«Fövqəlnazir» «Mur-Ay»ın təsisçisinin son açıqlamasından hiddətlənib
“Mur-Ay” MMC-nin təsisçisi Elxan Hüseynovun açıqlaması fövqəladə hallar naziri Kəmaləddin Heydərovu qəzəbləndirib. Söhbət Elxan Hüseynovun həbs edilərkən təzyiq yolu ilə ondan Kəmaləddin Heydərov və Prezident Administrasiyasının şöbə müdiri Zeynal Nağdəliyevin əleyhinə ifadə almağa cəhdlər edilməsi barədə açıqlamasından gedir. Iş adamı bunu Bakı Ağır Cinayətlər Məhkəməsinin sədri Mahmud Nəbiyevə ünvanladığı məktubda yazıb. Elxan Hüseynov Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Idarəsi tərəfindən həbs edilib. Ümumiyyətlə, “Mur-Ay”la bağlı istintaqı DIN aparıb.
Əldə etdiyimiz məlumatlara görə, Kəmaləddin Heydərov Elxan Hüseynovun bu açıqlamasından sonra daxili işlər naziri Ramil Usubovun ona qarşı hansısa planlarının olduğunu düşünüb. Bərk qəzəblənən Kəmaləddin Heydərov daxili işlər nazirindən izahat tələb etməyi qərara alıb. Məlumatlarda deyilir ki, yaxın vaxtlarda “fövqəlnazir” Elxan Hüseynovun məlum açıqlaması ilə bağlı Ramil Usubovdan izahat istəyəcək.
İnformasiya şöbəsi