müxtəlif həbsxanasını görməli oldum. Türkel dayını mütləq tanı. Onu ən yaxşısı qardaşın Mahirdən soruş. Belə ki, məndən dəfələrlə artıq, düz 9 dəfə həbsxana gördükdən sonra yazırdı:
“Səfalı günlərini, müstəqil, məğrur qamətini görmək üçün qatlaşdığımız sınaqlarını, bu sınaqların ən çətini olan həbsxanalarını sevirəm, Vətən!”
Qəbul olunması çətin olsa da, atanı övlada, ailəni oğluna, oğlunu ailəyə həsrət qoymaqdan həzz alan, əqidəli, vicdanlı insanların özünə deyil, yaxınına, doğmalarına cəfa çəkdirməklə, özünə “şəxsiyyət” adını yaraşdıran yadellilərin işğalı altındayıq.
Hərçənd ki, insan hüquq və azadlıqlarının pozulmasını nəzərə alaraq, məmləkətimizin vəziyyətinin o qədər də bərbad olmadığını iddia edə bilərik. Unutma, özünün, valideynlərinin, övladlarının necə yaşamaq, nələrə sahib olmaq, nələrdən uzaq olmaq haqqını seçirsən. Və yalnız bəzi ölkələrdəki mütləq əksəriyyət susaraq, öz elementar hüquqlarını irticaya təslim etdiyi zaman onların əvəzindən bunları təyin edən ağalar, padşahlar və “möhtərəm”lər icad edilir. Bizimki də belə alındı ki, payımıza düşən zaman kəsiyində müharibəyə ağ bayraqla başlayanların səhvlərini düzəltməklə yaşamalı olduq. Nə edə bilərdik axı? Axı savaşmağı, əsir düşməyi biz seçmirik? Biz yaşamalı olduğumuz kimi insani prinsiplərə uyğun yaşayırıq, bundan qıcıqlananlar bizi seçir, bizimlə savaşır.
Bəxtimiz onda gətirmədi ki, bu torpağın insanlarının böyük qismi azadlıq, ədalət prinsipi ilə yaşamağı seçmədi. İstərdim bu tip insanları sənə təsvir edim. Bacardıqları qədər “yuxarıların” əl-ayağına dolaşmazlar, qorxaq, yaltaq, tənbəl olmağı ar bilməz, ən əsası ölkədə, ətrafda, məhlədə, qonşuluqda baş verənlər gözünə belə girsə, başını ağrıtmasın deyə səsini çıxarmaz. Arxayındırlar ki, mütləq nə vaxtsa “axmağın” (onlara görə) biri tapılıb, onların adından haqq savaşı aparıb, alova əl uzatmağa razı olacaq. Həmin “axmaq” saydıqlarından da mümkün qədər gen gəzərlər. Onları özləri üçün potensial təhlükəkə və qorxu mənbəyi olaraq görürlər. Nə vaxt onlara rast gəlsələr, “Sənə bu lazımdır?”, “Dünyanı sən düzəldəcəksən?”, “Bunlar yeyib doyublar” kimi cümlələrlə onlara təsir etməyə çalışarlar. Deyilənə görə, mən də bayaq haqqında danışdığım həmin o döyüşən “axmaq”lardan biriyəm. Çalış dayını bağışlayasan. Doğulduğun gün səni xəstəxana çıxışında qarşılayan, bələyinə qızıl sancan, səni ciplərdə gəzdirən dayılardan olmadım. Nə səni, nə də Mahiri. Və bəlkə də heç vaxt ola bilməyəcəm. Çünki bizim uğrunda savaşdığımız prinsiplər təkcə sənin və Mahirin deyil, bütün yaşıdlarının və sizdən sonrakıların işıqlı, aydın sabahı uğrundadır, dayı qurban. Bir dəfə Mahirlə parka getmişdik. Parka girər-girməz üzlükləri sökülən binaları işarə edib sökülənin nə olduğunu soruşdu. İndi xatırlamıram, ya diqqətsizlikdən, ya etinasızlıqdan ona parkın söküldüyünü dedim. Bunu eşidən kimi başladı hönkürtüylə ağlamağa. Həqiqətən sevimli parkının söküldüyünə görə çox dilxor olmuşdu. O vaxtdan özümə söz verdim ki, qardaşına bir daha yalan danışmayacam. Buna görə də məcburam, açıq danışım. Yaşadığımız bu yerlər artıq çoxdandır park kimi görünmür. Onun sökülməsinə özümüz razılıq verdik. Çünki daşla, aqlayla, heykəllərlə bəzədilmiş ölkəmizdə insan kimi yaşamaq məvhumları bir qrup yırtıcının əlində məhv edildikdə, əksər əmi və dayılar da heç olmasa, 5 yaşlı Mahir kimi ucadan ağlamaqla etiraz etmək cəsarəti tapmalı idi. Heç olmasa, öz sabahı üçün …
El üçün ağlamağı bacaran cəmi 3-5 nəfər qaldığımıza görə hələ bir müddət yəqin ki, görüşə bilməyəcəyik. Amma üzülmə, ən azından Rəşadət əminin Arazla, Pərviz əminin Arazla və neçə-neçə əmi və dayılarının çəkdiyi cəfalara rəğmən bu gün ailələrinə qovuşması və onların gözlərinə dik baxması dayını ayaqda saxlayan və döyüş əzmini əsirlikdə belə sındırmayan başlıca amaldır. Sən də qürur duya bilərsən, körpə igidim. Başını dik tut və qürurlu ol. Bu ölkə mükəmməl cümhuriyyətini bərpa edənə qədər bu gün bizə 3 aya yaxındır ailəmizlə telefon əlaqəsi qurmaq, doğmalarımızla görüşmək qadağası qoyan müstəntiqlər, hakimlər əfv diləyəcəyi günə qədər bu mübarizəni vicdan borcu sayacağıq.
Daha mükəmməl Azərbaycanda yaxud da, Türkel demiş, böyük həbsxanada görüşənədək.
Bu arada üzrlü qəbul et. Artıq 3-cü aydır ki, qanunsuz olaraq, telefon əlaqəsinə və ailəmlə görüşə qadağa qoyulub deyə sənin görüşündən yalnız 5 gün sonra xəbərdar olmuşam.
Fuad Əhmədli
3 saylı istintaq təcridxanası