Yasamal rayon Polis Idarəsinin rəisi Möhübbət Hüseynovun işdən çıxıb-çıxmaması artıq gündəmi zəbt edib.
Iki gündür nazirlik dalbadal açıqlama verməyə məcbur olur ki, Usubov əmr imzalayıb, Yasamalın polis rəisi və müavini yol verdikləri nöqsanlara görə işdən çıxarılıb; amma M.Hüseynov fakta inanmaq istəmir, bəyan edir ki, yox canım, hələ iş başındayam, işdən çıxarılmağımla bağlı mənə heç nə deməyiblər.
Əmr varsa, ictimaiyyətə açıqlanıbsa, bəs, M.Hüseynovun bundan niyə xəbəri yoxdur?
Adamı necə də urvatsız elədilər: cənab polkovnik illərlə zillət çəkib, müxalifəti dəyənək altına salıb, baş redaktoru şərləyib içəri tullayıb, qarğış yiyəsi olub, şərə sədaqətlə xidmət edib, amma təqaüdə çıxmağına cəmi bir ay qalmış əmrlə işdən qovdular, arın-arxayın pensiyaya yollanmasına imkan vermədilər. O isə elə bilirdi ki, buyruq qulu olmaqla etdiyi allahsızlıqlara görə hakimiyyət onu xətir-hörmətlə istirahətə yollayacaq.
Bunlar gözü çıxmış qardaşlarından nə vaxt ibrət götürəcəklər?
Rayonlararası sərhəd mübahisəsi
Dünən xəbər buraxılışlarında maraqlı bir müsahibə eşitdim. Deməli, cənub rayonlarından birinin rəsmisi bəyan etdi ki, illərdi rayonlar arasında davam edən sərhəd mübahisəsi nəhayət, həllini tapdı, bundan sonra aqrar sahədə irəliləyiş olacaq.
Günümüzə bax, Ilahi! Bu hakimiyyət 17 ildi Saatlının Sabirabad və Salyanla “sərhəd mübahisəsini” həll edə bilmirmiş, 3-4 rayon ortalıqdakı boş sahəni əkib-becərmirmişlər, “neytral sahə” kimi saxlayırmışlar.
Bunun üstündən qətiyyən utanıb-eləmədən Elmar Məmmədyarov açıqlama verir ki, ermənilər danışıqları uzatmaq istəyir, amma biz buna imkan verməyəcəyik. Adam, sən iki icra başçısının mübahisəsini 17 ildir həll edə bilmirsənsə, ermənilərə nədə və nəyi imkan verməyəcəksən?!
Neft-su kəməri
Illərlə uzanan Oğuz-Qəbələ-Bakı su kəmərinin açılışında bu biabırçı ləngimə və korrupsiya layihəsi Bakı-Ceyhan xəttiylə müqayisə olundu.
Lap yaxşı, biz də müqayisə edək:
Bakı-Tbilisi-Ceyhan neft kəmərininin tikintisi 2002-ci ilin sentyabrın 18-də başlayıb, 2006-cı ilin mayında qurtarıb, yəni 3 il 8 ay çəkib.
Oğuz-Qəbələ-Bakı su kəmərinin tikintisi isə (2007-ci il martın 2-dən 2010-cu ilin dekabrın 28-dək) 3 il 10 aya tamamlanıb.
Bakı-Ceyhan neft kəmərinin uzunluğu 1774 km-dir, Oğuz-Bakı durbasının uzunluğu 262 km-dir.
Bakı-Ceyhan borusu 1500 çayla kəsişib, keçdiyi ən hündür ərazi dəniz səviyyəsindən 2700 metr yüksəklikdədir.
Oğuz-Bakı su kəməri isə cəmi bir neçə çayla kəsişib, hündür ərazilərə isə qalxmayıb – çünki su öz axını ilə gəlir.
Bakı-Ceyhan neft kəmərini bp çəkib – işçilər neft qiymətinə işlədilib, yüksək əməkhaqqı ilə təmin edilib, borunun keçdiyi bir çox ərazilərdə torpaq vətəndaşlardan satın alınıb.
Oğuz-Bakı su kəmərini Azərbaycan şirkəti çəkib, işçilər su qiymətinə işlədilib, keçdiyi ərazilərdə vətəndaşlara bir qara qəpik də pul verilməyib.
Bakı-Ceyhan 4 milyard dollara başa gəlib, Oğuz-Bakı 1 milyard dollara.
Birinin neft, digərinin su olmasına, birinin 3 ölkəni, digərinin 3 rayonu basıb keçməsinə, birində minlərlə, digərində yüzlərlə işçinin çalışmasına və s. zadlara qətiyyən əhəmiyyət vermədən indi özünüz deyin: necə olur ki, 1774 km-lik durba 4 milyarda, 262 km-lik durba 1 milyard dollara başa gəlir?