Həsən Kərimov: «Bu dəfə məsələni çox ciddi qoyacağıq»
Ictimai Palata mayın 6-na təyin olunan yürüş-mitinqə yer ayrılması üçün sabah Bakı Şəhər Icra Hakimiyyətinə müraciət edəcək. Bunu, AXCP Ali Məclisinin sədri Həsən Kərimov qəzetimizə açıqlamasında deyib. Onun sözlərinə görə, meriya bu dəfə də qanunu pozub müraciətə gec cavab versə, Ictimai Palatanın Koordinasiya Şurası bununla bağlı ayrıca qərar qəbul edəcək: “Bu dəfə məsələni çox ciddi qoyacağıq. Meriya zəhmət çəksin, qanuna əməl etsin. Əgər yenə eyni şey təkrarlansa, aksiya qərarı qüvvədə qalmaqla yanaşı, başqa bir qərar qəbul edəcəyik”.
Xatırladaq ki, aksiyanın mayın 6-da saat 16-dan 18-dək Bakıda, aşağıdakı ünvanlardan birində keçirilməsi haqda qərar qəbul olunub: Binəqədi rayonunun 7-ci mikrorayon ərazisindən – keçmiş “Inqilab” kinoteatrının qarşısından başlayaraq Süleyman Sani Axundov küçəsindən keçməklə metronun “Dərnəgül” stansiyasının dəmiryoluna tərəf çıxışınadək; Nizami rayonunun 8-ci kilometr qəsəbəsindən – Azər Manafov küçəsinin əvvəlindən başlayaraq “Təbriz” kinoteatrının qarşısındakı meydanadək; Nərimanov rayonunun Təbriz prospekti ilə kəsişməsindən başlayaraq Əliyar Əliyev küçəsi ilə keçməklə “Nərimanov” parkınadək.
Yürüş-mitinq “Yeni parlament seçkiləri”, “Qarabağa azadlıq”, “Siyasi məhbuslara azadlıq”, “Sərbəst toplaşmaq azadlıqları təmin edilsin”, “Əmanətlər birə-bir qaytarılsın”, “Əmlakımıza toxunmayın”, “Korrupsiya və rüşvətxorluğa son” şüarları ilə keçiriləcək.
Mitinq məsələləri ilə məşğul olmaq üçün Koordinasiya Şurasının üzvləri Vidadi Mirkamal, Mehriban Vəzir və Qələndər Muxtarlıdan ibarət komissiya yaradılıb.


