Kolumbiya Xocalı soyqırımını tanıdı

Kolumbiya Senatında Azərbaycan ərazilərinin işğalı ilə bağlı qərar qəbul edilib. APA-nın məlumatına görə, Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev bildirib ki, qərar yekdilliklə qəbul olunub: “Həmin qərara əlavədə Azərbaycanına qarşı təcavüzkar siyasətin tarixi haqqında məlumat verilib, Azərbaycanın mövqeyi əks olunub, o cümlədən Azərbaycanın Dağlıq Qarabağ regionu və onun ətrafındakı digər 7 rayonun Ermənistan tərəfindən təcavüzə məruz qaldığı və indi qədər Ermənistan silahlı qüvvələri tərəfindən işğal altında saxlanması əks olunub. Qərarda, həmçinin 1 milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkünə çevrildiyi, Azərbaycan əhalisinə qarşı törədilən zorakılıq və onların insan hüquqlarının pozulduğu barədə məlumat verilib və bu, qətiyyətlə pislənilib. Bununla yanaşı önəmli bir fakt Xocalıda baş vermiş cinayətlərin soyqırımı adlandırılmasıdır. Bu o deməkdir ki, Latın Amerikasında Meksikadan sonra növbəti bir ölkə – Kolumbiya Xocalıda baş vermiş hadisələri soyqırımı kimi qiymətləndirib. Qərar Senata çıxmamışdan əvvəl Kolumbiyanın xarici işlər və müdafiə məsələləri üzrə ikinci komitəsində müzakirə edilib. 102 senatorun iştirakı ilə yekdilliklə qəbul olunan bu qərar Azərbaycan diplomatiyasının Xocalı soyqırımının dünya tərəfindən hüquqi siyasi qiymətin verilməsi istiqamətində növbəti uğurlu addımıdır. Biz bundan sonrada bu sahədə işləri davam etdirəcəyik. Bu istiqamət bizim üçün çox önəmlidir”.