Ankaradan avtoritar rejimlərə sərt mesaj

Əhməd Davudoğlu: “Öz xalqının azadlıq və ədalət axtarışlarına cavab verməyən rejimlər gec-tez ya dəyişəcək, ya da yıxılacaq”

“Legitimliyi xalqın iradəsinə deyil, sahib olduğu zora söykənən iqtidarların sonunun gəldiyi ortadır”

“Status kvo”nun divarlarının yıxıldığı bu prosesin sonunda bu bölgədəki dövlət, iqtidar anlayışında və bəşəri coğrafiyada köklü dəyişikliklər yaşanması, yeni bir sülh sisteminin qurulması qaçılmaz olub…” “Tarixin gedişi məlumdur. Azadlıq, ədalət və bərabərlik axtarışları dayana bilməz. Öz xalqının bu axtarışlarına cavab verməyən rejimlər gec-tez ya dəyişəcək, ya da yıxılacaq. Ən əsası isə odur ki, bu tələb meydandakı insandan gəlir…”

Bu cümlələr Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunun Böyük Millət Məclisində Ankaranın Suriya siyasətinin müzakirəsi zamanı etdiyi çıxışdandır. Parlament müzakirələri zamanı XİN rəhbərinin çıxışı ciddi təpkilərə və etirazlara səbəb olsa da, kifayət qədər maraqlı və ciddi mesajlarla zəngin olub. Maraqlıdır ki, hər zaman sakit və təvazökar şəxs təsiri bağışlayan, “Yeni Osmanlı” xəttinin ideoloqu və aparıcı adamı Əhməd Davudoğlu ilk dəfə emosional və həyəcanlı idi. AKP hökumətinin siyasi xəttini və qonşularla münasibəti ilə bağlı çıxış edən Davudoğlunun çıxışını diktatura rejimlərinə mesaj da adlandırmaq olar. Ə.Davudoğlu inqilabi prosesin davam edəcəyini deyib: “Bölgədə bir ildən çoxdur baş verənlər bu coğrafiyada hakimiyyətlərlə xalqlar arasında əlaqələrin ancaq və ancaq legitimlik əsasında davam edəcəyini göstərir. Legitimliyi xalqın iradəsinə deyil, sahib olduğu zora söykənən iqtidarların sonunun gəldiyi ortaya çıxıb”.
Davudoğlu deyib ki, bu gün Türkiyə Orta Şərqdə sadəcə dost qardaş ölkə deyil, həm də liderdir. Bölgədə sülhün aparıcısının Türkiyə olacağını deyən XİN rəhbəri bölgədə Türkiyə ətrafında bir rifah dairəsi yaradacaqlarını deyib.
Qeyd edək ki, Davudoğlunun parlamentdəki çıxışını Türkiyənin hazırkı hökumətinin ortaya atdığı və son 5 ildə yürüdülən rəmzi adı “Yeni Osmanlı” kursu adlandırılan siyasi xəttin tətbiqi hesabatı da adlandırmaq olar. Belə ki Ə.Davudoğlu Suriya ilə bağlı müzakirələrdə yalnız bu ölkə ilə bağlı planları deyil, bütövlükdə bölgə ilə bağlı strategiyanı açıqlayıb. Son illərdə Türkiyənin yerləşdiyi bölgədə lider roluna iddia istiqamətində bir sıra cəhdlər etdiyi aydındır. Bu istiqamətdə Ərdoğan hökumətinin bir sıra uğurları da var. Demək olar ki, əksər ərəb ölkələri ilə isti münasibətlər qurulub, gediş-gəliş asanlaşdırılıb və ticarət əlaqələri inkişaf edib. Ancaq bununla yanaşı yürüdülən xətt həm də müqavimətə səbəb olub. İsraillə Türkiyə arasında münasibətlər düşmənçilik həddinə çatıb. Eləcə də bölgənin liderliyə iddialı daha bir ölkəsi olan İranla münasibətlər pisləşib. Son bir ildə isə Türkiyənin iki qonşu ölkə Suriya və İraqla münasibətləri ciddi şəkildə pisləşib. Suriya ilə müharibə vəziyyətinə gələn Ankara, son bir ayda Bağdadla ciddi diplomatik böhrana daxil olub. Ankaranın Nuri Maliki ilə münasibətlərinin soyuqlaşması Türkiyə üçün ciddi problemə çevrilə bilər.
Bu baxımdan bir sıra müşahidəçilərə görə, hazırda Türkiyənin əsas hədəfi məhz “köhnə Osmanlı” əraziləri, yəni Orta Şərqdə nüfuz dairəsini genişləndirməkdir. Bu istiqamətdə əsas maneə isə İraq və Suriyadır. Bu baxımdan Ankara əsas diqqəti iki qonşusuna yönəldib. Ancaq eyni zamanda “Yeni Osmanlı” projesində mühüm yerlərdən birini də türk respublikaları tutur. Bilindiyi kimi, Azərbaycan və Orta Asiyanın 4 türk respublikaları ilə əlaqələr Türkiyə xarici siyasətində xüsusən də son 20 ildə (sovetlər dağıldıqdan sonra) prioritet təşkil edib. Ancaq müəyyən səbəblərdən Türkiyə türk respublikaları ilə daha yaxın müttəfiq münasibətləri qura bilmədi. Burda bölgə dövlətlərinin təsiri ilə yanaşı Türkiyə daxilində siyasi çevrələrin mövqeyi mühüm rol oynayıb. Məhz ehtiyatlı münasibət nəticəsində Türkiyənin Özbəkistanla əlaqələri demək olar ki, yox səviyyəsinə enib, digər türk respublikaları ilə münasibətlər isə o qədər də hamar deyil.
Ancaq son illərdə Türkiyə hakimiyyətinin türk respublikaları ilə siyasəti artıq Ankaranın özünü də qane etmir. Eyni zamanda Türkiyədə siyasi dairələrdə geniş yayılmış fikrə əsasən türk respublikaları ilə yaxınlaşma müəyyən zaman tələb edəcək. Ən azı rus təsirində formalaşmış siyasətçilərin meydanda zəifləyəcəyi müddətə qədər türk respublikaları ilə ittifaq mümkünsüz olacaq. Ancaq bunun əksini düşünənlər də var.
Bu prosesdə xüsusən də Azərbaycanın adı daha çox hallanmağa başlayır. Türkiyədə hakimiyyətə yaxın təhlilçilərdən birinin əməkdaşımızla söhbətində bildirdiyinə görə, Azərbaycan artıq getdikcə daha çox Türkiyəyə “yük olmağa” başlayır. Azərbaycandakı siyasi vəziyyət, insan haqları, biznes mühiti ilə bağlı şikayətlər Ankara kluarlarında indi daha çox müzakirə olunan mövzulardan biridir. Doğrudur, indi Ankaranı daha çox Orta Şərq maraqlandırır, xüsusən də Suriya və İraq mövzusu. Ancaq Qarabağ münaqişəsi, Azərbaycanda demokratiya, azadlıqlar məsələsi Türkiyə gündəminə ağırlıq salmağa başlayıb.
Ekspertə görə, bu mənada Davudoğlunun son çıxışında Bakını da nəzərdə tutduğunu demək olar. Amma sadəcə bir qədər arxa planda. Ancaq bir məqam da var ki, Bakı bu gün sadəcə Dəməşq və Bağdaddan bir addım geridədir. Türkiyə Suriya və İraqla məsələləri yoluna qoyduqdan sonra “üz çevirəcəyi” növbəti qonşu Azərbaycan olacaq (“Yeni Müsavat”).