Baş prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Idarəsi bu günlərdə Göyçay rayonunun Qaraməryəm kəndində korrupsiya elementləri ilə “zəngin” olan cinayət (daha dəqiq, cinayətə cəhd) faktı barəsində ictimaiyyətə məlumat verdi. Açıqlamadan bir hissəsi ilə tanış olun:
“H.Mürvətov (təqsirləndirilən şəxs) işin texniki cəhətdən həyata keçirilməsi üçün hazırlıqlar görərək, metalın kəsilməsində istifadə olunacaq avadanlıq və texnikanı(!) Qaraməryəm kənd sakini Quliyev Ilqar Ağaqulu oğlunun həyətinə gətirərək külli miqdara özgə(?!) əmlakını ələ keçirməyə cəhd edib”.
“Iş”in adı isə 10 km uzunluğunda “istifadə olunmayan və istifadəyə yararsız su kəməri xəttinin” (Prokurorluğun məlumatında bu cür yazılıb – X.Ə) kəsilib, metal qəbulu məntəqəsinə təhvil vermə cəhdidir(!).
Əməliyyat o qədər ustalıqla yerinə yetirilib ki, cinayətkar “laqonda”nı belə işə salmağa macal tapmayıb.
Sovet dövründə bu işin öhdəsindən, motosikletli, qoca bir “uçastkovı” təkbaşına gəlirdi. Yerində cəza yazıb hədələyirdi, yaxud da beş-üç manatını alıb buraxırdı. Mən sizi heyrətləndirməmək üçün, korrupsiyaya qarşı mübarizə idarəsinin rəsmi ştat cədvəli və ən son fəaliyyəti ilə tanış etmirəm, çünki onları ittiham etmək ədalətsizlikdir.
Qaraməryəm sindromu
Sizcə, Qaraməryəm kəndində xırda bir dələduzluğun qarşısını vaxtından əvvəl alan bu qədər professional hüquq-mühafizə işçiləri, ölkəni bürüyən korrupsiya əməllərini görmürlər?
Məgər onlar 1000 manat maaş alan məmurun hansı yollarla 120 min manatlıq maşına, 5 milyon dollarlıq villaya, çoxlu sayda obyektlərə necə sahib olduqlarının fərqində deyillər?
“Qaraməryəm” sindromu təkcə hüquq-mühafizə orqanları üçün deyil, hazırda idarəetmədə dərin bir böhran yaşanır. Ölkə sanki “sevimli məmur” tarifinə keçib, beş-altı məmur hətta özlərinə aid olmayan sahələri də, “qanuni” və “qeyri-qanuni” monopoliyaya alıb. Favoritlər dəyişdikcə, hazır strukturlar üzərində nəzarətlər də dəyişir. Nəticədə aza qane olmağa məcbur edilənlər “yaşamaq” üçün əllərində olan imkanlardan “maksimum” yararlanmağa çalışır. Məsələn, attestatların TQDK-ya verilməsini, bu, Təhsil nazirliyindəki iri məmurların maddi durumuna çox az təsir edəcək. Attestat “boşluğu”nu valideynlər(!) dolduracaq.
Yaxud götürək Fövqəladə Hallar Nazirliyi yaradılmamışdan oncəki vəziyyəti. Güclü yumor hissi olan Abid Şərifovun başçılıq etdiyi bir komissiya var idi, körpü uçanda, sel gələndə, səhnəyə çıxırdı. Yeni tikilən evlərin qiyməti qənətbəxş idi, bina hazır olan kimi qaz verilirdi, tam ciddi deyirəm, yanğınsöndürənlər də vaxtlı-vaxtında gəlirdi.
Ölkədəki son zəlzələ zamanı, dünyanı Rixterə “şübhə” ilə yanaşmağa “məcbur etdik”, şkala 9 bala yaxınlaşdı, dağıntı olmadı.
Nazirlik yarandı və məlum oldu ki, biz “ekstremal” bir şəraitdə yaşayırmışıq, xəbərimiz yox imiş. Ölkə sanki fövqalədə rejimə keçib, yeni tikilən binalar qazsız qalıb, bu “səbəb”dən yeni mənzillər od qiymətinə satılır. Isanları bu rejimə “uyğunlaşdırma” prosesi gedir. Bu gedişlə bir neçə ildən sonra, yəqin ki, şəhərdə kaskasız(!), gəzənə cərimə kəsiləcək.
Hesab edirəm ki, biz favorit-məmurları ittiham etməklə, “iz” azdırırıq, istər-istəməz onları “suç keçisi”nə çeviririk. Hazırda Bakıətrafı qəsəbələrdə “qanunsuz” tikililərin sökülməsi prosesi gedir. Bu işi həyata keçirən ARDNŞ-i və onun rəhbəri R.Abdullayevi mətbuat və ictimaiyyət şiddətlə tənqid edir, onun istefasının mümkünlüyü barəsində “söz-söhbətlər” səngimək bilmir. Lakin evlərin sökülməsi prosesi də bütün sürəti ilə davam edir və yəqin ki, bu iş sona çatdırılacaq.
Torpaqlar “azad”(ağlınıza başqa şey gəlməsin, Sulutəpəni nəzərdə tuturam – X.Ə) ediləndən sonra, ictimaiyyətin diqqətini daha “ağrılı” bir məsələyə yönəltməyə cəhd ediləcək. Və… başqa bir sahədə yeni “Rövnəq Abdullayev” qarşımıza dikiləcək.
Ölkədə nə Kəmaləddin Heydərov, nə Ziya Məmmədov, nə də Məleykə Abbaszadə problemi var, problem “tükənmiş iqtidarın bu və ya digər şəkildə zühurudur”…
Bəşəriyyət tarixində inqilabların mükəmməl tərifləri çoxdur, lakin bilərəkdən, “ehtiyatsız” davranaraq, yazımı Leninin bu tərifi ilə bitirmək istəyirəm:
“Inqilablar(dəyişikliklər) o zaman baş verir ki, aşağılar əvvəlki kimi yaşamaq istəmir, yuxarılar isə əvvəlki kimi idarə edə bilmirlər”.
Aşağılarla bir az “ehtiyatlı” olun ki, heç olmasa, dinc dəyişikliklər olsun.

Rejimin “sevimli məmur” tarifi
•