Bəşər Əsəd pulsuz qalıb

Suriya diktatoru əsgərlərə pul vermək üçün dövlətin qızıllarını satışa çıxarsa da, alıcı tapa bilməyib

BMT-nin və Ərəb Ölkələri Liqasının Suriya üzrə xüsusi nümayəndəsi Kofi Annan hazırladığı plan çərçivəsində bu ölkəyə gedən müşahidə heyətinin fəaliyyətə başlamasından sonra BMT Təhlükəsizlik Şurasına məlumat verdi. Video-konfrans vasitəsilə məlumat verən Annan Bəşər Əsədə sadiq əsgərlərin BMT müşahidəçilərinin olmadığı şəhər və qəsəbələrdə əməliyyatlar keçirdiyi haqda xəbərlər aldığını bildirib. Xüsusi elçi Suriyadakı vəziyyəti “vahiməli” adlandırıb.
Kofi Annanın BMT Təhlükəsizlik Şurasına verdiyi məlumatdan bir neçə saat əvvəl onun sözçüsü Əhməd Fevzi Suriyadakı son vəziyyət haqqında danışıb. Fevzi atəşkəs şərtlərinə uyğun olaraq, ağır silahların hamısının hərbi bazalara yerləşdirilməli olduğunu, lakin bunun baş vermədiyini bildirib. BMT Təhlükəsizlik Şurasına hazırda sədrlik edən ABŞ-ın bu qurumdakı səfiri Süzan Rays ölkəsinin Bəşər Əsədin hərəkətlərinə görə səbr kasasının daşdığını söyləyib.
ABŞ dövlət katibi Hillari Klinton da qeyd edib ki, ölkəsi Kofi Annanın Suriya ilə bağlı sülh planının potensial iflasına hazırlaşır: “Təəssüf ki, Əsəd rejimi vədləri tez-tez pozur. Bunun üçün biz bu ölkəyə əlavə müşahidəçilərin yerləşdirilməsinə kömək etməklə yanaşı, zorakılığın davam edəcəyi və ya müşahidəçilərin işinin əngəllənəcəyi təqdirdə əlavə tədbirlər görməyə hazırlaşırıq”.
Bu arada, BMT-nin müşahidəçi heyətinə daha 4 nəfər əlavə olunub. Bununla da Suriyadakı BMT missiyası üzvlərinin sayı 15 nəfərə çatıb. Yeni gələn müşahidəçilərin ikisinin çinli, birinin indoneziyalı, digərinin isə sudanlı olduğu bildirilib. Bir aya Suriyada BMT-nin hərbi müşahidəçilərinin sayının 100 nəfərə çatdırılması haqda qərar qəbul olunub. Qərarı ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Süzan Rays açıqlayıb.
Rusiyanın xarici işlər naziri Sergey Lavrovun bu gün Suriya Milli Azadlıq Cəbhəsinin nümayəndələri ilə görüşəcəyinə dair xəbər yayılıb. Bu barədə “RIA Novosti”nin yaydığı məlumatda bildirilir ki, görüş Moskvada baş tutacaq.
Türkiyənin “Milliyyət” qəzeti isə Bəşər Əsədin maliyyə böhranından çıxmaq üçün qızıllarını satmağa cəhd etdiyini yazıb. Xəbərə görə, Əsəd rejimi dövlət rezervi olan qızılları Çinə satmaq istəyib. Çindən rədd cavabı alınca, Dubay birjasında satmaq qərarına gəlib. Beynəlxalq aləmin sanksiyaları ilə qarşılaşan Suriya hökuməti müxalifətə qarşı hərbi əməliyyatları davam etdirə bilmək üçün valyutaya ehtiyac duyur. Pul qarşılığında qızıl təklifinə isə rəsmi Pekin rədd cavabı verib.

azadliq.info