Özündən küsmək günü

Bu yazını gözəl bir əhval-ruhiyyə altında yazıram. Dünən son illərin ən uğurlu aksiyalarından biri baş tutdu. 17 martda gənclərin başlatdığı hərəkat artan xətlə davam edir. Artım yalnız mitinqlərə qoşulanların sayı ilə bağlı deyil. Bu, heç mənə maraqlı da da deyil. Lap 3 adam gəlsə belə, bu, Əliyevçi rejimin oğru, talançı, sümürücü, saxtakar olduğu həqiqətini dəyişmir. Artan həm də insanların həvəsi, ümididir.
Mitinqlərin biri o birindən gözəl gəlir. Hər dəfə yeni enerji, yeni ruh yüksəkliyi, yeni üzlər, yeni şüarlar…
NIDA-çıların, Azad Gənclik üzvlərinin, cəbhəçi və müsavatçı gənclərin çılğınlığını, dinamizmini, onların elə mitinqin gedişindəcə coşan, cuşa gələn şüar yaradıcılığını görməyə dəyərdi. Onları soyuqqanlı izləmək, duyğulanmamaq, bəzən doluxsunmamaq, bəzən özünü saxlaya bilməyib alınlarından öpməmək mümkün deyildi.
Dünən bütünlüklə meydanda bir bayram ovqatı vardı. Hər kəsin üzündə bir fərəh, bir ümid, bir ehtiras… Mən, bax, bu üzlər üçün darıxmışdım! Mən dəyişikliyə, demokratiyanın bərqərar olacağına bu inam, bu ümid, bu həvəs, bu coşqu üçün darıxmışdım.
8 aprel mitinqi ilə bağlı səhərisi günü uzun illərin razılaşdırılmış mitinq pauzasının insanları meydana ögeyləşdirdiyini müşahidə etdiyimi yazmışdım. Amma onu da yazmışdım ki, bu da tədricən aradan qalxacaq, zamanla bu da düzələcək. Adamlar yenə də isinişəcək meydana, yenə bir-birləri ilə qaynayıb-qarışacaq, doğmalaşacaq, bir ailə kimi olacaqlar.
Dünənki aksiyada artıq bu da vardı. Hər addımda bir-birlərinin boynuna sarılanlar, bir-birləri ilə gülə-gülə qucaqlaşanlar… Bir-birlərini təbrik edənlər, bir-birlərinin doğmalarına salam göndərənlər. Sözlə deyiləsi deyil, gözlə görmək lazım idi.
Başa düşdüm ki, illər sıralarımızı bəlkə də seyrəldib, kimlərisə aramızdan qoparıb, aparıb, amma zaman azadlıq yanğımızı zərrəcə azaltmayıb, söndürməyib, söndürə bilməyib. Əksinə, bu yanğı yenidən alovlanmaq, daha gur yanmaq üçün bir qığılcıma bənddir.
Bax budur, doğru yolda yürüməyin hikməti! Doğrular uğruna, ədalət uğruna, bəşəri dəyərlər uğruna savaşmağın üstünlüyü budur! Həqiqətin gücü budur! Azadlığın gücü budur!
Dünən o gücü bir daha gördük.
O güc hər gün bir az da güclənəcək.
Üzünə dünənki mitinqin havası dəyən adamları siz heç nəylə durdura bilməzsiniz artıq – nə onları qorxutmaqla, nə yolları qazmaqla, nə avtobusları marşrut xəttindən çıxarmaqla. Heç nə ilə durdura bilməzsiniz bizi artıq!
Gözəl bir gün idi dünən.
Gözəl bir mitinq idi.
Mitinqdən də çox bir şölən idi, bir bayram idi.
Gələnlər gəldi, gördü, yaşadı, hər birinin gözü-könlü doydu.  
Gəlməyənlər özündən küssün.

Oxuculara çağırış

Küsmək demişkən…
Bu günlərdə ilk şeir kitabımı çap etdirdim: “Almadan küsən”.
O kitaba Mirzə Cəlilin “Qələmini qır, amma sındırma” sözlərini epiqraf seçdim. Kitabdakı şeirlərlə bağlı heç bir xüsusi iddiam yoxdur, bu şeirlər barədə danışmaq mənə düşməz. Amma onları, Mirzə Cəlilin təbirincə desəm, heç vaxt sınmayacaq, yalana, yaltaqlığa bulaşmayacaq bir qələmin yazdığına təminat verirəm.
Mənim əlimdən çox təəssüf ki, yazmaqdan başqa bir iş gəlmir. Qələmi heç vaxt yalnız çörək ağacı hesab etməmişəm, amma onun mənim üçün həm də çörək ağacı olduğunu söyləməkdən də utanmıram.
Və ilk dəfə bu köşədən oxucularıma şəxsi bir çağırışım, onlardan şəxsi bir istəyim var.
Əslində bu istək, bu çağırış bəlkə o qədər şəxsi də deyil. Bir az ümumi işimizlə də bağlıdır bəlkə.
Sözü çox uzatmaq istəmirəm: sizi kitabımın alıcısı və oxucusu olmağa çağırıram. Satılan hər bir kitabın bugünkü Azərbaycan reallığında o kitab müəllifi üçün həm maddi, həm mənəvi olaraq nə anlam, nə məna verdiyini ifadə etməkdə sözlər acizdir. Hakimiyyətin bütün mayanı idmana və şou-biznesə qoyduğu, xalqı kitabsızlaşdırmağa çalışdığı,  ədəbiyyatla, sənətlə məşğul olanlara kütlənin “dəli”, “gic” kimi baxdığı, yalnız yalana züy tutanların, sarayın mərhəmətinə və səxavətinə sığınanların, ilhamını Şərdən, irticadan alanların önünün açıldığı bir ölkədə mən sizdən başqa heç kimə üz tuta bilməzdim.
Ürəyindən keçənlər, arzulayanlar “Almadan küsən” kitabını Bakıdakı “Akademiya” kitab dükanından və “Əli və Nino” kitab mağazasından, “Elmlər Akademiyası” metrosunun girişindəki kitab köşkündən əldə edə bilərlər.