Son dövrün çalxantıları təbii olaraq insanların inanclarından, dəyərlər sistemindən də yan keçməyib və indi Azərbaycanda artıq ateist olduğunu açıq söyləyən insanlar meydana gəlməyə başlayıb. Bu da təbiidir, çünki biz insanların özünü sərbəst şəkildə ifadəsini təmin edəcək bir cəmiyyətin qurulmasını istəyiriksə, onda bu kimi dünyagörüşlərin də mövcudluğunu qəbul etməliyik. Qorxulu, ya da qəbuledilməz olan bu deyil, qorxulu olan odur ki, indi bu hal cəmiyyətdə dünyagörüşlərin ayrılması ilə qalmır, bu, artıq toplumun parçalanması təhlükəsini hiss etdirməkdədir. Azərbaycanın indiki durumunda, hamıya bəlli olan problemlərinin məngənəsində bunu da ortaya atıb onsuz da bir araya gələ biməyən kütləni “dinsizlər və dindarlar” kateqoriyasına bölmək yeni bir qopmanın təməlinə daş tökmək kimi bir şeydir.
Son dövrlər məktəblərdə hicab məsələsinin ortaya çıxması, dindarların təpkisi, buna ateistlərin reaksiyası onu göstərdi ki, Azərbaycanda demokratiya uğrunda savaş verənlərin bir qismi hələ də fərqli dünyagörüş və inanclara tolerant yanaşmanı bacarmırlar. Əgər dindar öz haqqını istəyirsə, ateistin bu haqqı almaq üçün onun yanında olması gərəkməzmi? Ya da əksinə, ateistin haqqının tapdanmasına məgər əsl dindar olduğunu iddia edən biri sevinməlidirmi? Ya da bir ateist qalxıb hicab bağlamağı öz haqqı sayıb buna görə də mübarizə edən birinin hicabına “mələfə” deyib həqarət edə bilərmi? Sabah o dindar da “qısa yubkadan” bəhs edərsə, ortaya hansı çirkin mənzərə çıxacaq?
Təhqir olunmaq istəmirsənsə, təhqir etməməlisən… Bir də biz artıq məsələlərə məişət səviyyəsində deyil, daha geniş, sakit yanaşmağı bacarmalıyıq axı…
Indiki olaylarda Iran faktoru, müdaxilələr, hakimiyyətə bunların yeni gündəm yaratmaq üçün yararlı ola bilməsindən danışmaq istəmirəm. Çünki bu məsələyə soyuq ağılla yanaşan hər kəs mahiyyətdə nə baş verdiyini bilir. Məni rahatsız edən dindarı aşağılayıb ateizmi intellektuallığın rəmzinə çevirmək iddiasında olanların, ya da “kafir” deyib az qala cəza tonqallarının qurulmasına hazır olanların yanaşmasıdır. Bu problemin Türkiyədə yaratdığı acı nəticələr göz önündədir. Hicab məsələsinin ucundan tutub hər baş verənə tələsik “cavab verim” deyə qalmaqal yaratmaq iddiası ilə çıxış edənlər məgər bunun nəticəsində toplumda ola biləcək parçalanmanın miqyasını təxmin edə bilmirmi? Əgər bu toplumda ateistlər özünü rahat hiss etmək istəyirsə, onda dindarların haqqını tapdalamamalı, sanki onların aşağı, geri qalmış “qara camaatdan” olduğunu deyib durmaqdan vaz keçməlidir.
Keçənlərdə Facebook-da indi adını xatırlamadığım dostlarımdan birinin status yazısı yadımdadır. Dini bayramlardan birində dostlarını təbrik etmişdi və sonda da özünün ateist olduğunu, onu təbrik etmək istəyən dostlarının da bunu nəzərə almasını rica etmişdi. Bu qədər sadə və mədəni…
Dindarlar ateistlərin varlığından rahatsız olmadığı kimi, ateistlər də onların varlığından rahatsız olmamalıdırlar. Son dövrdə sanki ateist olmaq ağıllı, intellektual olmaqla eyniləşdirilir. Yeri gəlmişkən, özünü Avropa ənənələrinin burdakı “nümayəndələri” hesab edənlərə qısa bir haşiyə… Elə Avropada, Isveçdə yaşayan ateist bir rəfiqəm var, bu məsələni oralarda insanların necə çözdüyünü qısa şəkildə belə ifadə etdi: “Dost olmaq istəyənlər dindən danışmır”.
Dost olmaq olmazmı?!
Dost olmaq olmazmı?!
•