20-ci yüzilin başlanğıc çağlarında Azərbaycan türkcəsi mollaxana yetənəyindən ərəb-fars sözləriylə dolu idi. Bizim Demokratik Respublika parlamenti onda belə adlanırdı: Məclisi-məbusan (elçi-vəkil-deputat yığıncağı-məclisi). M.Əmin parlamenti gerçəkdən millət vəkillərindən formalaşdırmışdı. Əliyevlər dönəmində bütünlüklə başqa cür oldu: Məclisi-məbusan yerinə, Məclisi-məhbusan formalaşdırıldı. Bir çox görsənişlərdən bəlli olduğu kimi, yalnız indiki “milli” Məclis deyil, bütün Azərbaycan Məclisi-məhbusandır. Bu Məclisi-məhbusanın indiki başçısı da hamıya bəllidir: Ilham Əliyev.
“Icazəli” adlandırılan, “Avroviziya” ilə bağlı çıxılmazlıqdan yol verilən 8 aprel mitinqinə gizlincə necə qadağalar qoyulduğu işin içində olanlara yaxşı bəllidir. Demokratik dünyanı ələ almaq üçün “icazəli” adlandırılan mitinqə hər cür əngəl törətmək üçün DIN-ə, MTN-ə gizli göstəriş verilmişdi: mitinqə gəlmək istəyənlərə bütün ölkə boyunca əngəllər törədilməlidir! Sözsüz, bu, Məclisi-məhbusanın göstərişi idi. Bütün bunların üstündən o, xalqın gözünün içinə dimdik belə söyləyir: “Bizdə demokratiya, söz azadlığı, vicdan azadlığı və sərbəst toplaşmaq azadlığı var”. Bax, bütün bunlara görə bizdə gerçəyi yazan, xalqa gerçəyi çatdıran jurnalistləri öldürür, tutuqlayır, gərəyincə döyürlər. Bugünlərdə Idrak Abbasovu beləcə döyüb həkim gözətiminə göndərdilər.
Olay Sulutəpədə baş verib. Ilham Əliyevin Rövnəq Abdullayevə tapşırdığı Dövlət Neft Şirkəti “neft hasilatının aşağı düşməsi üzündən” neft iyi gələn hər yerə qoşun çəkib, “qanunsuz tikilən” evləri uçurur. Əliyevlər dönəminin hansısa dövlət orqanları yer satıb, adamlar da olan-olmazlarını verməklə yer alıb, ev tikiblər. Beş-on il qabaq tikilmiş bu evlər nəyə görəsə neftbaşıların gözünə indi görünməyə başlayıb. DNŞ basın toplantısı keçirərək aprelin 18-də baş verənlərə, I.Abbasov başda olmaqla bir sıra adamların döyülməsi faktına aydınlıq gətirməyə çalışıb. “Neft hasilatı aşağı düşdüyünə görə” onlar Sulutəpədəki evləri BULDOZER qabağına vermək qərarına gəliblər. Evlərini qorumağa qalxan adamlar onları əllərində daşla qarşılayıblar. Xalqın qudurmuşluğuna baxın, onların ayaqları altında qurban kəsmək, onları gül-çiçəklə qarşılamaq yerinə, daşla qarşılayıblar. Özünüz deyin, bu sayaq məclisi-məhbusan olarmı?! Bu, bir DUSTAQ xalq görsənişi deyil, ÖZGÜR XALQ görsənişidir.
“Neft hasilatının aşağı düşməsinə” gəlincə, burası doğrudan da belədir. Əliyevlər qaza, suya, elektrik enerjisinə sayğac qoyub bu xalqı kontrol altında tutsa da, xalq ölkənin yeraltı-yerüstü var-yatırına təkbaşına yiyələnərək onu yağıcasına mənimsəyən Əliyevlər üzərinə kontrol qoya bilməyib. Son 19 ildəki yağıcasına sümürgənlik “hasilatın” tezliklə azalmasına gətirib çıxarıb. Bu biri yandan da bir çox bəlli güclərin yalan-gerçək demokratiya adına sıxma-boğmaları daha kəskin xarakter alıb. Nə etməli? Nə yolla olur-olsun “hasilatı” artırmalı! Xalqın kontrolundan uzaq neft-qaz axınları, 12-yədək oğurluq yataq, başqa çoxsaylı gəlir qaynaqları – bütün bunlar azlıq etdiyi üçün torpağından neft iyi gələn evləri uçurmaq gərəyi yaranır.
Üstəlik, R.Abdullayev DNŞ adına 1,5 milyard dollarlıq bina, haralardasa 40 milyon dollarlıq stadion tikməli, başqa bir çox yerlərə milyonlarla dollar pul ötürməli, bu ilin sentyabr-oktyabr aylarındasa milyonlardan keçməklə Madonnanı, Cenifer Lopesi, Şakiranı, Rihannanı Bakıya gətirməlidir. Bilirsiz onlar necə gözəldilər! Onların bircə süzgün baxışları üçün əlli Binəqədidən (orda da evlər uçurulub), yüz Sulutəpədən keçmək olar. Indilik ortada başlıca bir sorun var: görəsən, bizim dildə normal bir cümlə qurub danışa bilməyən R.Abdullayev milyonlarla pul töküb gətirəcəyi o gözəllərlə hansı dildə danışacaq?!

Xalqı əzmək, xalqı tapdamaq, xalqa tüpürmək… hökuməti
•