Prezident yaxşıdırsa, niyə ətrafındakı pisə “Şöhrət” ordeni verir?

Açığı, Ziya Məmmədova “Şöhrət” ordeni verilməsi yaxşı oldu. Ilham Əliyev quşu düz gözündən vurdu.
Şəxsən mənə çox ləzzət elədi. Ürəyimdən xəbər verdi. Dünəndən bəri kef edirəm. Bu iki sadə səbəbdən:
BIR: Azərbaycan hazırda bütün dünyada korrupsiyanın səviyyəsi ilə şöhrət tapıbsa, bunda xidməti olanların “Şöhrət” ordeni ilə təltif edilməməsi böyük haqsızlıq olardı.
IKI: Bu təltifdən sonra “Ilham Əliyev Azərbaycan xalqının xoşbəxtliyini istəyir, amma nazirlər onun əl-ayağına dolaşır, prezidentə mane olur” deyənlərin gözlərinin içinə baxmağı çox istəyirəm. “Gözlər qəlbin aynasıdır” deyirlər, ona görə də onların gözlərinin içinə baxıb bilmək istəyirəm: Ziya Məmmədova “Şörət” ordeni verilməsindən sonra o söylədiklərinə görə içləri azca da olsa sızlayırmı? Azca da olsun, vicdan əzabı çəkirlərmi? Ürəklərində azca da olsa, bir peşmançılıq, bir utanc duyğusu varmı?
Azərbaycanda “korrupsiya” deyiləndə…
“Büdcə pullarının yağmalanması” deyiləndə…
“Yol, körpü, keçid tikintisi adı altında milyardların altından girilib üstündən çıxılması” deyiləndə ilk yada düşən adamlardan birini “Şöhrət” ordeni ilə təltif etmək əslində, Ilham Əliyevin “Bundan sonra da belə davam et! Çal-çap, çırpışdır gətir!” əmridir. Korrupsiyanın daha da çiçəklənməsinə xeyir-duasıdır.
Əlahəzrətdən “yaxşı prezident” obrazı düzəltmək istəyənlər bundan sonra hansı üzlə danışacaqlr, hansı haqla, hansı vicdanla “prezident yaxşıdır, ətrafı pis” nağıllarına davam edəcəklər? Yaxşı prezident də heç pis olan ətrafını ölkənin ən ali mükafatları ilə təltif edərmi?
“Eurovision”un siyasiləşməsinin əsasını kim qoyub?
Rejim və yandaşları bir-birinin ağzına tüpürübmüş kimi, eyni şeyi deyir: “Eurovision”u siyasiləşdirmək olmaz!”
“Olmaz” deyirlər, olmasın.
Amma bir zəhmət, bu suallara da cavab versinlər: bəs siz özünüz niyə “Eurovision” iştirakçılarını zurna-qavalla YAP-a keçirirdiniz? Bununla “Eurovision”u siyasiləşdirməyin əsasını elə özünüzün qoyduğunuzun doğrudanmı, fərqində deyilsiniz? Bilmirdinizmi ki, külək əkən bir gün də fırtına biçəcəkdir?
Yoxsa, siz özünüz də YAP-ı siyasi qurum hesab etmirsiniz?
Yoxsa, siz özünüz də tıpkı bizim kimi, YAP-ı partiya anlayışına parodiya sayırsınız?
Elə isə açıq-açıq söyləyin, biz də “ok” deyək, yaxanızdan düşək.
Türkiyədə yeni bir “Nazim Hikmət vaqeəsi”
Çağdaş Türkiyənin ən vicdanlı simalarından biridir Fazil Say.
Dünyaca ünlü pianoçu olması bir yana, vətəndaş mövqeyi olan, Türkiyənin gələcəyindən narahatlıq duyan, onun Cümhuriyyət ideallarından uzaq düşməsindən əndişə keçirən, bu narahatlıqlarını, əndişələrini zaman-zaman dilə gətirən bir sənətçidir.
Elə ona görə də şəriətəçilərdən, Türkiyəni “yeni Iran”a çevirmək, dünyəvi, modern Türkiyənin yerində dinə dayanan bir Türkiyə yaratmaq istəyənlərdən eşitmədiyi hərzə-hədyanlar yoxdur. Barəsində təzəlikcə cinayət işi belə, açdılar.
Son günlər isə “Fazil Say Türkiyədə qalsınmı, getsinmi?” mövzusunda bir polemika başladılıb. Bu polmikada “Fazil Say Türkiyədən getsin” deyənlər üstünlük təşkil edir.
Fazil Sayın getməsinə tərəfdar olanlar isə iki qrupa ayrılır.
Bir qrup xoşniyyətlidir: məşhur pianoçunun vətənində qalmasını onun həyatına təhlükə kimi görürlər. Ona görə də Türkiyədən getməsinə tərəfdardırlar.
Digər bir qrup isə Fazil Sayı “Madam Türkiyəni bəyənmir, buradakı inkişafı gözü götürmür, buyursun, yolu açıq olsun” deyə, mədəni şəkildə vətənindən qovmaqdadır.
Acınacaqlı mənzərədir: qosqoca Türkiyə hələ də Nazim Hikmət hadisəsindən dərs çıxarmayıb. Hələ də bir sənətçini, bir düşüncə adamını rahatlıqla dışlaya, sürgünə göndərə bilir.
Nazim Hikmət utancı unudulmadan yeni bir utanca hamilədir Türkiyə. Biz ondan yaşadığımız coğrafiyanın avtoritar, totalitar rejimlərinə demokratiya örnəyi, azadlıq, çağdaşlıq nümunəsi olmasını gözlədiyimiz halda, bizi xəyal qırıqlığına uğratmaqda davam edir Türkiyə.
Təəssüf. Çox təəssüf.