Azərbaycanın rəsmi mətbuatında və telekanallarda Avropa Birliyi dövlətləri, xüsusilə Almaniyaya qarşı qaralama kampaniyası davam edir. Həftə sonu dövlət telekanalı növbəti dəfə bu mövzuya toxunub və bu dəfə Almaniya ilə yanaşı Fransa da hədəfə alınıb. Almaniyada faşizm meyllərinin artdığını deyən AzTV bu ölkədə Hitlerin “Mənim mübarizəm” kitabının geniş yayıldığını bildirib. Eyni zamanda Fransada antiislam meyllərinin gücləndiyini önə çəkən AzTV bu ölkədə yalnız islamı təhqir edənlərin irəli çəkildiyini göstərmək istəyib. Bu ittihamlar nədən xəbər verir? Azərbaycan hökumətinin Avropa dövlətlərinə qarşı apardığı bu kampaniya əsaslı ola bilərmi?
AXCP sədrinin siyasi məsələlər üzrə müavini Fuad Qəhrəmanlı Qərbə, o cümlədən Almaniyaya qarşı kampaniyanın Prezident Administrasiyasının sifarişi əsasında həyata keçirildiyini deyir. Burda söhbət Qərbdə olan neqativ meyllərə, faşist elementlərinə görə narahatçılıqla bağlı deyil. Hakimiyyət hər hansı problemləri tənqid etmək istəyində də deyil. Sadəcə olaraq bu, iqtidarın Avropa Birliyinin, o cümlədən Almaniyanın Azərbaycanın demokratikləşməsinə həssas yanaşmasından doğan isterik münasibətdir.
F.Qəhrəmanlının sözlərinə görə, bu gün Almaniyada faşizmdən danışmaq, ümumiyyətlə, hər hansı dövlətin keçmişini əsas götürüb onu tənqid etmək absurddur. Bu ona bənzəyir ki, Amerikanın indiki rəhbərliyi vaxtilə hindulara qarşı davranışa görə tənqid edilsin.
F.Qəhrəmanlının fikrincə, Almaniyanın Azərbaycan hakimiyyətinə qarşı beynəlxalq təşkilat qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməsində tələbkar mövqe nümayiş etdirməsi hakimiyyəti ciddi narahat etməkdədir. Iqtidar beynəlxalq səviyyədə təcrid olunmasından da ciddi narahatçılıq keçirir. Xüsusilə Qərb dövlətlərinin səfirlərinin Ictimai Palatada görüş keçirməsi demokratiyaya dəstək münasibətinin ifadəsi idi. Belə bir vəziyyətdə hakimiyyətin isterik reaksiyaları nəticə verməyəcək. Çünki Qərbdə Azərbaycan hakimiyyətinin islahatlara hazır olmayan irticaçı mahiyyəti barədə təsəvvürlər möhkəmlənir. Bəlli olur ki, bu hakimiyyətlə müzakirələr yolu ilə hər hansı nəticələrə nail olmaq mümkün deyil. Artıq Əliyev iqtidarı özünün mahiyyətini ifşa edib. Bu cür təbliğat kampaniyası isə onun zəifliyindən irəli gəlir.
Fizzə