Hafiz Əsədin hakimiyyətdə qalmasını keçmiş “Politbüro” üzvü Əliyev təmin edibmiş
Bu gün bütün dünyanın diqqəti Suriyadadır. Daha doğrusu, bütün dünya Suriya diktatoru Bəşər Əsədin vəhşiliklərinin şokunu yaşayır. Diktator demokratiya istəyən xalqını qırmaqla dünyanın nifrətini qazanıb. Hakimiyyəti atası Hafiz Əsəddən alan Bəşər Əsəd hələ də qırğınlar törətməkdə davam edir. Bu arada əlimizə maraqlı bir fakt keçib. Sən demə uşaq qatili kimi ad çıxaran Bəşər Əsədin atası Hafiz Əsədin hakimiyyətdə qalmasını təmin edənlərdən biri də Heydər Əliyev olub. Bunu özümüzdən demirik.
Bu faktı hazırda Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri olan, vaxtilə isə YAP-ın tanınmış simalarından sayılan Eldar Sabiroğlu 2004-cü ildə “Yeni Azərbaycan” qəzetində dərc edilən Heydər Əliyevə həsr etdiyi “O, yalnız öz saatındakı zamana inanırdı…” başlıqlı məqalədə yazıb. Məqalədə deyilir: “70-ci illərin sonunda Suriyada vəziyyət olduqca gərginləşmişdi. Hafiz Əsədə qarşı doğma qardaşı Riad Əsəd xeyli tərəfdar toplayaraq qiyam qaldırmışdı. O, Qərbdən də dəstək alırdı. SSRI isə Yaxın Şərqdə strateji müttəfiqi olan Suriyanı qətiyyən itirə bilməzdi. Ona görə də bütün gücünü qoymuşdu ki, qiyamçılar dəf edilsin. Bilavasitə həmin regionla məşğul olan Sov.IKP.MK katibi Ponomaryov bir neçə dəfə Suriyaya səfər etsə də, əliboş geri qayıtmışdı. Ondan yüksək ranqlı şəxslərin də səyi vəziyyəti dəyişmirdi. Siyasi Büro Heydər Əliyevi oraya göndərmək qərarına gəlir. Bu vaxt Riadın dayanmadan hərəkətə keçməsi, Hafiz Əsədin isə xəstələnib yatağa düşməsi hadisələri kuliminasiya nöqtəsinə çatdırmışdı. Hər şey bir qığılcımdan asılı idi. Böyük siyasi təcrübə sahibi olan Heydər Əliyev səfərin birinci günü dörd saat Hafiz Əsədlə söhbət edir, ikinci gün isə qiyamçı Riad Əsədlə söhbət səkkiz saat sürür. Sonuncu danışıqdan sonra Riad ölkəni tərk etmək razılığını Heydər Əliyevə bildirir. Beləliklə Riad Londona, Heydər Əliyev isə inanılmaz bir uğurla Moskvaya-Kremlə dönür”.
Zənnimizcə, əlavə şərhə ehtiyac yoxdur.
Şəkildə: Heydər Əliyev Hafiz Əsədlə görüşür. Tehran, 1997-ci il