Gültəkin Hacıbəyli: “Avropa Birliyi Azərbaycanla əlaqələrin tam qırılmaması üçün bu cür səfərləri vaxtaşırı realaşdırır”
Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salber Azərbaycana səfər edəcək. Səfər oktyabrın sonuncu həftəsinə planlaşdırılır. Məqsəd Azərbaycanda yüksək səviyyəli məsləhətləşmələr aparmaqdır.
Bu səfərdən nə gözləmək olar? Xüsusilə onu nəzərə almaq lazımdır ki, Azərbaycan maliyyə böhranından çıxmaq üçün Qərbdən investisya cəlb etməyə çalışır. Qərb isə iqtisadi, siyasi və məhkəmə sistemində şəffaf islahatların aparılmasını tələb edir. Bu islahatlar olmadan Azərbaycana maliyyə yardımının ayrılması real görünmür.
Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəylinin AB təmsilçisinin səfərindən ciddi gözləntisi yoxdur. Azərbaycanın Qərb investisiyalarına ciddi ehtiyacının olduğunu deyən G.Hacıbəyli bildirdi ki, ölkə iqtisadiyyatı iflas həddindədir və iqtisadiyyata təcili 20-30 milyard vəsait yatırılmazsa, iqtisadiyyatı iflasdan heç nə xilas etməyəcək: “Bir gerçəklik var ki, dünyada heç kim öz vəsaitini elə-belə vermir. Dünya özünün hər bir qəpiyinə qarşı həssasdır. Beynəlxalq maliyyə institutları Azərbaycana böyük miqdarda pul verməmişdən öncə, ölkədə həmin vəsaiti qaytarmağa imkan verən normal investisiya mühitinin olub-olmadığını araşdıracaqlar. Bu baxımdan siyasi hakimiyyət nəinki ölkəni xarici investisiyalar üçün açır, əksinə ölkə hər ötən gün daha da qapanır, idarəetmə daha da avtoritarlaşır, repressiyalar daha da artır. Belə olan halda Avropa Birliyi ilə münsibətlər yalnız simvolik xarakter daşıyacaq. Avropa Birliyi Azərbaycanla əlaqələrin tam qırılmaması və həlledici mərhələyə qədər Azərbaycan hakimiyyəti ilə körpü saxlamaq niyyətilə bu cür səfərləri vaxtaşırı realaşdırır. Eyni zamanda Avropa Birliyindən kiçik tranşlar da həyata keçiriləcək. Azərbaycan da bu vəsaitləri almaq üçün imitasiya siyasətini davam etdirəcək. Amma Azərbaycan hakimiyyətinin ölkədə demokratik islahatlar həyata keçirmək istiqamətində ciddi siyasi iradəsi olmadığı üçün Avropa Birliyinin Cənubi Qafqaz üzrə təmsilçisinin və digər ali nümayəndələrinin səfərləri bu reallığı dəyişməyə qadir deyil”.
G.Hacıbəyli vurğuladı ki, düzdür AB ilə Azərbaycan arasında danışıqlar başlayıb. Amma geosiyasi konyuktur elədir ki, bu gün Avropanın Azərbaycana ciddi təsir göstərmək niyyəti yoxdur. Bu da Rusiya faktoru ilə bağlıdır: “Azərbaycan hakimiyyətinin mahiyyəti elədir ki, istənilən islahat, dəyişiklik bu sistemin çöküşü ilə nəticələnəcək. Hakimiyyət bunu anlayır və özünün qaranlıq gələcəyinin olduğunu bilə-bilə bu islahatların qarşısını alır. Bu baxımdan bu kimi səfərlərin hələ ki, bir nəticəsi olmayacaq”.
Xəyal