Sumqayıtda uşaq oğurluğu dəhşəti

Sakinlər şəhərdə kütləvi uşaq oğurluğundan və orqan alverindən danışır

Sumqayıtda uşaq oğurluğu və orqan alverilə bağlı məlumatların ardı-arası kəsilmir. Daha çox bu barədə sosial şəbəkələrdə məlumatlar yayılır. Bu məlumatlarda hər gün Sumqayıtda uşaqların oğurlandığı barədə iddialar var. Sumqayıt Şəhər Polis Idarəsinin rəis müavini Azər Cahangirov isə APA-ya bildirib ki, uşaq oğurluğu və orqan alveri ilə bağlı deyilənlər şayiədir.
Lakin ortada fakt var ki, Sumqayıt sakini olan 13 yaşlı Ramil Ağayev yoxa çıxıb. DIN-dən “Bizim Yol” qəzetinə verilən açıqlamada Ramil Ağayevin itdiyi təsdiqlənib. Bundan başqa, qəzet Sumqayıtda uşaq oğurluğu ilə bağlı araşdırma aparıb. Bəlli olub ki, məktəblərdə mövzu yalnız şəhərdə baş alıb gedən uşaq oğurluğudur.
27 nömrəli məktəbin müəlliməsi Səba xanım, 34 nömrəli məktəbin müəlliməsi Nailə xanım belə xəbər eşitdiklərini deyiblər. Nailə xanım hətta bildirib ki, məktəblərində 3-cü sinifdə oxuyan qızı oğurlamağa cəhd olub.
34 nömrəli məktəbdə riyaziyyat müəlliməsi işləyən Validə xanım bir aydır şəhərdə uşaq oğurluğu ilə bağlı məlumatların yayıldığını deyib.
Bu xəbərlərdən sonra uşaqlara tapşırılıb ki, valideynlərilə dərsə gəlib-getsinlər. Lakin Sumqayıt şəhər Təhsil Şöbəsinin müdiri Vidadi Bağırov APA-ya açıqlamasında deyib ki, uşaqların valideynləri ilə dərsə gəlib-getməsi ilə bağlı heç bir xəbərdarlıq edilməyib.
Dövlət qurumları bu məlumatları israrla təkzib etsələr də, Sumqayıtda bu barədə hamı danışır. Və kiminsə durduğu yerdə belə bir şayiə yayması inandırıcı görünmür. Sadəcə, görünür, hüquq-mühafizə orqanları cinayətin üstünü aça bilmədiklərinə görə deyilənləri cəfəngiyyat adlandırır. Hər halda ortada bir uşağın itməsi, bir neçə uşağın isə oğurlanmasına cəhd faktı var.