“Biz Azərbaycanın müasir demokratiyanı inkişaf etdirməsini və regional güc olmasını istəyirik”
Amerikada Azərbaycan və Türkiyə icmaları üzvlərinin ABŞ-ın vitse-prezidenti Cozef Baydenlə görüşü olub. Görüş Vaşinqtonda ABŞ-Azərbaycan münasibətlərinin 20 illiyi münasibətilə iki günlük konfransın ardınca keçirilib.
Vitse-prezident ABŞ-da seçki ilində ölkədə yaşayan müxtəlif xalqların nümayəndələrini təmsil edən icma üzvlərinin dəstəyinin əhəmiyyətini vurğulayıb.
Görüşə ABŞ-ın Virciniya, Merilend, Florida, Texas və digər ştatları, habelə Vaşinqton şəhərində yaşayan azərbaycanlılar və türklər, ABŞ-Azərbaycan konfransında iştirak edən Azərbaycan nümayəndə heyətinin üzvləri qatılıb. Co Bayden görüş zamanı çıxışında Azərbaycanla bağlı maraqlı fikirlər səsləndirib.
Vitse-prezident Azərbaycanın demokratik cəhətdən inkişafının və regionun lider dövlətinə çevrilməsinin ABŞ-ın maraqlarına uyğun olduğunu söyləyib: “Biz Azərbaycanın böyük potensiala sahib ölkə olduğunu bilirik. Biz Azərbaycanın müasir demokratiyanı inkişaf etdirməsini və regional güc olmasını istəyirik”.