
Ölkəmiz üzv olduğu təşkilatın qərarına əməl edəcəkmi?
Elxan Şahinoğlu: «İslam Əməkdaşlıq Təşkilatı belə bir qərar veribsə, bu o anlama gəlir ki, üzv dövlətlər də belə bir mövqedən çıxış edirlər»
İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Fətullahçı Terror Təşkilatını (FETÖ) terror qruplaşması elan edib.
Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.
Qeyd edək ki, bu qərar İƏT Xarici İşlər Nazirləri Şurasının Özbəkistan paytaxtı Daşkənddə keçirilən 43-cü sessiyasında qəbul olunub.
Bəs, bu qərar Azərbaycanın da rəsmi şəkildə «FETÖ»nu terrorçu təşkilat kimi qiymətləndirilməsi anlamına gəlirmi?

«Atlas» Aarşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu vurğuladı ki, əslində Azərbaycan hakimiyyəti «FETÖ»nu terrorçu təşkilat kimi qiymətləndirib. E.Şahinoğlunun sözlərinə görə, sadəcə olaraq o maraqlıdır ki, Qırğızıstanın fərqli bir mövqeyi var idi. Türkiyə tərəfi Qırğızıstandan ölkədəki Gülənə bağlı məktəblərin qapadılmasını və ya statusunun dəyişdirilməsini istədikdə Qırğızıstan fərqli mövqe tutmuşdu. Qırğızıstan da İƏT-in üzvüdür. İndi sual olunur ki, Qırğızıstan da bu qərara hörmət edəcəkmi: «İslam Əməkdaşlıq Təşkilatı belə bir qərar veribsə, bu o anlama gəlir ki, üzv dövlətlər də belə bir mövqedən çıxış edirlər. Türkiyə gərək bu qərardan sonra hər bir dövlətlə əməkdaşlığa başlasın ki, onlardan qəbul olunan qərarın icrası istənilsin».
Azərbaycanla bağlı bu istiqamətdə problem yaşayacağını düşünməyən E.Şahinoğlu vurğuladı ki, Türkiyə rəsmiləri Azərbaycanın «FETÖ» ilə bağlı atdığı addımlardan razıdırlar. «Amma bu addımlar atılsa da, «FETÖ»nun Azərbaycandakı maliyyəsinin tam nəzarətə götürüldüyünü düşünmürəm. Bu Azərbaycan üçün gələcəkdə müəyyən təhlükələr yarada bilər».
Xəyal



