Məhərrəm Əliyev niyə müavin ola bilmədi?

Sabiq polis rəisinin MTN-də yüksək vəzifə ala bilməməsinin səbəbləri

Milli Təhlükəsizlik Nazirliyində yeni təyinatla bağlı maraqlı məlumat almışıq. Söhbət MTN-nin Səbail rayon Idarəsinin rəisi Elçin Əliyevin milli təhlükəsizlik nazirinin müavini təyin olunmasından gedir. Bu xəbəri Müstəqil Informasiya Agentliyi yayıb. Məlumatda bildirilir ki, tutduğu posta uyğun olaraq, Elçin Əliyevə general-mayor rütbəsi verilib.
Elçin Əliyev milli təhlükəsizlik nazirinin sabiq müavini, hazırda Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Idarəsinin rəis müavini Əli Nağıyevin yerinə gətirilib. Əli Nağıyev bu vəzifədən çıxarılanda məlumat yayılmışdı ki, onun yerinə Bakı Şəhər Baş Polis Idarəsinin sabiq rəisi Məhərrəm Əliyev təyin ediləcək. Hətta iddia olunurdu ki, Məhərrəm Əliyev bir neçə dəfə milli təhlükəsizlik naziri Eldar Mahmudovla görüşüb.
Dünən əldə etdiyimiz məlumatlara görə, bu xəbərlər əsassız deyilmiş. Məhərrəm Əliyevin MTN-ə müavin gətirilməsi demək olar ki, həll olunubmuş. Və sabiq polis rəisi səbirsizliklə təyinatı gözləyirmiş. Lakin son anda Ilham Əliyevi inandırıblar ki, Məhərrəm Əliyevin MTN-ə müavin təyin olunması doğru addım deyil. Ölkə başçısına bildiriblər ki, Məhərrəm Əliyevlə daxili işlər naziri Ramil Usubovun münasibətləri pisdir. MTN-lə DIN arasında da intriqa var. Məhərrəm Əliyevin yeni təyinatı MTN-DIN qarşıdurmasını daha da dərinləşdirə və bu da bütövlükdə hakimiyyət üçün acı nəticələrə səbəb ola bilər. Məhz bundan sonra Məhərrəm Əliyevin nazir müavini təyin olunması məsələsi gündəmdən düşüb. Bəzi məlumatlara görə, Ilham Əliyevi bu arqumentlərlə fikrindən daşındıran Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev olub.

Informasiya şöbəsi