Bələdiyyə işçiləri polisi döydü

Sulutəpədə evinin damını düzəltmək istəyən Ramil Usubovun işçisini al-qana boyadılar

Çevik Polis Alayının əməkdaşı Əhməd Abbasov döyülüb. Bu barədə “Azadlıq”a  Əhməd Abbasovun özü məlumat verib. Onun sözlərinə görə, 15 ildir ki, Sulutəpə qəsəbəsində yaşayır.
Bu günlərdə yaşadığı evinin damını təmir etməyə başlayıb. Lakin bundan xəbər tutan Xocasən bələdiyyəsinin işçiləri onun evinə hücum ediblər: “Gəlib damı sökmək istəyiblər. Mən həmin evdə yox idim. Zəng vurdular gəldim. Özüm də polis formasında idim. Mən gələndə onlar artıq dama çıxmışdılar. Iki nəfər idilər. Birinin adı Rəşaddır. Səhv etmirəmsə bələdiyyədə sürücü işləyir. Digəri isə bələdiyyə üzvü olmalıdır. Onlar heç özlərini təqdim etməyiblər. Mən onlara bildirdim ki, siz kimsiz və nə istəyirsiz. Onlar isə mənə təhqiramiz cavab verdilər. Daha sonra bildirdilər ki, sən hansı ixtiyarla damı təmir edirsən. Bunun üçün sən bələdiyyəyə 200 manat pul verməlisən. Verməsən damı təmir edə bilməyəcəksən. Mən onlardan aşağı düşməyi xahiş etdim. Çünki bu adamlar mənimlə danışa-danışa damı təpiklə vurub uçurmaq istəyirdilər. Lakin onlar əhəmiyyət vermədilər. Mən onları düşürmək istəyəndə isə həmin Rəşad mənə yumruq zərbəsi endirdi”.
Əhməd Abbasov deyib ki, aldığı zərbədən sifəti al-qana boyanıb. Ona daha bir neçə zərbə endirib. Lakin ailə üzvləri, yaxınlıqdakı insanlar müdaxilə edərək Əhməd Abbasovu bələdiyyə işçilərinin əlindən alıblar: “Qan içində idim. Halım pisləşmişdi. Ailə üzvlərim təcili-tibbi yardım çağırdı. Bir qədər sonra özümə gəldim. Lakin hələ də başımda ağrılar var. Çünki başıma da zərbələr endirilib”.
Polis işçisi bildirib ki, hadisədən sonra Binəqədi Rayon Polis Idarəsinin 40-cı bölməsinə gedib: “Orada məndən və xanımımdan izahat aldılar. Daha sonra bələdiyyə sədrinin müavini gəldi. Məni hədələməyə başladı. Dedi sən banditsən, sən özbaşına evinin damını təmir edirsən(?), səni işdən çıxartdıracam. Mənə bildirdi ki, arxamda güclü adamlar dayanır, səni işsiz qoyacam. Mən də cavab verdim ki, polis işçisiyəm, mənim də arxamda dövlət dayanır”.
Əhməd Abbasovun sözlərinə görə, o, bu məsələnin üzərindən sükutla keçmək niyyətində deyil: “Mən susmayacam, sona qədər mübarizə aparacam ki, mənə qarşı bu əməli törədənlər cəzalandırılsınlar. Bu adamlar məni polis formasında ola-ola döyüblər. Deməli, onlar üçün qanun, dövlət əhəmiyyətli deyil. Məni işdən çıxarsalar belə, bu adamların cəzalarına çatmaları üçün səylərimi əsirgəməyəcəm”.

Seyid