İctimai Palatanın Mingəçevir şöbəsi yaradıldı

İlk toplantıda mayın 6-na planlaşdırlan mitinqə hazırlıqla bağlı məsələlər müzakirə olunub

Mingəçevir şəhərində AXCP və Müsavat partiyalarının üzvləri, eləcə də bir qrup vətəndaş cəmiyyəti fəallarının iştirakıyla Ictimai Palatanın yerli təşkilatının təsis toplantısı keçirilib. Təsis toplantısı zamanı əlaqələndirmə şurasına üzvlər seçiliblər.
Yığıncaqda AXCP sədrinin müavini, IP-in üzvü Asəf Quliyev, Müsavat başqanının müavini, IP-nin katibi Gülağa Aslanlı və təşkilat şöbəsinin təmsilçisi Aydın Acalov çıxış edərək 2010-cu ilin parlament seçkilərindən sonra dünyada və ölkəmizdə gedən proseslər, baş verən hadisələr fonunda respublikamızdakı mövcud ictimai-siyasi durum barədə danışıblar. Qeyd olunub ki, Ictimai Palata mövcud hakimiyyətdən ölkədə demoktatik islahatlar həyata keçirilməsini tələb edən aparıcı müxalifət qüvvələrini və vətəndaş cəmiyyətini öz sıralarında birləşdirən bir qurum olaraq sıralarını günbəgün genişlədirməkdədir.
Təsis toplantısında ölkədə azad, ədalətli və demokratik seçkilərin keçirilməsi, bütün vicdan məhbuslarının azadlığa buraxılması, ölkədə söz və fikir, eləcə sərbəst toplaşmaq azadlığına qoyulan məhdudiyyətlərin dərhal aradan qaldırılmasına dairÿbəyanat qəbul olunub.
IP-in aprelin 8 və 22-də keçirilmiş, həmçinin mayın 6-na planlaşdırlan növbəti aksiyasıyla bağlı məsələlər də geniş müzakirə olunub.
Qeyd edək ki, Mingəçevir şəhər təşkilatı Ictimai Palatanın indiyədək regionlarda yaradılmış sayca 46-cı şöbəsidir.

Azər