Nazir səlahiyyət həddini aşıb

Aksiya günü nəqliyyatın hərəkətini məhdudlaşdırmaq göstərişi vermək cinayət məsuliyyəti yaradır

Ictimai Palatanın 8-22 aprel aksiyasına süni maneələr yaradılması nəticəsində əhali ciddi problemlə üzləşib. Belə ki, icazəli aksiya olmasına baxmayaraq hakimiyyət insan axınının qarşısını almaq üçün müxtəlif üsullardan istifadə edib. “20-ci sahə”yə gedən avtobusların hərəkətinin məhdudlaşdırılması təkcə aksiya iştirakçıları, toplaşmaya qatılmaq istəyən şəxslərə problem yaratmayıb. Işinə, evinə tələsən yüzlərlə insan həmin gün nəqliyyatdakı bu süni maneədən əziyyət çəkib. Təkcə “Səməd Vurğun bağı”ndan hərəkət edən 120 saylı neçə-neçə avtobusun xəttə buraxılmaması hərəkəti iflic edib. Sürücülər bu göstərişin Nəqliyyat Nazirliyindən gəldiyini və nazir Ziya Məmmədovun həmin əmrinə əməl etmək məcburiyyətində qaldıqlarını etiraf edib.

Hüquqşünas Müzəffər Baxışov qeyd edilən məsələnin hüquqi məsuliyyət yaratmasının araşdırma nəticəsində bəlli olacağını söylədi. Ekspertə görə, hansısa nazir və ya vəzifəli şəxsin göstərişiylə belə problem yaşanıbsa, həmin hərəkətlərlə sərbəst toplaşmaq istəyən insanlara ciddi ziyan dəyib: “Problemlə üzləşən insanlar hüquq-mühafizə orqanlarına müraciət edə bilər. Araşdırma nəticəsində müəyyən olunsa ki, bu hərəkətlə vətəndaşlara ciddi ziyan dəyib, göstərişi verən vəzifəli şəxsi CM-in 308-309-cu maddələriylə cinayət məsuliyyətinə cəlb edib cəzalandırmaq olar. Nazirin belə bir göstəriş vermək səlahiyyəti yoxdur. Vəzifəli şəxs xidməti səlahiyyət və hüquqlarından kənara çıxan hərəkətlər etməməlidir. Əks-təqdirdə qanun müvafiq şəkildə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur”.

Azad Istehlakçılar Birliyinin sədri Eyyub Hüseynov sözügedən problemi istehlakçıların hüquqlarının pozulması faktı kimi xarakterizə etdi: “Bu, istehlakçıların nəqliyyatdan istifadə etmək hüquqlarının birmənalı şəkildə pozulması deməkdir. Təəssüf ki, qanunlar belə administrativ yollarla məhdudlaşdırılma yaradılmasına heç bir məsuliyyət yaratmır. Nəqliyyatdan istfadədə problem, narahatlıq yaradılması istehlakçılara zərbədir. Amma vətəndaşları belə çətinliyə salmaq reallıqda heç kəsə hüquqi məsuliyyət yaratmır”.

AXCP Ali Məclisinin sədri Həsən Kərimov məsələnin təkcə Nəqliyyat Nazirliyindən deyil, birbaşa Prezident Administrasiyasından qaynaqlandığını söylədi: “Bu onu göstərir ki, əslində, mitinqə icazə verilməsi imitasiya xarakteri daşıyır. Eləcə də şəhərdən məsafəcə uzaq olmasına baxmayaraq, insanların kütləvi şəkildə aksiyaya dəstək verməsi hakimiyyəti çox narahat edirdi. Ona görə də Ictimai Palata bu məsələni müzakirə edəndə növbəti dəfə mitinqlə bağlı Bakı ŞIH və Nəqliyyat Departamenti ilə danışıqlar aparmalıdır. Bu əngəllər yenə də olacaqsa, ”20-ci sahə”də mitinqlərin keçirilməsinə son qoyulmalıdır. Insanların daha rahat gəlməsi üçün şəhərin mərkəzində mitinqlərin keçirilməsinə icazə verilməlidir”.

Sosial şöbə