Bir aktyor ölkəsinin taleyini dəyişə bilərmi?

saadet-cahangir-koseSəadət Cahangir

İllər öncə “Times” jurnalı hind aktyoru Aamir Khanı dünyanın ən təsirli 50 insanı sırasında göstərən zaman ondan “bir aktyor ölkəsinin taleyini dəyişdirə bilərmi?” deyə soruşurlar.  O deyir ki, ölkəsinin inkişafı naminə  aktyorluqdan əvvəl  bir insan olaraq üzərinə düşənləri etməyə borclu sayır özünü. Karyerasının çiçəklənən vaxtında populyarlıqdan “imtina edən” aktyorun  hind kinosunda yeni dönəm başlatmaq səyləri də bu istəkdən irəli gəlib. Aamir Khan indi ənənələrə söykənən hind kinosuna yeni ruh gətirərək, onun  dünya arenasında yer almasına impuls verən şəxs kimi tanınır.  O, hamımızın köhnə hind filmlərindən əzbər bildiyimiz ənənəvi ssenariləri kənara qoyub, kinoya ingilis müstəmləkəçiliyi tarixi ilə bağlı mövzuları gətirib. O dövrdə baş verən xalq hərəkatları və xalq qəhrəmanlarının həyatından filmlər çəkməyə başlayıb. 2001-ci müstəmləkəçilik dövründə lagan vergisinə qarşı xalqı etiraza səsləyən gəncin hekayəti əsasında çəkdiyi film rekord izləyici toplamaqla bərabər, “Oskar”a namizədlər siyahısında  Hindistanı təmsil edib. Yeri gəlmişkən, Aamir Khan Hindistanın azadlığı uğrunda mübarizə aparan nüfuzlu şəxslərdən biri, o illərdə 6 dəfə həbs həyatı yaşamış və müstəqillik dövründə baş nazirin müavini olmuş məşhur islam alimi Abu’l Kelam Azadın nəslindəndir. Atası Tahir Hüseyn müstəqil hind kinosunun əsasını qoyanlardan biridir…

 

Məqsədim hind kinosunu irəli aparan Aamir haqqında uzun-uzadı danışmaq deyil. Sadəcə, yazıda ona verilən sual diqqətimi çəkmişdi. Doğrudan da, bir aktyor ölkəsinin taleyini dəyişə bilərmi? Böyük sənətkarımız Fuad Poladovun Dram teatrına vida etmək qərarını oxuduğum zaman bu  sual ətrafında  daha çox düşünməyə başladım.  İllərdir teatr səhnəmizdə və kinoda bir-birindən gözəl obrazlar yaradan sənətkar aktyor həmkarına edilən haqsızlığa görə böyük səhnədən ayrılmaq qərarı verib.  Həmin aktyor həmkarının işdən çıxarılmasına səbəb də, onun başqalarından fərqli, məqamı gəldikcə tənqidi fikirlərini dilə gətirməsi olub. Əlbəttə, yaşadığımız reallıqda yuxarıları tənqid etmək riskinin nəticəsini öncədən  anlamaq o qədər də çətin deyil. Şübhəsiz ki, gənc aktyor da bunu bilirdi, amma yenə də vicdanını susdura bilməyib, məqamı gəldikcə narazılığını açıq şəkildə ifadə edib. Nəticənin nədən ağır olduğu da məlum, çünki o, çoxluğun içində azlıqda qalıb hər zaman, səsinə səs verən tapılmayıb. Amma cəsurlar az sayda olsalar belə, bir məqamda gedişi dəyişirlər hökmən. Bir məqamda onların sayı da artır, səsləri də qapalı dairələri yarıb kənara çıxır. Həmin etirazçı aktyor Hikmət Rəhimov gerçəkləri dilə gətirib işini itirmək təhlükəsi ilə üz-üzə qalanda, bəlkə heç Fuad Poladov kimi böyük sənətkarın ona dəstək olaraq teatrı tərk etmək qərarı verəcəyini ağlına gətirməmişdi. Ancaq hər bir fədakarlığın bir sədası, bir “mükafatı” var, əlbət. Dünyanın bu vaxtında yaradıcı insanların sevdiyi səhnədən ayrılması ürəkaçan söhbət olmasa da, mən hər iki aktyoru ayaqda alqışlayıram. Doğrularına, haqlarına, azad düşüncələrinə sadiq qaldıqlarına, itkiləri bahasına olsa belə, insanlığın ölmədiyini hər kəsə göstərdiklərinə görə. Bir aktyor ölkəsinin taleyini dəyişə bilərmi? Dəyişə bilər demək ki. Bir aktyorun örnəyi onların, yüzlərin,  minlərin həyatında dərin izlər buraxa bilər. Bir ölkənin dəyişməsi də belə insanların yaratdıqları örnəklərə bağlıdır elə…