Sarkozi birinci turda əsas rəqibinə uduzdu; ilk turun sürpriz ismi Le Pen oldu
Aprelin 22-də Fransada prezident seçkisinin birinci turu Bakı vaxtı ilə saat 23:00-da başa çatıb və nəticələr açıqlanıb. Məlumata görə, birinci turun qalibi 28.5 faizlik səslə sosialistlərin namizədi Fransua Olland olub. Hazırkı prezident Nikolas Sarkozinin 25-27 faiz arasında səs toplaya bildiyi deyilir.
Seçkilərin ikinci turu mayın 6-da keçiriləcək. İkinci turda Ollandla Sarkozi mübarizə aparacaq. Bir sıra proqnozlara görə, Saarkozinin Ollanda məğlub olması labüddür. Ollandın birinci turda əldə etdiyi azacıq üstünlük də ikinci mərhələdə onun qalib gəlməsinə yetərli sayılır.
Lakin birinci turun başqa bir sürpriz ismi var ki, Fransanın növbəti prezidentinin kim olacağını əhəmiyyətli dərəcədə onun mövqeyindən asılıdır. Belə ki, Fransa sağlarının lideri Marin Le Pen gözlənilmədiyi halda 20 faiz səs toplayıb və ilk turun üçüncüsü olub. Fransa və bu ölkədəki seçkiləri izləyən bütün beynəlxalq media Olland və Sarkozidən daha çox bu qadının əldə etdiyi nəticədən danışır. Həm də ona görə ki, Ollandın da, Sarkozinin də qələbə şansı Le Penin tutacağı mövqedən asılıdır.
Le Pen isə nəticələr bilinəndən sonra keçirdiyi mətbuat konfransında Fransada “yeni, güclü bir sağ cərəyanın doğulduğunu” vurğulamaqla, ikinci turda kimi dəstəkləyəcəyini mayın 1-də açıqlayacağını bildirib.
Mayın 1-də Fransa sağları “Janna Dark günü” dedikləri bir bayram təşkil edirlər və gözlənilir ki, bu törəndə Le Pen tərəfdarları qarşısında çıxış edərək ikinci turda dəstək verdiyi namizədin adını açıqlayacaq.
azadliq.info