Və ya “obexeyis” və virtual dünya həvəskarlarının qanlı “yaradıcılığı”
III yazı
Nardaran əməliyyatı necə hazırlanıb? Əməliyyatla bağlı hansı davranış versiyaları və modelləri müzakirə olunub? Əməliyyatda iştirak edən şəxslərin hər birinə konkret hansı tapşırıqlar verilib? Əməliyyatın təsir dairəsinə düşən insanların təhlükəsizliyi necə təmin edilib?
Cinayət işinin materirillarından və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (bundan sonra BMCMİ) məhkəmədə ifadə vermiş əməkdaşlarının ifadə və dindirmələrindən belə məlum olur ki, noybarın 26-ı idarədə bəzən ifadələrə görə, 15, bəzi ifadələrə görəsə uzaqbaşı 30 dəqiqə çəkən əməliyyat müşavirəsi keçirilib. Müşavirəyə BMCMİ-nin banditizm və digər təhlükəli cinayətlərlə mübarizə şöbəsinin rəisi Kərim Əlimərdanov rəhbərlik edib. Müşavirədə nə idarənin rəisi, nə Daxili İşlər Nazirliyinin yüksək çinli məmurları, nə də ki, başqa güc orqanlarının əməkdaşları iştirak edib. Baxmayaraq ki, daxil olmuş məlumat çox “həyacanlı” olub: dövlət çevrilişi, konstitusiya quruluşunun zorla dəyişdirilməsi, silahlı və təhlükəli cinayətkar qruplaşma, terrorçuluq və s. Üstəlik, bu, adı, sıradan bir əməliyyat olmayıb, xüsusi əməliyyat olub. Digər tərəfdən, bu xüsusi əməliyyat tədbiri bilavasitə prezidentin nəzarətində olub. Bir sözlə, formal iyerarxiya.
Müşavirədə yalnız daxil olmuş əməliyyat məlumatı barədə məlumat verilib. Vəssəlam. Nə daxil olmuş məlumatın necə yoxlanılacağı, məlumat təsdiqlənəcəyi və yaxud da təsdiqlənməyəcəyi halda necə davranılacağı, əməliyyatda iştirak edən hər bir əməkdaşın konkret hansı funksiyanı həyata keçirəcəyi, əməliyyatçılar arasında rabitənin necə qurulacağı, insanların təhlükəsizliyinin necə təmin ediləcəyi və s. barədə fikir mübadiləsi aparılmayıb.
Baxmayaraq ki, həm “Əməliyyat-axtarış fəaliyyəti haqqında”, həm də “Polis haqqında” qanunların tələbi məhz ilk əvvəl bunu tələb edirdi. Birinci qanuna görə, əməliyyat-axtarış fəaliyyətinin subyektlərinə öz səlahiyyətlərinin icrası zamanı insanların həyatını, sağlamlığını, əmlakını və qanuni mənafelərini təhlükə altına alana hərəkətlərə yol vermək, zor işlətmək, hədələmək, şantaj etmək qadağan edilir, bu fəaliyyət insan həyatını, sağlamlığını, hüquq və azadlıqlarını…müdafiə məqsədilə həyata keçirilir və…qanunçuluq, humansitlik, insan hüquq və azadlıqlarına hörmət…prinsiplərinə əsaslanır.
İkinci qanunun tələbinə əsasən isə, Azərbaycanda polisin təyinatı insanların həyatını, sağlamlığını, hüquq və azadlıqlarını, dövlətin, fiziki və hüquqi şəxslərin qanuni mənafelərini, mülkiyyətini hüquqazidd əməllərdən qorumaqdır.., polis insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət, qanunçuluq və humanistlik …prinsipləri əsasında fəaliyyət göstərir… dinindən, … əqidəsindən, siyasi partiyalara…və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq bütün şəxslərin Konstitusiyada və dövlətlərarası müqavilələrdə nəzərdə tutulmuş hüquqlarını və qanuni mənafelərini hüquqa zidd əməllərdən qoruyur…Polisin hər hansı şəxslə insanın ləyaqətini alçaldan şəkildə rəftar etməsi yolverilməzdir. Cinayət törədən və ya törətməkdə şübhələnilən şəxsləri məlumat verməyə və ya cinayət əməlini törətməkdə təqsirini etiraf etməyə məcbur etmək, bu məqsədlə onları və digər şəxsləri hədələmək, işgəncəyə məruz qoymaq, onlara hər hansı fiziki və ya mənəvi təsir göstərmək qadağandır…Fiziki qüvvənin, xüsusi vasitələrin və ya odlu silahın tam zəruri hallarda tətbiqi yaranmış təhlükəyə mütənasib olmalıdır.
Mən, o qədər də sadəlövh deyiləm, real fəaliyyət prinsipləri və məqsədlərin nədən ibarət olduğunu bilirəm, qanunlardan bu çıxarışları təqdim etməkdə yeganə məqsədim, sadəcə situasiyanın hüquqi mənzərəsini gözləriniz önündə canlandırmaqdır.
Qayıdaq əməliyyata. Əməliyyatda iştirak edən 21 nəfərin bir neçəsini çıxmaq şərtilə qalanı BMCMİ-nin iqtisadi cinayətkarlığa qarşı mübarizə (keçmiş “obexeyis”) və kibercinayətkarlıqla mübarizə şöbələrinin əməkdaşlarıdır. Absudrddur, deyilmi? Axı daxil olmuş məlumatda deyilirdi ki, Tale Bağırzadə və tərəfdarları ölkədə dövlət çevrilişi hazırlayır, konstitusiyanı dəyişir, terrorçuluqla məşğul olur, qaldıqları mənzildə silah-sursat anbarı yerləşir və s. İndi metafizik ağıl bu paradiqmanı anlamaq gücündə deyil: bu təhlükli “cinayətkarlar”ın zərərsizləşdirilməsinə iqtisadçılarla, virtual mübarizə həvəskarlarını kim və hansı niyyətlə göndərirdi?
İqtisadçıların və virtual dünya həvəskarlarının özfəaliyyətinin nəticəsi göz önündədir: 6 nəfər həyatını itirir, 4 nəfər möcüzə sayəsində sağ qalsa da, ağır yaralanır, başqaları isə rezin güllələrdən keçirilir, əməliyyat zamanı inanılmaz işgəncələrə məruz qalır və eskpertiza rəylərində bu işgəncələrin bir qismi öz əksini tapır (Əməliyyatdan sonrakı günlərdə baş verən işgəncələr bura aid deyil).
Başqa bir absurd. Cinayət işinin materiallarından və məhkəmədə dindirilmiş BMCMİ-nin əməkdaşlarının ifadələrindən belə məlum olur ki, onlar gündüz saat 12:45-də Tale Bağırzadə və tərəfdarlarının Naradran qəsəbəsində məskunlaşdığı Əbülfəz Bünyadova məxsus həyət evinin 5-3 metrliyində, düz həyət qapısnın kandarında əməliyyat mövqeyi seçiblər və nə az, nə çox 15 dəqiqə nəyisə gözləyiblər və bu müddətdə sərəncamında bütöv bir cəbbəxana (Əməliyyat-axtarış tədbirinin keçirilməsi və maddi sübutların götürülməsi protokolundan: 4 “Kalaşnikov”, 2 “TT” və 1 “Makarov” tapançaları, 12 əl qumbarası, 1 partlayıcı maddə, 1 uzaqdan idarəolunan qurğu, trotil şaşkası, fitil, 10 “Molotov” kokteyli, saysı-hesabsız güllələr, beşbarmaqlar, xəncərlər və s. və i.a.) olan “mütəşəkkil cinayətkar dəstə”nin heç bir üzvü bu 15 dəqiqə ərzində çıxıb çağırılmamış qonaqlara “gözün üstdə qaşın var” demir! Necə deyərlər, əməliyyata illüstrasiya!…
Digər bir nümunə. Hadisə zamanı yaralanan və rəhmətə gedən polis əməkdaşlarının sərəncamında rezin güllə atan avtomat silahlar olub, qalan digərləri isə milli istehsal olan “boevoy” “Zəfər”lə təchiz olunub. “Terrorçular”ın üzərinə birinci göndərilən isə…rezin güllə atan avtomatlı polis əməkdaşları olub. “Zəfər” daşıyanı qoyub, rezin güllə atanı irəli buraxmağı hansı normal əməliyyatçı, əməliyyata rəhbərlik edən edə bilər? Xalis epataj!
Cinayət işinin materialarına görə, rezin güllə atan silahlar yalnız ölən polislərdə olub, onlar da həyət qapısından içəri daxil olan kimi yaralanıb. Bəs bu insanları rezin güllələrdən keçirənlər kimlər olub?!
Suallar coxdur! Və bu sualların cavablarını pinti, ağlagəlməz dərəcədə qeyri-peşəkar və özünüifşa şəklində aparılmış cinayət işinin materiallarında tapmaq mümkün deyil.
Suallarsa davam edəcək…
Müəllifin “Nardaran işi”ylə bağlı digər yazıları:
Endşpil – http://www.azadliq.info/152113.html
Manatlıq çevriliş – http://www.azadliq.info/152496.html