DIN-də Elxan Hüseynovdan Kəmaləddin Heydərovla Zeynal Nağdəliyevin əleyhinə ifadə almaq istəyiblər
“Saxlandığım müddətdə təzyiqlərə məruz qalmışam. Buna səbəb o olub ki, üzünü televiziya və mətbuatdan başqa heç yerdə görmədiyim Kəmaləddin Heydərova və Zeynal Nağdəliyevə guya böyük məbləğdə pul verməyimi yazıb, təsdiq etməyimi istəmələri olub”. Bu fikirləri bir mənzili bir neçə nəfərə satmaqla 1000-ə yaxın vətəndaşın pulunu mənimsəyən “Mur-Ay” MMC-nin təsisçisi və baş direktoru Elxan Hüseynov Bakı Ağır Cinayətlər Məhkəməsinin sədri Mahmud Nəbiyevə ünvanladığı məktubda yazıb(Məktub “Yeni Müsavat” qəzetinin dünənki sayında dərc edilib). Elxan Hüseynov bildirib ki, təzyiqlərə rəğmən fövqəladə hallar naziri Kəmaləddin Heydərov və Prezident Administrasiyasının şöbə müdiri Zeynal Nağdəliyevin əleyhinə ifadə verməyib: “Onsuz da çox səhv və qanun pozuntuları etdiyim qənaətində olduğum üçün qəti şəkildə inkar edib, həqiqi izahat verdim”.

Elxan Hüseynovun bu açıqlaması ilə “Mur-Ay” MMC qalmaqalı ilə əlaqədar hakimiyyət daxilində intiriqaların getdiyi barədə yazılan məlumatlar təsdiqlənir. Oxucuların diqqətinə çatdıraq ki, “Mur-Ay qalmaqalı”na görə həbs edilənlərdən biri də “Azərbaycan” Nəşriyyatının kommersiya direktoru Qalib Məmmədbəylidir. O, Kəmaləddin Heydərovla Zeynal Nağdəliyevin yaxın qohumudur. Qalib Məmmədbəyli həbs edilərkən qəzetimiz yazmışdı ki, onun tutulmasının kökündə iqtidardaxili ziddiyyətlər dayanır. Məsələ burasındadır ki, Qalib Məmmədbəyli hakimiyyətin korrupsiyaya qarşı mübarizə şousuna start verməsindən az sonra həbs edilib. Bu şounun müəllifi isə Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyevdir. PA rəhbərinin “fövqəlnazir” və Zeynal Nağdəliyevlə münasibətlərinin qarşıdurma səviyyəsində olduğu sirr deyil. Kəmaləddin Heydərovla ziddiyyətlərin səbəbi ikincilik uğrunda mübarizədirsə, Zeynal Nağdəliyevlə qarşıdurma şöbə müdirinin Ramiz Mehdiyevin postuna göz dikməsilə bağlıdır.
Elxan Hüseynovun yazdıqları həqiqətdirsə, o zaman güman etmək olar ki, iş adamına təzyiqlər edilməsinin sifarişi də Ramiz Mehdiyevdən gəlib. Yeri gəlmişkən, “Mur-Ay”la bağlı istintaqı DIN aparıb. Bu qurumun rəhbərliyinin Ramiz Mehdiyevə yaxın olması bəllidir. Mümkündür ki, PA rəhbəri “Mur-Ay” olayı ilə Kəmaləddin Heydərovla Zeynal Nağdəliyevi tamamilə sıradan çıxarmağa çalışırmış.
Hikmət


