“Hakimiyyət daxildən deqradasiyaya uğrayıb, çürüməkdədir”

n memmedli-yeni«Mitinqlər xalqın artıq bu rejimin antimilli siyasətinə dözməməsinin ifadəsi idi»

Nurəddin Məmmədli: «Elmdə regionçuluq 69-cu ildən başlayıb, Siyavuş Novruzovdan da betərləri var, ömründə kitab oxumayan elmlər doktorudur»

Xarici mətbuatda Azərbaycan iqtidarının ünvanına tənqidlərin səsləndirilməsi, eyni zamanda ölkə daxilində müxalifətin izdihamlı aksiyalar keçirməsi YAP hakimiyyətinin narahatçılığına səbəb olub. Bu səbəbdən də hakimiyyət hər iki tərəfə qarşı hücuma keçib. Bu və gündəmi zəbt edən digər məsələlərlə bağlı Ictimai Palatanın üzvü, AXCP sədrinin müavini Nurəddin Məmmədlinin fikirləri ilə tanış olduq.

– Ictimi Palata may ayının 6-na növbəti aksiyasını təyin edib. Biz Sizin bundan əvvəlki aksiyalara münasibətinizi bilmək istəyirik.
– Təbii ki, bu aksiyaların keçirilməsində bizi həm qane edən, həm də qane etməyən cəhətlər var. Qane edən cəhət Azərbaycan xalqının artıq bu rejimin antimilli siyasətinə dözməməsinin ifadəsi idi. Əgər hər şeyi olduğu kimi etiraf etmək mümkündürsə, biz birinci aksiyada meydanda maksimum beş-altı min adamın gələ biləcəyini proqnozlaşdırırdıq. Amma on mindən artıq insan iştirak etdi və çox möhtəşəm aksiya alındı. Bu bizim apardığımız mübarizənin real nəticəsi olaraq qənaətverici bir hadisə idi. Eyni zamanda aksiyanın yüksək səviyyədə keçirilməsi, oradakı çıxışlar, ifadə olunan konkret təkliflər, mitinq iştirakçılarının emosional reaksiyaları Azərbaycan müxalifətinin etimadının getdikcə artdığının ifadəsi idi. Amma bütün bunlarla paralel olaraq bizi qane etməyən bir sıra cəhətlər də vardı. Ilk növbədə onu qeyd etmək lazımdır ki, birinci aksiyanın keçirilməsinə bir saat qalmış insanların 20-ci sahəyə gəlməsinə çox ciddi maneələr törədildi. Bunun nəticəsində minlərlə potensial aksiya iştirakçısı həmin prosesdən kənarda qaldı. Eyni zamanda meydanın özündə də bir sıra xoşagəlməz maneələrə imkan yaradıldı. Bu da bütövlükdə aksiyaya hakimiyyətin çox aqressiv münasibətinin, qeyri-qanuni və qeyri-əxlaqi davranışının təzahürü kimi dəyərləndirilə bilər. Bu kontekstdə xüsusilə qeyd etmək istədiyim bir məsələ var. Hakimiyyət ideoloqları bu aksiyalara icazə verilməsini hakimiyyətin sərbəst toplaşmaq azadlığına hörmətlə yanaşması kimi təqdim etdi. Ancaq hadisələrin daxili mahiyyəti Azərbaycanda sərbəst toplaşmaq azadlığının olmaması fikrini çox qətiyyətlə ifadə etmək imkanı yaratdı. Belə ki, sərbəst toplaşmaq azadlığına hörmət olunan ölkədə aksiya şəhərdən kənarda, hakimiyyətin öz dili ilə desək, qeyri-qanuni tikilmiş evlərin arasında keçirilmir. Digər tərəfdən əgər bu sərbəst toplaşmaq azadlığıdırsa, insanların aksiyaya gəlməsinə bu cür maneəçiliklər də “Sərbəst toplaşmaq haqqında” qanunun təməl prinsiplərinə kökündən ziddir. Ona görə də, biz hesab edirik ki, hakimiyyətin “Azərbaycanda sərbəst toplaşmaq azadlığına təminat var” fikri tamamilə əsassızdır, buna haqq qazandırmaq olmaz.
Ikinci aksiyaya iki saat qalmış yollar bağlandı, hətta taksilərin hərəkətinə də qadağa qoyuldu. Ona görə, hesab edirəm ki, adekvat addımlara ciddi ehtiyac var. Bu addımlardan biri kimi Bakı Şəhər Icra Hakimiyyəti qarşısında piketin keçirilməsi nəzərdə tutulub. Bu piket vasitəsilə biz Azərbaycanda hələ sərbəst toplaşmaq azadlığına imkan verilmədiyini xüsusi vurğulamaq istəyirik. Əgər hakimiyyət bu dəfə aksiyaların normal keçirilməsi üçün şəhər daxilində müvafiq meydanlar verib maneələri aradan qaldırmaq öhdəliyini üzərinə götürməsə, təbii ki, bu cür aksiyaların fasiləsiz davam etməsi perspektivləri haqqında düşünürük.

“Insanların Ilahi hüquqları pozulur”

– Xarici mətbuatda, xüsusilə də dünyanın nüfuzlu nəşrlərindən bu aksiyalara diqqət böyük oldu. Bunu nə ilə əlaqələndirirsiniz?
– Bəziləri bunu “Avroviziya” ərəfəsində Azərbaycanda despotik rejimin mövcudluğu ilə izah etməyə çalışırlar. Çünki “Avroviziya” bir hərəkat, proses kimi Avropanın inteqrasiyasına nail olmaq, müsiqi vasitəsilə demokratiyanın, humanizmin yayılmasını təbliğ edən bir layihədir. Azərbaycanda isə vicdan və siyasi məhbusların sayı yüzə yaxındır. Ölkədə insan hüquq və azadlıqlarına təminat yoxdur. Bütövlükdə götürəndə mülkiyyət hüququ çox geniş şəkildə pozulur. Hətta vətəndaşların yaşam hüququ təhlükə altındadır. Ictimaiyyət nümayəndələri, jurnalistlər qətlə yetirilib. Onların qatilləri tapılmır. Insanın iki Ilahi hüququ var. Biri yaşamaq, biri də mülkiyyət hüququdur. Heç bir rejim şəraitində heç bir halda bu hüquqlar pozula bilməz. Azərbaycanda isə bu iki hüquq kobud şəkildə pozulur. Ona görə də, bunun “Avroviziya” ilə əlaqələndirilməsində müəyyən məntiq var. Amma mən hesab edirəm ki, bu, bütövlükdə dünyada baş verən demokratikləşmə dalğası ilə bağlıdır. Yəni, Azərbaycan bu gün Avropanın coğrafi məkanına daxildir. Bu məkanda bu cür despotik, diktatura rejiminin mövcud olması Avropa ənənələrinə tamamilə ziddir. Avropa inteqrasiyasına təhqirdir. Ona görə də, Azərbaycan hakimiyyətindən tələb olunur ki, Avropa Şurası və Avropa Ittifaqı qarşısında götürdüyü öhdəliklərə əməl etsin. Azərbaycan “Şərq tərəfdaşlığı proqramı”nın iştirakçısıdır. Bu proqram prinsip etibarı ilə Azərbaycanın Avropa Ittifaqına inteqrasiyasının orta mərhələsini həyata keçirmək üçün nəzərdə tutulan bir layihədir. Azərbaycanda vicdan məhbusu varsa, mülkiyyət hüququna hörmət olunmursa, vətəndaşlar öldürülürsə, polis idarələrində işgəncələrə məruz qalırsa, onda bunu Avropaya inteqrasiya kimi qəbul etmək mümkün deyil. Ona görə də bu problemlər daha qlobal yanaşma tələb edir. Bu da Azərbaycanın dünyada baş verən proseslər fonunda demokratikləşməsi anlamına gəlməlidir.

“Hakimiyyətin mübarizə vasitələri yoxdur”

– Xarici mətbuatda Azərbaycanla bağlı yazılanlara hakimiyyət çox sərt reaksiya verir. Hətta buna görə Almaniya ilə münasibətlər də gərginləşib. Bir neçə məqaləyə belə aqressiv cavab verən hökumət bir aydan sonra ölkəyə gələcək 1700-dən çox jurnalistin yazacaqları qarşısında nə edəcək?
– Azərbaycan hakimiyyətinin dünya mediasının ona yönəlik tənqidlərinə və beynəlxalq təşkilatların haqlı hesabatlarına, iradlarına bu cür aqressiv reaksiyası avtoritar rejimin mahiyyətindən irəli gəlir. Çünki bunların mübarizə vasitələri yoxdur. Bunlar həqiqəti ortaya qoyub deyə bilmirlər ki, bu məsələ siz təqdim edən kimi deyil. Başlayıblar Almaniyanın tarixini araşdırmağa, bu ölkədə alkoqolizmin, narkomaniyanın tüğyan etməsi barədə hədyanlar danışmağa. Bütün bunların fonunda hakimiyyətin təhlükədən doğan qorxusuna ən düzgün cavabı Almaniyanın Azərbaycandakı səfirliyi bildirdi. Almaniyanın hansı dəyərlərə söykəndiyini hər hansı böhtan kampaniyası ilə heç kimə sübut etmək mümkün deyil. Azərbaycan hakimiyyətinin bütün dünyaya müharibə etmək əvəzinə, ölkədə islahatların keçirilməsini və dünyada bu gün baş verənlərdən lazımi dərs alması zəruridir. Bu, həm hakimiyyətdəkilərin özləri üçün, həm də bütövlükdə Azərbaycan xalqı üçün olduqca zəruridir. Əgər bu baş verməsə, hadisələrin bugünkü inkişafı çox faciəli nəticələrə gətirər, Tunisdə, Liviyada baş verənlərin təkrarı ola bilər.

“Hakimiyyət daxildən deqradasiyaya uğramaqdadır”

– Ilham Əliyevin son müşavirədə səsləndirdiyi bəyanat nəyə hesablanmışdı? Bu beynəlxalq aləmə bir mesaj idi, yoxsa öz komandasını sakitləşdirmək cəhdi idi?
– Mürəkkəb sistemlərin dağılması həm daxili, həm də xarici təsirlərlə mümkün olur. Daxildə bir harmoniya olanda sistem öz dayanıqlığını itirir. Hətta xaricdən təsir olmadığı halda o sistem yaşaya bilmir. Sovet ittifaqı məhz daxili faktorların, daxili ziddiyyətlərin baş verməsi nəticəsində dağıldı. Azərbaycan hakimiyyəti daxildən bu cür deqradasiyaya uğramaqdadır, daxildən çürüməkdədir. Çünki bu komanda ölkəni idarə edə bilmir. Ölkədə korrupsiya, rüşvətxorluq dövlət siyasətinə çevrilib və hər şey bunun üzərində qurulub. Bu isə xalqı təngə gətirib. Millətin hüquqlarının bu cür kobud şəkildə pozulması inqilabi əhval-ruhiyyə yaradır. Belə bir şəraitdə hakimiyyət daxili qruplaşmalar arasındakı ziddiyyətlərin kəskinləşməsi xaricdən təsir olmadan da bu sistemin çökməsinə səbəb ola bilər. Digər tərəfdən isə xarici faktorlar getdikcə daha effektli təsir göstərə bilər. Almaniya rəsmi şəkildə ifadə edir ki, bizim ombudsmanın ifadə etdiyi fikirlər əslində dövlət siyasətidir. Azərbaycan bu cür yaşaya bilməz və bu cür təhqir olunmağa layiq deyil. Digər ölkələrdən də Azərbaycana təpkilər artmaqdadır. Çox maraqlıdır ki, əvvəlki illərdən fərqli olaraq bu gün Avropa Ittifaqından başqa ölkələrə münasibət iki dövlət arasında müqavilələr və münasibətlər fonunda baş vermir. Vahid bir konseptual yanaşma ortaya qoyulur və Azərbaycana tətbiq olunmada bu missiyanı Almaniya öz üzərinə götürüb. Ona görə də bu gün Almaniyanın adından deyilən hər bir söz, verilən bəyanat prinsip etibarı ilə Avropa Ittifaqının mövqeyini ifadə edir. Hakimiyyət bundan olduqca narahatdır. Həm daxildən, həm də xaricdən təzyiqlərin artması hakimiyyəti hər iki cəbhədə addımlar atmağa məcbur edir.

“Elmdə regionçuluq 1969-cu ildən başlayıb”

– Elm sahəsində də ciddi problemlər var. Cəmil Həsənli akademiya sistemində regionçuluğun hökm sürdüyünü deyib. Elmin Inkişafı Fondunun icraçı direktoru isə 3 elmi işin plagiat olduğunu deyib. Bu vəziyyəti Siz necə dəyərləndirirsiniz?        
– Azərbaycanda elm faktiki olaraq bir dəyər kimi məhv edilib. Mənim vaxtilə çalışdığım, çox böyük elmi nailiyyətlərə imza atmış Azərbaycan Elmlər Akademiyasının Fiziologiya Institutunda son bir neçə il ərzində onlarla dissertasiya Ali Attestasiya Komissiyası tərəfindən ləğv olunub. Bunun hamısı plagiat nəticəsində baş verib. Amma təvəzökarlıqdan uzaq olsa da, Fiziologiya Institutunda işlədiyim müddətdə təkcə mənim aparıdığım tədqiqatlar üç dəfə sovet elminin nailiyyətləri siyahısına daxil oldu. Onlarca bu cür alimlər var idi ki, SSRI, dünya miqyasında böyük nüfuz sahibi idi. Bu gün onlardan heç kim qalmayıb. Akademiya prinsip etibarı ilə sadəcə olaraq mövcudluğunu nümayiş etdirməyə çalışır. Bu günlərdə Elmlər Akademiyasının həqiqi və müxbir üzvlərinin seçilməsi ilə bağlı müsabiqə elan olunub. Ona bir şərh yazdım ki, Azərbaycanda elm olmadığı halda müxbir üzvlərin və həqiqi üzvlərin seçkisi keçirilir. Bu dəhşətli bir mənzərədir. Həm də ona görə dəhşətlidir ki, Azərbaycanda iqtisadiyyatı dövlət idarəçiliyini, təhsili, səhiyyəni qısa müddətldə yoluna qoyub problemləri həll etmək olar. Amma elmi potensiala dəyən zərbəni on illərlə, bəlkə də yüz illərlə bərpa etmək mümkün olmayacaq. Bu xalqa qarşı xəyanətdir. Regionçuluq məsələsi Azərbaycan elmində 1969-cu ildən mövcud olub.
Həmin dövrdən mən elmdə olmuşam, həmişə bunu hiss etmişik, görmüşük. Azərbaycanda heç vaxt akademiya seçkiləri şəffaf olmayıb, siyahı əsasında Mərkəzi Komitənin tapşırığı ilə olub. Ailəyə mənsub olanlardan biri ayrı-ayrı siyahıları oxuyub elan edirdi ki, bu siyahıdan filankəs keçməlidir. Sonra da bülletenləri aparıb seçki komissiyasının sədrinə göstərirdilər ki, bax, mən düz pozmuşam. Azərbaycan elminə o vaxtdan böyük zərbələr dəymişdi. Amma bizim Moskva ilə əlaqələrimiz olan vaxtda pis-yaxşı nəsə etmək olurdu. Amma bu gün Azərbaycan elmi öz gücünü tamamilə itirib. Elmin mövcudluğundan çox plagiatın, qanunsuzluğun mövcudluğunu söyləmək olar. Azad Mirzəcanzadənin dönəmində Ali Attestasiya Komissiyasının üzvü olanda “Bu gün Azad Mirzəcanzadəyə qarşı hücuma keçib iqtidar mənsublarının məqsədi bazarkomdan tutmuş hamam müdirinə qədər bütün qohmularının professor görmək istəyidir” başlıqlı analitik təhlil yazısı yazmışdım. Həmin o dövrü yaşayırıq. Milli Məslis üzvlərinin, dövlət məmurlarının hamısı elmlər doktorudur. Ömür boyu elmlə məşğul olmayan bir adam necə alim ola bilər. Biz bunun üçün 20-25 il kitabxanalarda ömür qoyurduq, dünyanın onlarca jurnallarında çap olunurduq, yalnız ondan sonra doktorluq dissertasiyasını müdafiə etmək mümkün olurdu. Keçmiş raykom katibləri, bügünki məddahlar, Azərbaycanın düşmənləri hamısı alimdi, titullar daşıyır. Təbii ki, bu plagiatdır, yalançılıqdır, elmi məhv etmək siyasətidir.  

“Siyavuş Novruzovdan betərləri də var”

– Deputatların, məmurların alimliyinə toxunmaq istəyirdim. Məsələn, Bahar Muradova, Siyavuş Novruzov kimi şəxslərin elmlər doktoru olmasını necə dəyərləndirmək olar?
– Ədalət xatirinə deyim, Siyavuş Novruzovun on il əvvəlki vəziyyəti ilə indikinə baxanda görürəm ki, o nəsə oxuyur. Güclü məntiqi olmasa, qərəz çox olsa da, savadı aşağı səviyyədə olsa da, müəyyən inkişaf, yeniləşmə, səviyyələşmə hiss olunur. Ondan betərləri var. Oturub Prezident Administrasiyasında, Nazirlər Kabinetində, ömrü boyu kitab ağzı açmayıb. Heç nə oxumayıb və bu gün elmlər doktorudur.

Fizzə Heydərli