«Mitinqlərin miqyası böyüdükcə, hakimiyyətdə parçalanma güclənəcək»
Asəf Quliyev: «Əgər dövlət başçısı doğrudan da millətə yaxşılıq etmək istəyirsə, istefa verib getməlidir»
Aprelin 22-də keçirilən mitinq əvvəlkindən daha izdihamlı oldu. Baxmayaraq ki, bu dəfə hakimiyyət dairələrinin aksiyaya gələnlərin qarşısını almaq üçün həyata keçirdiyi tədbirlər xeyli artmışdı. Aksiyaya gələnlərə mane olmaq üçün müxtəlif addımlar atılsa da, bu, izdihamın qarşısını ala bilmədi. Təbii ki, bunlar aksiyaların artan xətlə davam edəcəyini göstərir. Aksiyada baş verənlər və müxalifətin atacağı növbəti addımlarla bağlı Ictimai Palatanın üzvü, AXCP sədrinin müavini Asəf Quliyevin fikirlərini öyrəndik.
“Mitinq xalqın hakimiyyətə münasibətini göstərdi”
– Ictimai Palata artıq ikinci aksiyasını keçirdi. Əvvəlki aksiyadan fərq nədə oldu və artım dinamikası necədir?
– 8 apreldən fərqli olaraq, mitinqin iştirakçılarının sayında artım var idi. 15 mindən artıq adam aksiyada iştirak etdi. Aprelin 8-də isə 10 mindən bir qədər artıq idi. Polisin əvvəlki aksiyaya münasibəti ilə indiki arasında da böyük fərq var idi. Mitinqdən əvvəl Bakı Şəhər Polis Idarəsində danışdıq ki, meydana generator qoyulsun və ondan istifadə olunsun. Buna etiraz etdilər, dedilər olmaz. Bizim səsgücləndirimiz meydanda yandı, mitinqə 5 dəqiqə qalmış yenisini tapa bildik. Uşaqlarla gələnlərə maneəçilik oldu. Hətta bir qadının ürəyi getdi. Qadınlara, uşaqlara qarşı qeyri-insani münasibət oldu, onlara təzyiq göstərdilər. Polis ordakı şüarların, plakatların göstərilməsinə müqavimət göstərirdi. Biz bunları başa sala bilmədik ki, polisin işi yalnız oranın təhlükəsizliyinin qorunmasıdır. Hər hansı siyasi şüarların müəyyənləşdirilməsinə polis qarışa bilməz. Polis öz səlahiyyətlərini aşır. Buna baxmayaraq, həmin məsələlərə müdaxilə etdilər və polisin mitinq iştirakçılarına qarşı sərt davranışını, mitinqi mühafizə etməkdən çox, siyasi partiyaların fəaliyyətinə maneəçilik törətməsini gördük. Bu dəfə avtobusların qarşısı aprelin 8-də olduğundan daha tez bağlandı. 7-8 min adam aksiyaya gələ bilmədi. Rayon şöbələrindən gələnlərin olduğu avtobusun qarşısını kəsdilər, buraxmadılar. Suraxanı rayon şöbəsindən gələnlərin qarşısı kəsildi. Bütün bunlara baxmayaraq, mitinqdə artım oldu. Bu dəfə şüarlar, plakatlar həddən artıq çox idi. Mitinqin əhval-ruhiyyəsi, insanların şüar deməsi, aktivliyi önəmli idi. Xüsusilə qadınlar, qızlar çox idi. Bunların hamısı mitinqin yaxşı alındığını göstərir. Əgər yollar bağlanmasaydı, imkan versəydilər, mitinq daha gur olacaq və 20 mindən artıq adam iştirak edəcəkdi. Hakimiyyət mitinqlərin başlamasından narahat olub. O mitinqdə bizim üçün önəmli məsələ təkcə siyasi partiyalar deyil, cəmiyyətin müxtəlif təbəqələrinin təmsil olunmasıdır. Ziyalılar, dindarlar, evi sökülənlər, taksi sürücüləri artıq mitinqdə təmsil olunur. Bu, xalqın hakimiyyətə münasibətini göstərdi. Bu, artıq təkcə Ictimai Palatanın mitinqi yox, bir xalq hərəkatıdır. Bundan sonrakı aksiyalar daha güclü keçəcək. Bu mitinqdə hakimiyyət nümayəndələrinin, polisin mövqeyi göstərdi ki, artıq 20-ci sahədə mitinq keçirməyə ehtiyac yoxdur. Çünki bura şəhərdən aralıdır, insanların ora gəlməsi çətindir. Düşünürəm ki, 20-ci sahədə mitinq keçirməyi yekunlaşdırmalıyıq. Şəhərin başqa yerində aksiyanın keçirilməsi tələb olunmalıdır.
Mitinqə normal yer ayrılsa, 30-40 min insan gələcək
– Aksiya izdihamlı olsa da, aksiyaçıların sayı ölkədə hüquqları pozulan şəxslərin, evləri sökülənlərin, taksi sürücülərinin sayına adekvat deyildi. Qarşıdakı aksiyalarda həmin təbəqələrlə iş aparacaqsınızmı?
– Söhbətlər olub, fərdi qaydada insanlarla görüşdük, çağırışlar oldu. Təbliğat kampaniyasına da hakimiyyət böyük maneəçilik törətdi. Gəlmək istəyən insanların qarşısı kəsilirdi. Şəhərin bir neçə istiqamətindən daim informasiya alırdıq. Sadəcə olaraq insanların gəlməsinə imkan vermədilər. Meydana toplaşan 15 mindən artıq mitinq iştirakçısı saat 2-ə qədər gələn insanlar idi. 2-dən sonra yollar bağlandı, insanların böyük əksəriyyəti gələ bilmədi. Əgər şəhərin normal yerində mitinq keçirilərsə, orda artıq 30-40 min insan iştirak edəcək. Sadəcə hakimiyyət insanların bir yerə toplaşmasından həddən artıq qorxur, ona görə də imkan vermir. Ancaq vəziyyət belə davam edə bilməz. Artıq müxalifət qərar verib, ortalığa başqa variant qoymalıdır.
“Hakimiyyətin içində artıq parçalanmanı hiss edirlər”
– Ictimai Palata istənilən meydanda izdihamlı aksiya keçirə biləcəyini sübut etdi. Bu mənada Ilham Əliyevin son müşavirədə müxalifətə ona yaraşan yerin ayrıldığını deməsini, insanları sortlara bölməsini necə qiymətləndirirsiniz?
– Ilham Əliyevə rəsmi yığıncaqlar üçün yazıb verirlər, o da ordan oxuyur. Ancaq bu, onun sərbəst danışığının göstəricisi idi. Insanlara o cür münasibət bildirdi. 2005-ci ildə YAP özü orda mitinq keçirdi. Əgər ora səviyyəsiz yerdisə, o səviyyəsizlik ilk növbədə özlərinə aiddir. Ölkəyə rəhbərlik edən insan şəhərin müəyyən bir hissəsini səviyyəsiz adlandırırsa, bu, təkcə müxalifəti deyil, mitinqə toplaşan adamları da aşağılamaqdır. Bu, başlıca olaraq Ilham Əliyevin səviyyəsinin göstəricisidir. Orda 20 mindən artıq insan yaşayır. Onların hamısını aşağılayır. Hakimiyyətin içində də artıq parçalanmanı hiss edirlər. Bu, bütün dünyada gedən prosesdir. Bunun qarşısını nə Ilham Əliyev, nə də başqası ala bilər. Azərbaycanda demokratik dəyişiklik olacaq. Ilham Əliyevin isterikası da göstərir ki, artıq idarəetməni yavaş-yavaş itirir. Ilham Əliyev doğrudan da millətə yaxşılıq etmək istəyirsə, istefa verib getməlidir.
“Mitinqlər regionlarda da keçirilməlidir”
– Aksiyada daha çox Ictimai Palatanın Bakı təşkilatları iştirak edir. Ancaq bildiyimiz qədər Ictimai Palatanın 50-yə yaxın rayonda şöbələri var. Rayonlarda aksiyaların keçirilməsi məsələsi planlaşdırılırmı?
– Ismayıllı rayonunda icra hakimiyyətinə müraciət olunub və icra hakimiyyəti mitinqin keçirilməsinə razılıq verib. Sonra görünür, yuxarıdan təzyiq olub. Təklif ediblər ki, onlar qapalı bir zalda yığıncaq keçirsin. Aprelin 21-də Sumqayıt şəhərində AXCP Sumqayıt şöbəsinin məclisinin yığıncağı idi. Yığıncağa gedən zaman məlumat aldıq ki, Sumqayıt şəhər polis idarəsinin rəis müavini Azər Cahangirovun başçılığı ilə polis dəstəsi tədbirin keçiriləcəyi binanın ətrafına toplaşıb. Biz yığıncağı keçirib ordan çıxandan sonra onlar gec bilmişdilər. Biz maşınla gedəndə sanki terrorçuları saxlayırlar, 8-9 polis maşını bizim maşının qarşısını kəsdilər. 10 dəqiqə yolda tıxac yaratdılar. 10 dəqiqədən sonra yuxarıdan tapşırıq gəldik ki, buraxın. Bunlarda böyük narahatçılıq var. Mitinqlər artıq Azərbaycanın regionlarına da keçməlidir. O məsələ müzakirə olunur, hazırlaşırıq. Yaxın müddətdə əksər rayonlarda, bölgələr üzrə mitinqlərə başlamaq olar. Bunlar baş verəcək. Artıq hazırlıq gedir. Son mitinqdə rayonlardan gələn maşınların qarşısını aldılar. Bakıya maşınlar buraxılmır. Ona görə də bu mitinqlər Azərbaycanın bütün bölgələrinə yayılmalıdır. Buna da hazırlıq gedir.
“Xalq qalxsa, hakimiyyət duruş gətirməyəcək”
– Parlament “Siyasi partiyalar haqqında” qanuna dəyişiklikləri qəbul etdi və nəticədə aparıcı müxalifət partiyaları maliyyələşmədən kənarda qaldı. Bu hansı siyasi nəticələr doğuracaq?
– Informasiya var idi ki, AXCP və Müsavata da maliyyə ayrılması müzakirə edilib. Ancaq son anda bundan imtina etdilər. Bu hakimiyyətin nəinki müxalifətə, Azərbaycan cəmiyyətinə olan münasibətinin göstəçricisidir. Azərbaycanda ən böyük müxalifət partiyaları maliyyələşdirilmirsə, bu hakimiyyətin qorxusunun, narahatçılığnın göstəricisidir. Azərbaycanın beynəlxalq birlik, Avropa Şurası qarşısında götürdüyü öhdəlik var. Bu məsələ yenidən qaldırılmalıdır.
– Bir çoxları ölkədəki indiki vəziyyəti 1991-ci illə müqayisə edir. Milli Azadlıq Hərəkatının iştirakçısı kimi Siz necə, belə oxşarlığı müzakirə edirsinizmi?
– 1991-ci il deməzdim. Bir az əvvələ getmək lazımdır. Indi dünyada baş verən prosesləri eynilə SSRI-nin dağılması ilə müqayisə edirəm, onun başqa bir variantı kimi baxıram. Bu artıq dünyada gedən prosesdir. Əvvəl müxalifət çalışırdı ki, insanlara ölkədə baş verən qanunsuzluqları, korrupsiyanı göstərsin. Artıq müxalifətin bunu deməsinə ehtiyac yoxdur. Hər gün insanlar özləri bunu müzakirə edir. Insanlar nəinki hakimiyyətin əməllərini müzakirə edir, artıq onlarda hakimiyyətə qarşı mübarizə var. O gün olmaz ki, AXCP sıralarına yeni üzvlər qəbul olunmasın. Son aksiyada YAP üzvləri var idi, onlar da müxalifət nümayəndələri ilə birgə “istefa”, “azadlıq” şüarları qışqırırdı. Bu artıq o deməkdir ki, cəmiyyətdə yeni bir cücərti var. Sadəcə insanların oyanışını düzgün yönəltmək lazımdır. Ictimai Palatanın yaranması Azərbaycan cəmiyyəti üçün çox uğurlu bir addımdır. Ictimai Palatanın yaranmasının 1989-cu ildə AXC-nin yaranmasına bənzədirəm. O dövrdə Azərbaycanın müstəqilliyi məsələsi bir qədər tərəddüdlü idi. Nə vaxt ki, güc yarandı, meydan doldu, onda Azərbaycanın SSRI-nin tərkibindən çıxması məsələsi qoyuldu. Bu gün də proseslər ona doğru gedir. Bu, qaçılmazdır. Azərbaycan cəmiyyəti, müxalifəti də, hakimiyyəti də bunu başa düşür. Müxalifət istəyir ki, o məsələni zamanında qoysun, iqtidar isə o zamanı mümkün qədər yubatmağa çalışır. Bu insanların istəyidir, müxalifət onu başa düşür, qarşısına düşür irəli aparır. Artıq bir müddətdən sonra Ilham Əliyevin də istefası qoyulacaq.
Quba hadisələri də göstərdi ki, xalq qalxsa, hakimiyyətin ona duruş gətirməsi mümkün deyil.
“Oliqarxların bu hakimiyyəti saxlaması mümkün deyil”
– Ilham Əliyev son müşavirədə öz komandasını sakitləşdirməyə hesablanan mesajlar verdi. Bunun səbəbi nədir?
– Artıq hakimiyyətin daxilində bir neçə qrup yaranıb. Düşünmürəm ki, Ilham Əliyevin hər hansı naziri işdən çıxarmaq gücü olsun. Onlar hakimiyyət daxilində hansı proseslərin getdiyini bilirlər. Artıq hakimiyyətin daxilində də hakimiyyətdən narazı olanlar çoxdur. Oliqarxların bu hakimiyyəti saxlaması mümkün deyil. Ilham Əliyev də mesaj vermək istəyir ki, bu, belə deyil. Ancaq artıq özləri bu prosesin hara getdiyini bilir. Axırda hamımız görəcəyik ki, Azərbaycanda mitinqlər, xalq hərəkatı gücləndikcə, hakimiyyətin daxilində böyük qopmalar baş verəcək, hakimiyyət içindəki parçalanma daha da güclənəcək. Əliyevin çağırışları da bu parçalanmanın qarşısını ala bilməyəcək.
“Xalq hakimiyyətin oynadığı oyuna inanmır”
– Quba hadisələri və müxalifətin mitinqindən sonra icra hakimiyyəti başçılarının yerdəyişməsi başladı. Yəni, adamların narazı olduğu bir başçı başqa bir rayona göndərilir. Bunu necə qiymətləndirirsiniz, bu addım nəyə hesablanıb?
– Quba hadisələrindən sonra icra başçısını işdən çıxarıb başqa bir vəzifəyə təyin etdilər. Bu da məmurlara mesajdır ki, sizi heç vaxt işdən çıxarmarıq. Artıq özləri də bilirlər ki, icra başçıları heç bir rayonda nüfuza sahib deyil, xalqın onlardan narazılığı var. Ona görə də müəyyən yerdəyişmə ilə xalqın narazılığını müəyyən dərəcədə yatırmaq istəyirlər. Mitinqlərdən sonra bir neçə adam həbs ediblər. Bu da cəmiyyətə mesajdır ki, guya bunlar düz işləyir. Hakimiyyət oyun oynayır. Xalq isə bu oyna inanmır.
Fizzə Heydərli