YAP-çılar Ermənistandan Azərbaycan torpaqlarını tərk etməyi tələb edən Avropanı Qarabağla şantaj etdi
Qərb diplomatlarının Ictimai Palatanın rəhbərliyi ilə görüşü hakimiyyətdə narahatlıq doğurub. Hakimiyyət nümayəndələrinin bu görüşdən sonra Qərb diplomatlarını topa tutması belə deməyə əsas verir.
Məsələn, Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov xarici diplomatlara dərs verməyi qərara alaraq, onların ünvanına qəzəbli nitqlə müraciət edib: “Azərbaycanda fəaliyyət göstərən diplomatik korpuslara müraciət edirəm, əgər bəzi müxalifət liderləri ilə görüşlər ölkədə bərqərar olan ictimai-siyasi sabitliyi pozmağa xidmət edirsə, bu, bilavasitə Azərbaycanın daxili işinə qarışmaqdır”, – deyə o, bir qrup jurnalistə bildirib. O, əlavə edib ki, diplomatlar Azərbaycanda ictimai-siyasi sabitliyin pozulması ilə əlaqədar söhbət edirlərsə, bu, diplomatiya statusuna sığan məsələ deyil və etikadan kənardır: “Biz bu məsələyə biganə qala bilmərik. Diplomatların müxalifətlə görüşünə faciə kimi baxmırıq. Amma onlar niyə bu insanlarla görüşür, başqa kateqoriyadan olan insanlarla görüşmürlər? Nə üçün onlar Azərbaycanın 1 milyondan artıq məcburi köçkün və qaçqınları ilə görüşmürlər? Azərbaycanın sabitliyini pozmağa meyl edən qüvvələrlə görüşürlər. Deməli, məqsəd həmin qüvvələri qızışdırmaqdır”.
Hakimiyyətin daha bir nümayəndəsi – hakim partiyanın sədr müavini Siyavuş Novruzov da analoji fikir ifadə edib(Turan).
“Yüksək dövlət postlarından birini tutan şəxsin belə məntiqsiz danışması ancaq təəssüf doğurur”. Bu sözləri isə Müsavat Partiyası başqanı Isa Qəmbər Ziyafət Əsgərovun ölkədəki diplomatlarla Ictimai Palata rəhbərliyinin görüşünü daxili işlərə qarışmaq kimi dəyərləndirməsinə dair “Turan”a şərhində qeyd edib.
Müsavat Partiyası başqanı belə görüşlərin əvvəllər də olduğunu xatırladaraq, artıq bir ənənə xarakteri aldığını qeyd edib. Eyni zamanda, əvvəlki görüşlərdən sonra da bəzi rəsmilərin indiki kimi yersiz çıxışlar etməsinə diqqət çəkib. Amma nə diplomatların, nə də müxalifətin bu təhqiramiz fikirlərə əhəmiyyət vermədiyini vurğulayıb. Isa Qəmbər belə şəxslərə “özlərini yüngül aparmamaq” tövsiyəsi verib. “Bu, demokratiya uğrunda mübarizəyə dəstəkdir və proses davam edəcək”, – deyə Müsavat lideri qeyd edib.
Hər dəfə Qərb diplomatlarını Qarabağ məsələsilə şantaj edən hakimiyyət, göründüyü kimi, bu dəfə də ənənəyə sadiq qalıb. Lakin maraqlıdır ki, hakimiyyət bu yaxınlarda Avropa Parlamentinin qəbul etdiyi qətnamə barədə danışmır. Oxucuların diqqətinə çatdıraq ki, bu qətnamədə Ermənistanın Azərbaycan torpaqlarını işğaldan azad etməsi tələb edilir. Qətnamədə bildirilir ki, üçüncü ölkənin ərazisinin işğalı beynəlxalq hüququn pozulmasıdır, Avropa qonşuluq siyasətinin əsas prinsiplərinə ziddir və bununla da bütün Şərq Tərəfdaşlığı layihəsini təhlükə altına qoyur.
Avropa Parlamenti Azərbaycanın işğal olunmuş ərazilərində erməni əsgərlərinin qanunsuz fəaliyyəti sarıdan ciddi narahat olduğunu bəyan etməklə yanaşı, Ermənistana Dağlıq Qarabağda xidmət keçmək üçün əsgər göndərməmək barədə çağırış edib. Sənəddə həmçinin vurğulanır ki, Dağlıq Qarabağın işğal olunmuş ərazilərində ermənilərin məskunlaşmasını artırmaq üçün Ermənistan hakimiyyətinin siyasətinə dair məlumatlar araşdırılmalıdır.
Göründüyü kimi, qətnamə tam Azərbaycanın maraqlarına uyğundur və özü də bu, ilk belə hadisədir. Lakin hakimiyyət bu hadisə barədə danışmır, danışmaq istəmir. Bu azmış kimi, Qərbi Qarabağla şantaj edir. Görünür, hakimiyyət bu barədə danışmamaqla şantaj vasitəsinin əlindən çıxmasını istəmir. Yəni, əgər bu gün hakimiyyət Avropa Parlamentinin qətnaməsini qələbə kimi qeyd edərsə, sabah Azərbaycanda demokratikləşmə prosesinə dəstək verdiyinə görə Avropanı Qarabağla şantaj edə bilməyəcək. “Qarabağ kartı” isə hakimiyyətə çox lazımdır…
Informasiya şöbəsi