Azərbaycanda hər ay 800-dən çox ailə dağılır

Boşanmalar başlıca olaraq sosial-iqtisadi, psixoloji durumla bağlıdır

Dövlət Statistika Komitəsi Azərbaycanda nikah və boşanmaların sayını açıqlayıb. Bəlli olub ki, ölkədə üç ay müddətində 2600 ailə dağılıb. Komitə 2010-cu ilə nisbətən  boşanmaların sayının 19,1 faiz artdığını bildirib.  Beləliklə, ölkədə hər ay 800-dən çox ailənin dağıldığı müəyyənləşib.
Iqtisadçı-ekspert Nemət Əliyev boşanmaların sosial-iqtisadi vəziyyətlə əlaqəsini şərh edərək ailə qurulanda onun maddi baza, maddi əsasının olmasını mütləq sayıb: “Bu baza, maddi əsas yoxdursa, həmin ailənin uzunömürlü olmayacağı proqnozunu bəri başdan vermək olar. Azərbaycanda xəstəliklərin, uşaq ölümlərinin, doğulmuş sahibsiz uşaqların sayının artmasında sosial amillərin rolu birbaşadır. Ölkədə aparılan iqtisadi artımın, sosial-iqtisadi sistemin etibarsızlığı, rəqabət qabiliyyətli olmaması baxımından yeridilən sosial-iqtisadi siyasət yanlışdır”. N.Əliyevin qənaətincə, bu siyasət əlavə olaraq bir sıra sosial, iqtisadi, psixoloji problemlər yaradır. Bu baxımdan ölkədə boşanmaların sayının çoxalmasını sosial-iqtisadi faktorla bağlayaraq hökumətin yeritdiyi siyasətin məntiqi yekunu kimi qiymətləndirmək olar.

Nigar