Azərbaycan hüquq sistemi məzhəkə xarakteri alıb

cemil-hesenli-vashingtonDostlar! Bu gün maraqlı bir tamaşanı seyr etdim. 16:30-da Bakı Ağır Cinayətlər Məhkəməsində “NİDA” Vətəndaş Hərəkatının gənc fəalı Qiyas İbrahimovun məhkəməsi təyin edimişdi. Biz zala daxil olanda hakim Ənvər Seyidov artıq prosesi başlamışdı. Qiyas rəsmən saxta bir ittihamla mühakimə edilir. Bu ilin may ayında Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə Qiyas İbrahimovdan 2,607 qram, yaşadığı mənzilə baxış zamanı isə əlavə olaraq 1 kiloqram 10 qram heroin aşkar edilərək götürülüb. Əslində, “ümummilli məzmun” kəsb edən narkotika itthamının Qiyasa heç bir aidiyyəti yoxdur.

Onu, Bayram Məmmədovla birlikdə 2016-ci ilin may ayının 10-da Heydər Əliyevin Mərkəzi Bank ilə üzbəüz abidəsinin üzərində iki tərəfdən ağ boya ilə Azərbaycan və ingilis dillərində “Qul Bayramınız Mübarək!” sözlərini yazmağa görə həbs ediblər. Qiyas məhz, bu məsələyə görə həbs edilib və bu məsələyə görə də mühakimə edilməli idi. Amma görünür bu “cinayəti” hüquq mühafizə orqanları məhkəməyə çıxarmağı məqbul bilməyiblər. Məhkəməni “Absurd Teartrı” məzmunu alması da bununla bağlıdır. Adamı törətdiyi “cinayətə” görə mühakimə etməyə utanırlar, əvəzində onun üçün tamamilə saxta cinayət işi quraşdırırlar. Üçüncü minillik başlanandan bəri DİN və Baş Prokurorluq, keçmiş MTN-nin əməli yardımı ilə vətəndaşlarımızı zəhmət çəkib cinayət törətmək əziyyətindən azad edib. Ölkəmiz hüquqi dövlət quruculuğuna başlayandan sonra bu işə vətəndaşların əvəzinə özləri quraşdırırlar. Bu “qayğıkeşlik” isə hamının gözü qarşısında baş verir.

Ona görə hər kəs Qiyasla bağlı baş verənlərin tamaşa olduğun bilir. Hakim də, prokuror da, vəkil də, konvoylar da, məhkəmə zalaında iştirak edənlər də bilir ki, Qiyasın törətdiyi əməli bir kənara qoyub, törətmədiyi bir əməl üstündə mühakimə edirlər. Bax belə şeylərə görə Azərbaycan hüquq sistemi məzhəkə xarakteri alıb, ilk növbədə isə məhkəmələr məzhəkə tamaşaları göstərilən kiçik səhnəyə bənzəyir. Qiyasın məhkəməsindəki mənzərəni izləyəndə Sovet tarixindən bir hadisə yadıma düşdü. Kommunist Partiyasının XX qurultayından sonra bir az ürəklənən Moskva Dövlət Universitetinin tələbələri 1958-ci ildə paytaxtda Leninin abidəsinin postamentinə Sovet quruluşu əleyhinə bəzi şeylər yazmışdılar. DTK həmin gəncləri tapandan sonra SSRİ-nin partiya və hökumət rəhbəri Nikita Xruşşov MDU-nun rektoruna zəng edib bildirdi ki, onun rəhbərlik etdiyi universitet gənclərin tərbiyəsi ilə yaxşı məşğul olmur, əgər onlar bir də belə şeylər etsələr qulaqlarını çəkməli olacağıq. Məsələ bununla da qurtardı. XXI əsrin ikinci onilliyində heykəl yazmağı “narkotika” ittihamına transfer edən dövlət ittihamçısı bu gün Qiyas İbrahimova 9 il iş istədi. Vaxtilə göstərilən səyyar məzhəkə teatrları həmişə belə gülməli sonluqla qurtarırdı. Milyonların gözündə dövlətə inam cinayətkar şəbəkə cəzasız fəaliyyət göstərəndə və bir də vətəndaş etmədiyi günaha görə mühakimə ediləndə sarsılır.

 

Yazı Milli Şuranın sədri, professor Cəmil Həsənlinin facebook səhifəsindən götürülüb.