Hakimiyyətin mitinq əngəllərinin qanunsuzluğu sübut olundu
Hakimiyyət Ictimai Palatanın razılaşdırılmış mitinqlərinə müxtəlif üsullarla maneələr yaradır və bununla da aksiyanın qarşısını almağa çalışır. Hər iki aksiyada tətbiq olunan əngəllərdən biri də 18 yaşa qədər olan şəxslərin mitinq meydanına buraxılmamasıdır. 22 aprel aksiyasında polislərin bu qadağası aksiyaçılarla ciddi qarşıdurmaya gətirib çıxardı. Bəs görəsən, hakimiyyət belə bir qadağanı tətbiq edəndə hansı hüquqi əsaslara söykənir? Tanınmış vəkil Fuad Ağayevin də “Azadlıq” radiosuna verdiyi izahdan aydın olur ki, bu qadağanın heç bir əsası yoxdur.
Fuad Ağayev mitinqə buraxılışda hansısa yaş həddinin qoyulmasını “absurd hal” adlandırır. Deyir ki, “Sərbəst toplaşma azadlığı haqqında” qanunda yaşla bağlı yalnız bir məhdudiyyət var. O da mitinqin iştirakçılarına deyil, təşkilatçılarına aiddir: “Sərbəst toplaşma azadlığı haqqında” qanunun 6.2-ci maddəsində göstərilib ki, “18 yaşına çatmamış şəxslər valideynlərinin və ya digər qanuni nümayəndələrinin yazılı razılığı olmadan, eləcə də fəaliyyət qabiliyyəti məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məhdudlaşdırılmış şəxslərin himayəçilərinin yazılı razılığı olmadan dinc toplantının təşkilatçısı ola bilməzlər”. Yəni, yetkinlik yaşına çatmamış şəxslər nəinki kütləvi tədbirlərdə iştirak edə bilərlər, onlar hətta valideynlərinin razılığı ilə belə tədbirlərin təşkilatçısı da ola bilərlər”.
Qanunun tələbinə əsaslanan vəkilin sözlərinə görə, polisin belə bir məhdudiyyət tətbiq etməsi qanunsuz hərəkətdir.