“Azərbaycanda qəti şəkildə demokratiyanı dəstəkləyirik”

«İran məsələsində BMT Təhlükəsizlik Şurasının üzvü kimi Azərbaycanın da üzərinə xüsusi məsuliyyət düşür»

Adam Sterlinq: «Hazırda ABŞ-ın Qəbələ RLS-dən istifadəyə dair heç bir planı yoxdur»

ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Adam Sterlinq APA-ya müsahibə verib. O, müsahibədə Azərbaycanda insan haqlarının durumu və digər məsələlərə də toxunub. Səfir deyib ki, demokratiya və insan hüquqları ölkəkinin əsas prioritetlərdən biridir. Müsahibəni ixtisarla dərc edirik.

– Biz qəti şəkildə demokratik islahatları və insan hüquqlarının qorunmasını dəstəkləyirik. Bu, ABŞ hökumətinin mövqeyidir, çünki bilirik ki, beynəlxalq arenada ən güclü tərəfdaşlar – güclü demokratiyaya malik olan və insan hüquqlarına hörmətlə yanaşan ölkələrdir. Biz Azərbaycanla mümkün qədər güclü tərəfdaşlıq qurmaq istəyirik və buna görə də ölkənizdə bu sahədə islahatları dəstəkləyirik. Azərbaycan 20 il ərzində bu sahədə tərəqqiyə nail olub. Lakin görüləsi hələ çox iş var. Mənim hökumətim öz bəyanatlarında bizim narahatlığımızı açıq şəkildə ifadə edir. Son zamanlar jurnalistlərlə bağlı məsələlərə xüsusi diqqət ayrılıb. Biz Xədicə Ismayılova və Idrak Abbasov kimi jurnalistlərə təzyiqlərlə bağlı narahatlığımızı ifadə etmişik. Biz bu məsələlərlə bağlı ciddi təhqiqat aparmağa çağırırıq.

– ABŞ raket hücumundan müdafiə sahəsində əməkdaşlıq çərçivəsində Qəbələ RLS-dən Rusiya ilə birlikdə istifadə məsələsini nəzərdən keçirirmi?
– Prezident Obama, ondan əvvəl isə prezident Buş raket hücumundan müdafiə sahəsində Rusiya ilə əməkdaşlığa sadiq olduqlarını bəyan ediblər. Raket təhlükəsi həm Rusiya, həm ABŞ, həm Avropa ölkələrini təhdid edir, buna görə də buna qarşı birgə müdafiə olunmaq daha yaxşı olardı. Qəbələ RLS-in raket hücumundan müdafiə sahəsində istənilən əməkdaşlıqda müəyyən rol oynayıb-oynamaması məsələsi hazırda danışıqlar masasında deyil.

– Qəbələ RLS-in icarə müqaviləsinin uzadılması ilə bağlı Azərbaycanla Rusiya arasında danışıqlar uzanmaqdadır. ABŞ Qəbələ RLS-dən təktərəfli qaydada istifadə etməkdə maraqlıdırmı?
– Bu Azərbaycanla Rusiya arasında olan məsələdir. Bizim bu danışıqlarda nə marağımız, nə də rolumuz var.

– Bəs ABŞ Qəbələ RLS-dən təktərəfli qaydada istifadə etməkdə maraqlıdırmı?
– Hazırda belə planlarımız mövcud deyil.

– Iran probleminə toxunmaq istərdik. ABŞ Irana qarşı sanksiyaların tətbiqi ilə əlaqədar Azərbaycanla məsləhətləşmələr aparırmı?
– Hökumətlərimiz arasında Irana qarşı sanksiyaların tətbiqi ilə əlaqədar məsləhətləşmələr çoxdan keçirilir. ABŞ anlayır ki, Azərbaycan Iranla həmsərhəd ölkə olduğuna görə xüsusi duruma malikdir. Və bu amillər müzakirə olunur. Azərbaycanla bu dialoq ölkənizin BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi ilə əlaqədar yeni xarakter alıb. Iranın nüvə proqramı bütün beynəlxalq ictimaiyyətə meydan oxumaqdır. Təhlükəsizlik Şurası beynəlxalq təhlükəsizliyə qarantiya verən əsas orqandır. Bununla da BMT Təhlükəsizlik Şurasının üzvü kimi qlobal səviyyədə Azərbaycanın da üzərinə xüsusi məsuliyyət düşür. Biz əlbəttə ki, Iranın təhdidlərinə veriləcək cavablar, tətbiq olunacaq sanksiyalarla bağlı BMT Təhlükəsizlik Şurasının digər üzvləri kimi Azərbaycanla da məsləhətləşmələr aparırıq.

– ABŞ-ın Azərbaycanda səfiri postuna yeni namizədin irəli sürülməsinə münasibətiniz necədir?
– ABŞ səfirliyi səfirin olmasının ABŞ-Azərbaycan münasibətlərində əhəmiyyətini qəbul edir. Bu səbəbdən prezident Obamanın aprelin 26-da Azərbaycana növbəti səfir kimi Riçard Morninqstarın namizədliyini irəli sürməsini alqışlayırıq. Lakin namizədlik prosesdə yalnız ilk addımdır. ABŞ Konstitusiyasına əsasən, Senat səfir vəzifəsinə olan namizədləri təsdiqləməlidir. Beləliklə, namizədlik barədə son qərarı Senat verəcək.