Azadlıqdan qorxanların müstəqillik günü

aliyev_musavire218 oktyabrı unutdurmağa çalışanlar, bu tarixi öz adlarına yazmağa məcbur oldular

Bu gün Azərbaycan tarxinin ən mühüm günlərindən biridir. 1991-ci ilin 18 oktyabrında Ali Sovetin sessiyasında tarixi sənəd- Dövlət Müstəqilliyi haqıında Konstitusiya Aktı qəbul olunub.Həmin vaxt aktın lehinə Ali Sovetin 360 deputatından 258-i səs verir, yerdə qalanlar ya sessiyaya qatılmayıb, ya da onun əleyhinə səs veriblər. Konstitusiya Aktında göstərilib ki, müstəqil Azərbaycan dövləti 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin  hüquqi varisidir.

Bəli, bu gün hər bir Azərbaycan vətəndaşının fəxr duyacağı, qürur hissi keçirəcəyi gündür. Amma YAP hakimiyyəti Azərbaycan Xalq Cümhuriyyətinin qurucularına qarşı ögey münasibət sərgilədiyi kimi, Müstəqillik gününə də həmişə biganə olub və müstəqillik uğrunda mübarizə aparanları sıradan çıxarmağa çalışıb.

Belə ki, Cümhuriyyətin qurucusu Məhəmməd Əmin Rəsulzadənin yeganə heykəli doğulduğu Novxanı kəndindədir. Amma Rəsulzadəyə qarşı ögey münasibət bununla yekunlaşmır. Rəsulzadənin büstünə çuval keçirdilər,  Universitetdən adı götürüldü, dərsliklərdən Rəsulzadənin adı çıxarıldı və.s Amma hökumətin bütün çabalarına baxmayaraq Rəsulzadə qəlblərdə yaşadı və Azərbaycan xalqı onu ümumilli lider kimi qəbul etdi.

18 oktyabr tarixini də unutdurmaq, yaddaşlardan silmək cəhdləri mümkün olmadı. Hətta YAP hakimiyyəti 18 oktyabr kimi mühüm bir günü qeyri-iş günləri siyahısından çıxardı. Əvəzində 15 iyun, 10 may kimi heç bir xüsusi əhəmiyyəti olmayan günlər bayram günü, qeyri-iş günü kimi tanındı. Müstəqilliyin leyhinə səs verənlər, müstəqillik uğrunda tankın qabağında dayananlar, rus qoşunlarını ölkədən çıxardanlar isə düşmən kimi təqdim edilir.

Amma yuxarıda qeyd etdiyimiz kimi  hakimiyyət bütün cəhdlərin boşa çıxdığını gördü və müstəqillik gününü də öz adına yazmağa start verdi. Ümumiyyətlə, YAP hakimiyyəti birqayda olaraq sıradan çıxarda bilmədiyi tarixləri, öz adına yazmağa çalışır. Məhz bunun göstəricisdir ki, 28 may, 18 oktyabr tarixlərində televizorların küncündə Heydər Əliyevin şəkli boylanır.

Bu gün yenə televizorların küncündə Heydər Əliyevin şəkili görünür. Gecə-gündüz təbliğat aparılır ki, müstəqillik gününün bansi Heydər Əliyevdir. Müstəqillik günü ilə bağlı təşkil edilmiş rəsmi ziyafətdə çıxış edən ölkə başçısı həmişəki kimi AXC hakimiyyətinə qarşı ağır ittihamlar səsləndirib, müstəqillik gününün Heydər Əliyevlə bağlı olduğunu bildirib.

Bəzən, İlham Əliyev tarixə ekskursiya edəndə insanı gülmək tutur. Çünki, İlham Əliyev Azərbaycanın çətin günlərində ölkəyə ayaq basmayıb. Yalnız Heydər Əliyev hakimiyyətə gəldikdən sonra peyda olub.  Bəli, hökumət gözdən pərdə asmaq üçün 18 oktyabr tarixində rəsmi ziyafət təşkil edib. Amma ölkə başçısının nitqindən də aydın görünür ki, hökumət ölkəyə müstəqillik gətirənlərə qarşı nifrətlə doludur.  Səriştəsiz, xəyanətkar adlandırdıqları AXC hakimiyyəti dövründə məmurlar vətəndaşın qəniminə çevrilməmişdi,yüksək vəzifəlilərə milyarder deyildi, ölkə başçısının ailəsi biznes imperiyası yaratmamışdı. Amma müstəqillik dövründə Əliyev hakimiyyəti 150 milyard neft pulunu talan etdi, ölkəni xarici borcdan asılı vəziyyətə saldı və vətəndaşı intihar həddinə çatdırdı. Məhz Əliyev hakimiyyəti dövründə ölkə vətəndaşları Sovet dövrünün xiffətini çəkməyə başladı. İnsanlar “xalqalr həbsxanası”nda daha yaxşı yaşadıqlarının fərqində oldular. Hansıki, müstəqillik dövründə Azərbaycan xalqı öz sərvətlərinin sahibi olmalıydı, özünü tam azad hiss etməliydi.

Reallıq bundan ibarətdir ki, Azərbaycan müstəqillik qazansa da, YAP hakimiyyəti ölkənin azad olmasına imkan vermədi. AXC hakimiyyəti rus qoşunlarını ölkədən çıxartığı halda, YAP hakimiyyəti Rusiyanın marqlarını dövlət maraqlarından üstün tutdu, ermənipərəst Rusiyanın qarşısında təzim etdi.

Bu gün müstəqilliyin əleyhinə səs verənlər, müstəqillikdən şəxsi maraqlar üçün yararlananlar hakimiyyəti zəbt ediblər və xalqın müstəqilliyin ləzzətini duymasına imkan vermirlər. 18 oktyabr yaxın tarixdir və bu danılmaz faktdır ki, müstəqillik böyük qurbanlar hesabına əldə olunub. Amma bu müstəqillik uğrunda canını fəda edənlər, əzab-əziyyət çəkənlər bu gün arzuolunmaz şəxslər siyahısına düşüb.

18 oktyabrda televizorların küncündən Rəsulzadənin, Elçibəyin şəkli vurulmalıdır. 1991-ci ildə əldə olunmuş müstəqilliyin Heydər Əliyevlə nə əlaqəsi ola bilər? Müstəqilik günü  Sovet imperiyasından xilas olmaq istəyənlər üçün əlamətdar gündür. Əgər YAP hakimiyyəti müstəqilliyi dəyər hesab etsəydi, 23 il müddətnidə onminlərlə insanın ölkədən didərgin düşməsinə, 20 faiz torpağın hələ də işğalda qalmasına, ləyaqətli insanların şərlənərək həbs edilməsinə  rəvac verməz və Rəsulzadə, Elçibəy yolunun davamçılarına mübaribə elan etməzdi.

Amma mühüm bir məqam bundan ibarətdir ki, YAP hakimiyyəti   28 may əv 18 oktyabr tarixlərini unutdura bilmədi və bu tarixlərin arxasında gizlənməyə məhkumdur.  YAP hakimiyyəti Azərbaycanın qürur tarixindən  söhbət düşəndə  “Şərqdə ilk demokratik Respublika Azərbaycan olub”,  “18 oktyabrda Azərbaycan dövlət müstəqilliyini bərpa edib” deməyə məcburdu və bunu etiraf edir. Etiraf edirlər ki, Azərbaycan tarixinin qürur duyulacaq iki mühüm hadisə var və bu da Heydər Əliyevin hakimiyyəti dövrünə təsadüf etmir. Son 23 ildə qürur duyacağımız hər hansı tarix yaradılmayıb. Əksinə, Azərbaycan korrupsiyanın, monopoliyanın, hüquqsuzluğun tüğyan etdiyi ölkə kimi tanınıb. 1918- ci ildə 22 demokratik ölkədən biri Azərbaycan idisə, bu gün 22 qeyri-azad ölkədən bir Azərbaycandır. Bəli, YAP hakimiyyəti Azərbaycanın tarixi uğurlarının üstündən xətt çəkib, ölkəni ötən əsrin əvvəllərinə qaytardılar.

Göründüyü kimi bu hakimiyyətin müstəqillikdən danışmağa, müstəqilliyi öz adına yazmağa mənəvi haqqı yoxdur. Son 23 ildə Azərbaycanın bütün sərvətləri bir qrup ailə tərəfindən bölüşdürüldü və bu proses davam edir.

Zaman da göstərdi ki, müstəqillik hələ azadlıq deyil. Müstəqil ölkədə bütün azadlıqların təmin olunması üçün xalqın seçdiyi, milli hökumət olmalıdır.

Ona görə də bu ölkəyə müstəqilliyi gətirənlər, azadlığı da gətirməyə məhkumdular. Çünki, mövcud hakimiyyətin idarəçiliyndə olan ölkənin müstəqiliyi hər an təhlükə altındadır. Bu hökumət müstəqilliyə daha çox qazanmaq fürsəti kimi baxır və qətiyyən dövlətçilik anlayışının fərqində deyil.  21-ci əsrdə müstəqil bir ölkədə Monarxiya qurmaq cəhdi, müstəqillik əleyhinə atılmış növbəti addımdır.

Xülasə, müstəqillik gününü tarixdən silməyə çalışanlar, bu tarixi öz adlarına yazmaq məcburiyyətində qaldılar. İndi növbə xalqındır, müstəqil ölkəyə azadlıq gətirmək vaxtıdır.

Akif