Turqut Ər “Amerikanın səsi”nə Azərbaycanla bağlı kitabından danışıb
“Elçibəyin prezident seçildiyi demokratik üsullar davam etsəydi, bu gün Qafqazlarda, Orta Asiyada demokratiya bərqərar olardı”
Türkiyənin təqaüddə olan diplomatı Turqut Ərin Azərbaycanla bağlı yazdığı “Azadlıqdan tiranlığa” kitabı ətrafında ajiotaj davam edir.
“Azadlıq” qəzetinin çap versiyasında hissələrlə dərc olunan “Azadlıqdan tiranlığa” Turqut Ərin Azərbaycanda Türkiyə səfirliyinin mətbuat atteşesi kimi fəaliyyət göstərdiyi dövrü əhatə edən siyasi hadisələri əks etdirir.
Turqut Ər qələmə aldığı kitabla bağlı bu dəfə “Amerikanın səsi” radiosunun suallarını cavablandırıb.
– Hansı səbəbdən kitabınızı məhz indi çap etdirdiniz?
– Bu sənədlərə əsaslanan bir kitabdır. Yəni, Belə kitabları asan və tez-tez yazmaq mümkün deyil, çox çətindir. Bu bir tarix və hadisələrdir. Burada səhvlər olmamalıdır. Təbii ki, sənədlərə əsaslanan kitablar, həm də tarixçilər üçün bir qaynaqdır. Mən də bunu Azərbaycan, Türkiyə və Qafqazların tarixini yazanlar üçün etibarlı, inandırıcı mənbə olması üçün yazmışam.
Eyni zamanda, Türkiyə qanunları diplomatlara belə yazıları çap etdirməyi qadağan edir. Bu səbəbdən də təqaüdə çıxandan sonra da kitabın üzərində işlədim və indi çap etdirdim.
Türk dünyasının real məsələləri var. Bunlar nədir? Bunlar demokratiya, insan hüquqları, insanca yaşamağın yollarını arayıb tapmaqdır. Azərbaycanda olduğum dövrdə, yəni 1990-2000-ci illərdə şahidi olduğum hadisələri yazmlşam.
– Kitabda əsaslandığınız sənədləri necə əldə edibsiniz?
– Kitabdakı sənədləri Azərbaycanda işləyən zaman əldə etmişəm. Azərbaycanda çoxsaylı dostlarım, Moskvadakı dostlarım gətirib. Bu dostlarım indi də var. Həmin dostlarım bu sənədləri mənə tapıb verib. Dolayısı ilə sənədlərin əsası oradan qaynaqlanır.
– Kitabınız hökumət və iqtidaryönümlü insanlar tərəfindən birmənalı qarşılanmadı, tənqidlərə məruz qaldı. Kitabınızın reallığı əks etdirmədiyini bildirirlər. Buna münasibətiniz?
– Bunlar tənqid etmədilər, bunlar söydülər. Kitabdakı faktlara, sənədlərə, yazılanlara səhv deyən olmayıb. Səhv deyən ola da bilməz, çünki bunlar sənədlərdir. 1993-cü ilin avqustundan 1994-cü ilin mayınadək, Bişkek görüşünədək Azərbaycanın 6 rayonu işğal edildi. Kimin dövründə bu baş verib? Heydər Əliyevin zamanında! Bu, belədir.
Kitabda 1980-ci illərdə Heydər Əliyev və onunla bərabər Moskvada işləyənlərin imzası olan sənədlər var. Bu sənədləri mən yazmamışam, mən demirəm, həmin imzalar deyir. PKK-a ilə əlaqəli məsələlərdə olanları da mən deməmişəm. Bu barədə Azərbaycan mətbuatı illərlə yazıb. Hətta partiya liderləri deyib ki, PKK-nı quran Heydər Əliyevdir. Daşnakstyun liderləri bəyan edib ki, Sovet zamanında KQB-nin (keçmiş SSRİ Dövlət Təhlükəsizlik Komitəsi-red) ən güclü nöqtəsi Bakı idi və Asalanı yönəldənlər Bakıda idi. Bunları mən özümdən deməmişəm, Azərbaycan mətbuatı bunları yazıb.
Orada hakimiyyət çevirilişi ilə bağlı cəhdlərdən söhbət açılır. Neçə olur ki, dövlət çevirilişi edənlər bir dənə də atəş açmır, qarşı tərəfdən heç kim öldürülmür. Ancaq, dövlət çevrilişi edənlərin hamısı öldürülür. İnsanları öldürənlərin içərisində rus generalları var idi. Onlara dövlət medalları verildi. Onaların yaxasına medalları mənmi taxmışam? Kim taxdı bu medalları? Rus generallarının sinəsinə o medalları məhz Heydər bəy taxdı. Ramiz Mehdiyev və Hidayət Orucovun yazdığı “Qəsd” kitabında bunlar var. Mən sadəcə bütün bunların hamısını bir araya toplamışam və həqiqəti əks etdirən sənədli bir kitab ortaya çıxıb. Azərbaycan tarixinin saxtalaşdırılmaması üçün, bu kitabı yazmışam.
– Türkiyənin biganəliyi nədən ibarətdir? Sizin kitabınızda Türkiyənin biganəliyindən də bəhs edir.
– O zaman Türkiyəni idarə edənlər və ən üstdə olanlar barədə kitabda var. Bunlar Türk dünyasının önündə nə olduğunu və nə olacağını fərq edə bilmədilər. Gələcəyi görə bimədilər, gəlcəyə baxa bilmədilər. O zaman, Əbülfəz Elçibəyin prezident seçildiyi demokratik üsullar davam etmiş olsaydı, bu gün Qafqazlarda, Orta Asiyada demokratiya bərqərar olmuş olardı, daha da irəliyə gedərdi. Niyə Qərbdə, Şərqi Avropa və Baltikyanı ölkələrdə demokratiya bərqərar oldu, onlar Avropa Birliyinə daxil oldular, amma şərqdə, türk dünyasında bunlar baş vermədi? Çünki, bu ölkələrdə keçmiş Kommunist partiyasının birinci katibləri demokratik qaydalarla deyil, başqa üsullarla dövlət başçıları oldu. İndi də bu ölkələrdə demokratiya yoxdur.
Azərbaycanda demokratiyanın başlanığıcı Əbülfəz Elçibəyin 100-dən 67 faiz səslə prezident seçilməsi idi. Əgər, bu davam etsə, Elçibəyi demokratik seçki ilə başqaları əvəz etsəydi, Qafqazlarda da, Orta Asiyada da, Volqaboyu və İrandakı türk xalqlarında da demokratik davranma, demokratik yaşam tərzi həyata keçərdi.