Dövlət rəsmiləri əvvəlcədən bunu təkzib etsə də, xəbər düz çıxdı. Israilin xarici işlər naziri A.Liberman Bakıya gəldi. Prinsipcə, hansısa ölkənin diplomatını bu qədər maraqla gözləmirlər, çünki xarici işlər nazirinin funksiyası ölkələri gəzmək, diplomatik münasibətlər yaratmaqdır. Lakin bu səfər çox güman ki, sıradan bir hadisə kimi qiymətləndirilməyəcək. Səbəbi isə budur ki, iki ölkənin əlaqələrilə bağlı son dövrlərdə çox söhbətlər gəzib. Ona görə də o söhbətlər daha yaxın atmosferdə bir-bir çözüləcək.
Mən güman edirəm ki, münasibətlər bundan artıq dərinləşməyəcək. Amma onlar eyni zamanda, soyumaq, zəifləmək tendensiyasını da yaşamayacaq. Çünki çox sıx münasibətlərin bu vaxta qədər hansı ölkələri qıcıqlandırması hər iki tərəfə yaxşı məlumdur.
Bu səfər diplomatik əlaqələrin yaranmasının 20 illiyinə həsr olunmuşdu. Mən o məsələ haqda bir vaxtlar çox yazmışam. Mənə elə gəlir ki, biz diplomatik əlaqə və münasibətlərdəki asimmetriyaya son qoymalıyıq, Israildə öz səfirliyimizi açmalıyıq. Əvvəllər deyirdilər ki, bu, müsəlman dünyasını qıcıqlandıra bilər və biz də bu arqumentlə razılaşırdıq. Amma müsəlman dünyasında Türkiyə Azərbaycanın ən yaxın və etibarlı müttəfiqidir. Fəqət, Türkiyə-Israil əlaqələri hansı vəziyyətdədir, bunu özünüz bilirsiniz. Bu münasibətlərə rəğmən, ölkəmiz Israillə çox sıx əməkdaşlığa getdi. Deməli, müsəlman müttəfiqlərin itirilməsi haqda bu vaxta qədər söylənilənlər həqiqəti bir o qədər də əks etdirmir. Iran etiraz edəcək? Etsin! Onsuz da bu ölkə daim bizi Israillə yaxınlığa görə qınayır!
Qərəz, mən ortalıqda səfirliyin açılmaması üçün başqa bir ciddi arqumentin mövcudluğunu görmürəm. Israilin Iranla bağlı planlarına gəldikdə isə, bizim buna ehtiyatlı münasibətimiz olmalıdır. Siyasət başqa şeydir. Onsuz da bizi hazırda Israillə çox şey bağlayır. Ona görə də Israilin Iranla bağlı planlarına dəstək verməsək də olar. Indiki münasibətlər, prinsipcə, kifayətdir.
Bəlkə də bütün bunlar Libermanın diqqətinə çatdırılacaq. O özü də bilir ki, Israillə bu münasibətlərdən daha dərin, daha ciddi münasibətlər, hətta ABŞ-ı belə çox qıcıqlandırır. ABŞ-ın da narahatlığını başa düşmək mümkündür. Çünki ona çox yaxın olan dövlət – Israil öz tələskənliyi ilə hətta onun özünü belə, böyük bir fakt qarşısında qoya bilər.
Siyasət davam edir. Xarici siyasətin missiyası bəlkə də çoxlu dost qazanmaq deyil, düşmənlərin sayını azaltmaqdır. Çünki siyasətdə dost ölkələr çox olmur, ortada hər kəsin öz marağı var və hamı da bu maraq kontekstindən çıxış edir. Bir dost qazanmaqla özünə yüz düşmən qazanırsansa, bu da siyasət deyil. Bilmirəm, kim deyib, amma maraqlı ifadə var: “Siyasətçi üçün on dost azdır, bir düşmən isə çoxdur”.
Bizim onsuz da bir düşmənimiz var: bu da Ermənistandır. Ona görə də ikinci bir düşmən biz azərbaycanlılar üçün çox olar, çalışaq ki, o, olmasın!
Daxildə isə hər şey əvvəl olduğu kimi qalır…
Bəli, ölkənin daxili əsl siyasi bataqlıqdır. Burada baş çıxarmaq çox çətindir.
Mən xarici siyasətdən yazanda dərhal daxili siyasəti xatırlayıram və dərhal da məni məyusluq bürüyür. Dövlət rəsmilərimiz deyir ki, xarici siyasətimiz elə daxili siyasətimizin davamıdır. Belə deməyin, əfəndilər! Çox yaxşıdır ki, belə deyil, xarici siyasət bir qədər fərqlidir, əks təqdirdə ölkəni tamam məhv edib axırına çıxardınız. Mən demirəm ki, sizin xarici siyasətiniz yaxşıdır. Yox, bu, çox böyük şişirtmə olardı, sadəcə daxili siyasətdən fərqli olaraq, xarici kurs qismən dözümlüdür. Əgər xarici siyasət daxili siyasətin tam davamı olsaydı, lap biabır olardıq! Daxildə nə dialoq var, nə kompromiss… Sanki ölkənin xarici ilə daxilinin yeri inversiya olub, səhv düşüb. Sanki ölkənin çölü deyil, içi yad insanlardan ibarətdir. Xaricdə bunu bilirlər. Məhz elə bu səbəbdən o qədər problem yaranır ki! Heç bir məsələdə axıradək israr etmək iqtidarınız yoxdur, çünki gec-tez sizə bəzi şeyləri xatırladırlar və siz də itaətkarcasına geri çəkilməli olursunuz. Ən möhkəm hakimiyyət daxildən möhkəm olandır.
Siz isə daxildən möhkəm deyilsiniz…

Xarici siyasət daxili siyasətin davamı olsaydı…
•