Hakimin sürücüsü terrorçu çıxdı

Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin (MTN) bir neçə gün əvvəl Zaqatalada həyata keçirdiyi növbəti əməliyyat zamanı həbs edilən silahlı qanunsuz qruplaşmanın üzvü ilə bağlı maraqlı faktlar ortaya çıxıb.

Rayon hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, xüsusi əməliyyat nəticəsində tutulan, Gəncədə zərərsizləşdirilən qanunsuz silahlı qruplaşmanın başçısı Vüqar Padarovun yaxın silahdaşı olmuş Anar İsfəndiyar oğlu Ramazanovun Şəki Apellyasiya Məhkəməsinin sabiq sədri Ramazan Burcayevin sürücüsü işlədiyi məlum olub. İstintaqla o da müəyyən edilib ki, A. Ramazanov cinayət əməllərini məhz R. Burcayevin sürücüsü olduğu müddətdə həyata keçirib. Belə ki, dəstə üzvləri ələ keçməmək və iz azdırmaq məqsədilə məhkəmə sədrinin xidməti maşınından istifadə ediblər. A. Ramazanov məhkəmə sədrinin xidməti avtomobili ilə V. Padarovun başçılıq etdiyi dəstənin üzvü Rəşad Aşurovun əldə etdiyi silah-sursatı lazımi ünvanlara çatdırmaqda onlara yardım edib. Bütün bunlar R. Burcayevin Şəki Apellyasiya Məhkəməsinin sədri olduğu dövrdə həyata keçirilib.