Bizi öldürürlər

İdman və kriminala aid xəbərləri qəzetdə əksər hallarda oxumuram. Idmandan zəhləm gedir, kriminalı isə niyə bəyənmirəm, heç düşünmədim də. Yəqin, bu orqanizmin özünüqoruma instinktidir – neqativdən qaçma. Özü də fikir vermisinizmi ki, Hacı Məmmədovun yaradıcılığını çıxmaq şərtilə bizim kriminal olaylar nə qədər qeyri-ciddi, bayağıdır? Bir də görürsən ki, qardaş qardaşı “televizorun pultu kimdə olmalıdır” mübahisəsi üstündə öldürür, ata oğlunu siqaretini oğurladığına görə və s.
Ancaq bazar günü necə olduğunu özüm də bilmədən, bir kriminal xəbərə şahid oldum və çox düşündüm. ANS-ə baxmısınızsa, yəqin ki, siz də görmüsünüz. “Şamaxinka” adlanan ərazidə yol polisi bir gənc sürücünün başına nə oyun gətiribsə, o, vəfat edib.
Bu hadisədən iki ay əvvəl eyni qətli nəqliyyat müfəttişi Nərimanov rayonunda törətmişdi. Hər iki hadisədən sonra dövlət məmurlarının açıqlaması eyni oldu. O zaman Nəqliyyat Nazirliyinin sözçüsünün dediyini indi DYP-nin sözçüsü təkrarladı. Guya, sürücünün ürəyi əvvəlcədən xəstə olub, sadəcə, müfəttişlər ona etdiyi xətanı xatırladanda həyacanlanıb, keçiniblər.
Insanları, ictimaiyyəti bundan artıq hansı formada ələ salmaq olar?
Adamlarımızı bir-bir gözümüzün önündə, günün günorta çağı öldürürlər, bizsə hələ də susuruq.
Statistika aparsaq, azərbaycanlı sürücülərin 90 faizinin ürəyilə bağlı problemi var. Yerdə qalan 10 faizin ürəyi ümumiyyətlə yoxdur, ya da o ürək çoxdan daşa-dəmirə çevrilib. Deməli, bizim bütün sürücülərin müfəttişlərin əlində öldürülmə və qanlarının bəri başdan batırılma ehtimalı yüksəkdir. Ya ürək adlı orqandan imtina etməlisən, ya da sürücülükdən. Azərbaycan reallığı ucuz ölümdən qurtulmaq üçün bu cür sadə yol seçimi qoyub qarşımıza.
Bir zamanlar heydərçilərin dilinə düşən “Cəbhə hakimiyyəti vaxtı küçələrə çıxa bilmirdik” tezisinin indi nə yeridir, amma…
“Şamaxinka”da qətlə yetirilən və hələ 7-si çıxmayan o gənc indi sizləri düşündürsün: Küçələrdə dolaşmaq indi çoxmu rahatdır?
Hansınızın sabah Ziya Məmmədovun qoçularının yumruğunun altına düşüb, o dünyalıq olmamaq qarantiyanız var?
Bu rejim küçənin ortasında akademiki də öldürür, jurnalisti də, generalı da… Adi sürücü olmağınız da sizin yaxanızı onun cəngindən qurtara bilməyəcək. Demokratik mübarizəyə qoşulmursunuzsa, heç qoşulmayın, amma heç olmasa, canınızın hayına qalmaq üçün heydərizmlə üzülüşmək haqda düşünün.
Ilin sona yetməyinə az qaldı. Geriyə baxırsan, heç bir fərəhli hadisə yoxdur. Bu, insanı ağrıdır. Ancaq ən dəhşətlisi və acı verəni isə gələn ilə də Əliyevçi bir zehniyyətlə adlamağımızdır. 1969-cu ildən bəri xırda istisnaları çıxsaq, bizi illərdən illərə daşıyan hey onlar oldu. “Su da bir yerdə qalanda iylənir” demişdi bizim xalq, amma bir yerdə 41 ildir dayanan və sudan fərqli olaraq, heç bir saflığı, təmizliyi, həyatiliyi olmayan bir sistemə nə hikmətdirsə, hələ də dözürük.
Sanki bu isti keçən qışla təbiət özü bizə yeni il ərəfəsində mesaj verir: Qış yuxusuna getməyək, yatmayaq, dinamik olaq. Dünya boyunca avtoritar rejimlərin rüsvay edilib, çökdürülmə prosesinə start verildiyi anda yuxu bizə haram olmalıdır.
Yox, doğrudan da Əliyevçi rejimdən könlümüz xoşdursa, o zaman siz Allah, deyingən şikayətlərinizlə orada-burada baş-gözümüzü ağrıtmayın.