612 iş adamının xaricə çıxşına qadağa qoyanlar, xaricdəki iş adamlarını ölkəyə cəlb edə bilməz
Hökumət uzun müddətdi islahatlardan, anti-böhran tədbirlərindən danışır, xaricdəki iş adamlarını ölkəyə sərmayə qoymağa səsləyir. Hətta bu məqsədlə dünyanın müxtəlif yerlərində fəaliyyət göstərən Azərbaycanlı iş adamlarının I Forumunun keçirləcəyini də bəyan etmişdilər. Amma ötən gün xəbər yayıldı ki, dünya Azərbaycanlılarının I Forumu təxirə düşüb. Diasporla İş üzrə Dövlət Komitəsinin məlumatında bildirilir ki, tədbir daha geniş tərkibdə və fərqli formatda keçiriləcək. Guya, xeyli sayda müraciətlər, təkliflər var və bu təkliflərin araşdırılması üçün Forumun vaxtının dəyişdirilməsi məqbul sayılıb.
Amma bizim əldə etdiyimiz məlumata görə Forumun baş tutmamasının səbəbi bu deyil. Belə ki, bütün icra hakimiyyətlərinə tapşırıq verilib ki, rayonda qeydiyyatda olan iş adamlarının siyahısı tərtib edilsin və hazırda ölkə xaricində bizneslə məşğul olan bu adamlarla əlaqə yaradılsın. Əslində, burda heç bir qəbahət yoxdur. Müxtəlif rayonlardan olan və xaricdə faəliyyət göstərən iş adamlarının ölkəyə sərmayə qoyması müsbət haldır. Amma reallıq bundan ibarətdir ki, icra hakimiyyətləri həmin adamlarla əlaqə yaratsalar da, müsbət cavab ala bilməyiblər. Təbii ki, bunun ciddi səbəbləri var.
Azərbaycanda normal biznes mühiti yaranmayana qədər, korrupsiyanın, monopoliyanın kökü kəsilməyənə qədər, hüququn aliliyi təmin edilməyənə qədər heç bir iş adamı ölkəyə sərmayə yatırmayacaq. Dünən xəbər yayıldı ki, 612 şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyulub. Səbəb isə bu adamların vergi borcunun olmasıdır. Təkcə bu fakt onu göstərir ki, ölkədəki vəziyyət olduqca acınacaqlıdır və vəziyyəti düzəltmək üçün heç bir real addım atılmır. Digər təfədən, ölkədə bank sektoru çökür, manatın taleyi qaranlıqdır, əhalinin alıcılıq vəziyyəti aşağı düşür və.s Yəni, iş adamları üçün sığorta, təminat yoxdur. Xaricdəki iş adamları da görür ki, ölkədən pul kütləsi çıxır, yerli iş adamları Gürcüstanda, Türkiyədə, Ukraynada biznes qururlar.
Ona görə də heç bir iş adamı Azərbaycana ciddi sərmayə yatırmağa risq etmir. Bu ölkədə iş adamlarının “bandotdel” də saxlanması, iş adamlarına işgəncə verilməsi, iş adamlarının zorla müflisləşdirilməsi təcrübəsi var və bu qanunsuzluqları həyata keçirənlər cəzalandırılmır.
Deməli, iş adamlarını ölkəyə cəlb etmək, səviyyəli Forumlar keçirmək üçün ilk növbədə hökumət neqativ ənənələrdən imtina etməli, ölkənin imicini düzəltməlidir. Müstəqil məhkəmə sisteminin olmadığı ölkədə heç bir investor fəaliyyət göstərməyə maraqlı deyil. Həm də bu gün ölkədən kənarda fəaliyyət göstərən onlarla biznesmen, vaxtilə bu ölkədən didərgin salınmış, iri məmurların əlindən təngə gəlmiş, qeyri-rəsmi ödənişlərlə bezdirilmiş adamlardı. Bu adamlar ölkədəki vəziyyətin dəyişmədiyini aydın şəkildə görürlər və hökumətin real islahatlar aparmaqda maraqlı olmadığına şahidlik edirlər.
Akif