AXCP sədrinin müavini, demokratik düşərgənin “dəmir ledisi” Gözəl Bayramlının doğum günüdür
“Bu yol bizim yolumuzdur!..”
Ömür yaddaş kitabıdır. Hər vərəqləyib baxdığımızda öz əlimizlə və ya əməlimizlə yazdıqlarımız çıxar qarşımıza. Bu ağlı-qaralı səhifələrdə hər kəs aynaya baxarmış kimi görər özünü. Kiminin üzünə utanc, kimininkinə qürur, kiminin üzünə sevinc, kimininkinə peşmanlıq kimi oxunar bu yazılar. Hər kəs yazdığını oxuyar – nə bir kəlmə artıq, nə bir kəlmə əskik…
Bir almanın dilindən duyduğum deyimdir: “Unutmayın ki, ölümdən əvvəl də bir həyat var”. Insan yaşamının formulu bundan gözəl necə ifadə oluna bilər ki?..
Min illərdir yer üzündən nə insanlar gəlib keçir?! Ömrü bir əmanət kimi dəyərli yaşayanlar, bir siqaret kimi acı-acı içinə çəkənlər, bir əyləncə qədəhi kimi “şərəfə” qaldıranlar… Min illərdir dövran belə dönür, zaman belə dəyişir. Amma yaşamın dəyişməyən bir qanunu var – həyat ona dəyər qatan insanlarla dəyər qazanır. Belə olmasaydı, bəlkə heç yaşamağa da dəyməzdi…
Bu gün belə insanlardan birinin gözəl günüdür. Bu gün onun dünyaya gəldiyi gündür. Onun dünyanı salamladığı gündən yarım əsr vaxt keçir. Taleyinə düşən vaxtı insanca yaşamağı, bir örnək, bir ideal olmağı bacarmış, başqalarına nümunə bir yaşam formulu yarada bilmiş bir əqidə dostumuzdur o. Həm də vətənpərvər bir şəxsiyyət, bir ideya adamı, cəsur bir siyasətçi. Bir əsrin yarısına yol yoldaşlığı etdiyi bu zaman kəsiyində həyatın hər üzünü görmüş, hər acısını dadmış biri. Bizim əqidə dostumuz, Azərbaycanın haqq davasında milyonların sözünü söyləyən bir xanım – Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Gözəl Bayramlı!
Bu doğum günündə ona nə arzulayaq? Onun ən böyük arzusu doğma Azərbaycanını azad və demokratik dünyanın bir parçası olaraq görməkdir. O zaman bizə ömrünün ən qaynar çağlarını bu böyük yolda qurban verən Gözəl xanıma minnətdarlıq etmək düşər. Tezliklə o gözəl Azərbaycanda yaşamaq arzusuyla, doğum gününüz mübarək!
***
Əli Kərimli – AXCP sədri:
– Gözəl xanım Azərbaycan xanımlarını ləyaqətlə təmsil edən bir xanımdır. O, xalq hərəkatının ilk illərindən, əvvəlcə müstəqillik, sonra demokratiya, haqq-ədalət uğrunda mübarizənin fəallarından olub. Gözəl xanım apardığı haqq-ədalət mübarizəsində yeri gələndə sıradan bir nəfər, yeri gələndə lider olmağı bacarıb. Onun prinsipiallığı, dürüstlüyü, haqsızlıqla barışmazlığı hər kəsə nümunə ola bilər. Mən fəxr edirəm ki, Xalq Cəbhəsinin sırasında belə ləyaqətli xanımlar var. Gözəl xanım hər zaman darda qalanların, hüququ tapdalananların yanındadır. O, heç vaxt ədalət uğrunda mübarizədə güzəştə getməyənlərdəndir, haqsızlığa uğrayanların arxasındadır.
Bu xoş gündə Gözəl xanımı minlərlə əqidədaşı, dostu adından təbrik edir, ona cansağlığı, uğurlar arzulayıram.
Həsən Kərimov – AXCP Ali Məclisinin sədri:
– Azərbaycanın Milli Azadlıq Hərəkatında xanımlarımızın müstəsna xidmətləri var. Belə xanımlarımızdan biri də Gözəl xanımdır. O, sözün həqiqi mənasında öz həyat yolu ilə bir nümunə yarada bilmiş mübariz, yorulmaz ideya insanlarındandır. Onun keçdiyi həyat yolu indiki gənclərimizə bir örnəkdir. Gözəl xanım siyasi fəaliyyətində ardıcıl, qətiyyətli və dönməz bir şəxsdir. Bu qətiyyəti ilə yanaşı, o, Azərbaycanın demokratiya mübarizəsinin yaxın zamanda qələbə ilə sonuclanacağına böyük inamla yanaşır. Elə bu səbəbdəndir ki, Gözəl xanımın əqidə dostları onun yanında hansısa bir pessimist fikir söyləməkdən ehtiyatlanırlar. O, bu nikbinliyi hər zaman öz çevrəsinə bacarıqla aşılaya bilir. Ona möhkəm cansağlığı və seçdiyi şərəfli yolda böyük uğurlar arzulayıram.
Solmaz Hüseynova – AXCP Qadınlar Şurasının sədri:
– Mən Gözəl xanımı 10 illərdir tanıyıram və əminəm ki, o, millətimizin haqq-ədalət uğrunda mübarizəsinin rəmzinə çevrilib. Öz əqidəsi, vicdanı ilə seçilən Gözəl xanım başqalarına bir nümunədir. Millətimizin şərəf və ləyaqətini qorumaq üçün o, öz canından keçməyə hazır olan insanlardan biridir. Gözəl xanım əsl mənada ziyalı bir xanımdır. Bir tərəfdən ağıllı, istedadlı, məsuliyyətli, bacarıqlı, o biri tərəfdən sevən və sevilən qayğıkeş övlad, bacı, qohum, səmimi fədakar dost və çox təvazökar, sadə bir insandır. Mən Gözəl xanımı belə bir şəxsiyyət kimi tanıyıram.
Nəhayət, Gözəl xanım daim öz üzərində işləyən peşəkar bir siyasətçidir. Axır illərin hadisələri bunu bir daha təsdiqlədi. O, öz cəsarəti ilə bütün millətin sevgisini qazandı. Inanıram ki, Gözəl xanımı bundan sonra da yüksək zirvələr gözləyir və Allahın köməkliyi ilə onları çox asanlıqla fəth edəcək. Mən Gözəl xanımın anasının qarşısında baş əyirəm ki, bu dünyaya belə övlad bəxş edib. Həyatın bütün çətinliyinə baxmayaraq, o, ömrünün ən yaxşı çağlarını yaşayır. Mən ona ürəkdən “xoşbəxt ol!” deyirəm. Allah-təala səni qorusun!
Elmira Muradəliyeva – AXCP Ali Məclisi sədrinin müavini:
– Əzizim, dostum Gözəl xanım! Sizi yubiley münasibətilə ürəkdən təbrik edirəm! Siz ictimai nüfuzu olan bir dəyərsiniz, çağdaş Azərbaycan tarixinin şərəfli səhifələrini yaradanlardansınız, qadın siyasətçi lidersiniz. Bu gün “Azərbaycan üçün nə etməli?” sualına cavab məhz Sizin nümunənizdir, Sizin fədakarlığınız, düzgünlüyünüz, mübarizliyinizdir. Mən fəxr edirəm ki, Sizinlə çiyin-çiyinə bir partiyanin üzvüyəm. Sizə möhkəm cansağlığı arzulayıram, enerjiniz tükənməsin!
Səadət