Ali məhkəmə 3 vicdan məhbusu barədə ədalətsiz qərara imza atdı
«2 aprel» məhbuslarından üçünün işi Avropa Məhkəməsinə gedir
Dünən Ali Məhkəmədə vicdan məhbuslarından üçünün – Şahin Həsənli, Arif Hacılı və Fuad Qəhrəmanlının kassasiya şikayətlərinə baxılıb. Səhər saat 10.30-da başlayan ilk məhkəmə iclası AXCP-nin Təşkilat Şöbəsinin müdiri Şahin Həsənlinin işi üzrə oldu. Fərhad Kərimovun sədrlik etdiyi hakimlər kollegiyasına, həmçinin Imran Hacıqayıbov və Gülzar Rzayeva daxil idi. Prosesdə dövlət ittihamını isə prokuror Mahir Abbasov müdafiə edirdi.
Vicdan məhbusunu məhkəməyə gətirmədilər
Şahin Həsənli özü məhkəmədə iştirak etmirdi. Onun vəkili Əlaif Həsənovun da ilk vəsatəti müdafiə etdiyi şəxsin iştirakıyla bağlı oldu. Lakin prokuror və hakim bu vəsatətə qarşı çıxdı. Onların fikrincə, Şahin Həsənli vaxtında prosesdə iştirakıyla bağlı müraciət etməyib.
Gülləni niyə gizlədirlər?
Daha sonra vəkil kassasiya şikayətinin dəlilləri ətrafında danışdı. O, birinci məhkəmə instansiyası və Gəncə Apelyasiya Məhkəməsinin Ş.Həsənli barədə verdiyi hökm və qərarı qanunsuz, ədalətsiz adlandırdı. Vəkil işdə olan qanunsuzluqları sadalayaraq, qərarın dəyişdirilməsini tələb etdi.
Vəkil dedi ki, Ş.Həsənliyə qarşı qanunsuz silah – güllə saxlama ittihamı irəli sürülsə də, heç bir məhkəmə iclasında həmin güllələr müdafiə tərəfinə göstərilməyib. Baxmayaraq ki, müdafiə tərəfi dəfələrlə bunu tələb edib: “Ittiham tərəfi bu əməlilə işin obyektiv araşdırılmasından yayınır. Onlar hər dəfə bizim tələbimiz qaldırılandan sonra deyirlər ki, güllələrin seriya nömrəsi silinib. Bu, mümkün deyil, keçən əsrin 40-cı illərinin güllələrində də bu seriya-nömrə qalır. Güllələri bizə ona görə göstərmirlər ki, bilirlər o seriya nömrəsi ilə onların hansı quruma, təşkilata məxsusluğu aşkarlanacaq”.
Məhkəmə ədalətsizliyi müdafiə edir
Vəkil daha sonra bildirdi ki, Ş.Həsənli saxlanılarkən onun müdafiə hüququ pozulub, müdafiəçi ilə təmin olunmasına, əlaqə yaratmasına imkan verilməyib. Güllələr protokollaşdırılarkən onun özünün iştirakı olmayıb.
Güllələrə “atəş üçün yararlıdır” arayışı verən şəxsin də kimliyini vəkil məhkəmədə sual altına qoydu: “Burda sadəcə, adamın adı var. Biz bilmirik ki, o ekspertdir, mütəxəssisdir, ya nədir?”
Daha sonra vəkil müdafiə etdiyi şəxsin fikirlərini məhkəmənin nəzərinə çatdırdı: “Şahin Həsənli hesab edir ki, onun həbsi birbaşa siyasi fəaliyyətilə bağlıdır. Onun maşınını həbsindən əvvəl izləyiblər. Məhkəmə qərarı olmadan izlənmə isə qanunsuzdur”.
Ortaya qoyulan sübut-dəlillərə baxmayaraq, prokuror Mahir Abbasov qərarın dəyişdirilməməsini istədi. Məhkəmənin qərarı da prokurorun mövqeyilə üst-üstə düşdü – Apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanıldı. Vəkil isə bu qərarın ədalətsiz olduğunu bildirərək, Avropa Insan Haqları Məhkəməsinə şikayət hazırlayacağını dedi.
Arif Hacılı məhkəməyə gəlməyi lazım bilmədi
Eyni məhkəmə heyəti daha sonra Arif Hacılı və Fuad Qəhrəmanlının kassasiya şikayətinə baxdı. Bu prosesdə dövlət ittihamını başqa bir prokuror Ceyhun Budaqov müdafiə edirdi. Arif Hacılı öz istəyi ilə məhkəməyə qatılmamışdı. Onu və Fuad Qəhrəmanlının hüquqlarını isə vəkil Əsabəli Mustafayev müdafiə edirdi.
Kassasiya şikayətinin dəlilləri ətrafında çıxış edən vəkil dedi ki, iş materiallarında xeyli sayda əsas var ki, onlara görə Ali Məhkəmə aşağı instansiya məhkəmələrinin çıxardığı hökm və qərarları ləğv etsin. Vəkil bildirdi ki, Ictimai Palatanın ötən ilin 2 aprelində keçirdiyi mitinqə məhkəmə düzgün qiymət verməyib. Bu aksiya dinc xarakterli olub, bu, aksiyadan öncə edilən müraciətdə və Ictimai Palata tərəfdarlarına edilən çağırışlarda da əks olunub. Vəkilin sözlərinə görə, hüquqlarını müdafiə etdiyi şəxslərə “mitinqin təşkilatçısı” kimi ittiham verilsə də, iş materiallarında bu ittihamı təsdiq edəcək hər hansı sənəd, sübut yoxdur.
Əsabəli Mustafayev hökmdə göstərilən, insanlara vurulan maddi ziyanın da müdafiə etdiyi şəxslərə heç bir aidiyyəti olmadığını dedi və əlavə etdi ki, bunu məhkəmədə dindirilən şahid və zərərçəkənlər də etiraf edib.
Fuad Qəhrəmanlıya qarşı senzura tətbiq etmək cəhdi
Daha sonra Fuad Qəhrəmanlı məhkəmədə kassasiya şikayəti ətrafında danışdı. Onun çıxışını bir neçə dəfə hakim kəsdi. Hakimi narahat edən isə Fuad Qəhrəmanlının hökmün siyasi xarakterli olmasına dair gətirdiyi dəlillər idi. Belə olan halda, Fuad Qəhrəmanlı hakimə bildirdi ki, narahat olmasınlar, çünki onun etdiyi sərt tənqidi çıxışlara görə hakimləri heç kim cəzalandırmayacaq: “Sizdən əvvəl də belə çıxışlar etmişik, bu çıxışların məsuliyyətini biz daşıyırıq, odur ki, siz qorxmayın”.
AXCP yetkilisi onun və digər vicdan məhbuslarının barəsindəki hökmün qanunsuz olduğunu vurğulayaraq əlavə etdi ki, bu həbslərdə yeganə məqsəd cəmiyyətin gözünü qorxutmaq, vətəndaşların siyasi aktivliyini azaltmaq olub. Fuad Qəhrəmanlı həmçinin hakimlərin nəzərinə çatdırdı ki, məhkəmədən ədalət gözləmir, çünki hakimlər öz iradələri, ortaya qoyulan sübut-dəlillərlə yox, “yuxarıdan” gələn göstərişlə qərar verirlər.
Bununla belə, Fuad Qəhrəmanlının çıxışı bir xeyli çəkdi və o, bunu belə əsaslandırdı: “Ona görə fikirlərimi ətraflı izah edirəm ki, hakimlər gecə yatarkən vicdanları ilə söhbət edərək, haqq-ədalətin kiminlə, harada olduğuna bir daha nəzər salsınlar”.
Hakim prokurorluq edir
Proses boyunca hakimin bitərəf qala bilməməsi, hakimdən daha çox prokuror kimi davranması məhkəmədəki gənc hüquqşünasları heyrətləndirmişdi. Onlardan biri hətta dözməyərək, yerindən sakitcə “axı, hakim tərəf olmamalıdır…” deyə etirazını da bildirdi.
Dövlət ittihamçısı əvvəlki məhkəmə qərarının dəyişdirilməməsini istədi. Məhkəmə də elə bu cür qərar verdi.
Vəkil Əsabəli Mustafayev məhkəmə prosesindən sonra jurnalistlərə açıqlamasında bildirdi ki, hüquqlarını müdafiə etdiyi şəxslərin Avropa Insan Haqları Məhkəməsinə müraciət etməsi üçün heç bir maneə qalmayıb və yaxın vaxtlarda bu işlər üzrə şikayətlər Strasburqa göndəriləcək: “Onlar heç bir cinayət törətməyib. Amma məhkəmə yenə də siyasi sifarişlə qərar verdi. Görünür, məhkəmələrin ədalətli qərar qəbul etməyə gücü çatmadı”.
Natiq Güləhmədoğlu